Sahil Kərimli: Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi Siyasət
Bu gün bütün dünya COVİD-19 pandemiyası ilə müharibə aparır, beynəlxalq aləm insanlıq üçün yaranan çox ciddi təhlükə qarşısında çıxılmaz durumdadır. Ermənistan isə koronavirus pandemiyasının cəngində lap aciz duruma düşüb. Lakin, hətta belə bir ağır dönəmdə düşmənin işğalçılıq siyasətindən əl çəkməməsi, Azərbaycan sərhədlərini kobudcasına pozmaq, yeni mövqelər əldə etmək cəhdləri həqiqətən də heyrət doğurur. Bu faşizm ənənələrinin bariz nümunəsdir.
Amma güclü və qüdrətli Azərbaycan dövləti həmişə olduğu kimi ayaqdadır. Ölkəmiz düşmənin istənilən təxribatına ən sərt adekvat cavab verməyə qadirdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki bölmələri Ermənistan Ordusunun hücumunun qarşısını xüsusi qəhrəmanlıqla alıb. Ordumuz hansı gücə sahib olduğunu döyüş meydanlarında bir daha göstərib. Düşmənin itkiləri qat-qat çoxdur. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti, döyüş qabiliyyəti qarşısında yenə duruş gətirə bilməyib. Qəhrəman əsgər və zabitlərimiz düşmənin təxribatına layiqli cavab verib. Azərbaycan Ordusu yenilməz və məğlubedilməzdir. Çünki, Ordumuz gücünü Xalqdan, qətiyyətli və güclü iradəyə malik Ali Baş Komandandan alır.
Məlumdur ki, son illər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazası tamamilə yenilənib, ordumuz ən müasir silah-sursat, son texnologiya hərbi avadanlıq və ləvazimatlarla təchiz edilib. Ölkə ərazisindəki əksər hərbi hissələr təmir edilib və ya yenidən qurulub, yeni hərbi hissələr tikilərək istifadəyə verilib. İndi hərbçilərimiz ən ucqar ərazilərdə, düşmənlə üzbəüz mövqelərdə ən yüksək şəraitlə təmin edilib. Eyni zamanda şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Bu gün Azərbaycan Ordusunun bütün şəxsi heyətdə böyük ruh yüksəkliyi, qəhrəmanlıq əzmi, döyüş əhval-ruhiyyəsi müşahidə olunur. Ordumuz Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır. Necə ki, düşmənin son təxribatı zamanı Silahlı Qüvvələrimiz Ali Baş Komandanın döyüş əmrini şərəflə və qəhrəmancasına yerinə yetirib.
Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Həmçinin Silahlı Qqüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Belə bir qüdrətli Ordunun qarşısında əlbəttə ki, gücsüz və taqətsiz Ermənistan Ordusu duruş gətirə bilməz. Prezident İlham Əliyev bütün çıxışlarında düşmənə xəbərdarlıq edir, atəşkəs pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə Ordumuzun buna ən ağır şəkildə cavab verəcəyi barədə bəyanatlar səsləndirir. Budur, bu da düşmənə növbəti layiqli cavab, döyüş meydanında daha bir dərs.
Ali Baş Komandan bir neçə gün əvvəl bütün dünyaya, o cümlədən işğalçı Ermənistana qətiyyətli mesaj vermişdi: "Heç kim Aprel döyüşlərini unutmasın!". Azərbaycan Ordusu Aprel döyüşlərində olduğu kimi bu dəfə də düşməni darmadağın etməklə Ermənistana göz dağı verdi. Görünən odur ki, Ermənistan işğalçılıq və faşizm siyasətindən əl çəkməyəcəyi halda, hələ çox belə məğlubiyyətlər yaşayacaq, saysız-hesabsız itkilər verəcək.
Sahil Kərimli, Trend BİA-nın baş redaktor müavini