Yeni Zelandiya saytı: Ermənistanın hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır Siyasət

Yeni Zelandiya saytı: Ermənistanın hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır

Yeni Zelandiyanın “foreignaffers.co.nz” saytı Ermənistan silahlı qüvvələrinin Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin qarşısı alınıb. Ermənistan tərəfinin hər hansı ərazi əldə etmək cəhdi uğursuzluqla nəticələnib.
Məqalədə iki qonşu dövlət arasında artıq uzun illərdir ki, davam edən Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı bəhs olunub.
Xatırladılıb ki, tərəflər arasında son ciddi qarşıdurma 2016-cı ilin aprelində baş verib.
Məqalədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 13-də ermənilərin atəşkəs rejimini növbəti dəfə pozaraq, son 24 saat ərzində 70 dəfə iriçaplı pulemyotlardan istifadə etməsi barədə məlumatı da əksini tapıb.
Yazıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır” sözləri sitat kimi verilib.
Bununla yanaşı, H.Hacıyev qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda hücuma və təxribata başlayıb.