Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
14-15 iyulda Azərbaycan Ordusuna dəstək aksiyasından məkrli məqsədlər naminə istifadə cəhdləri müşahidə olundu ki, bu, tamamilə yolverilməzdir. Bu, özünü orduya dəstək prosesinə siyasi rəng qatmaq, aksiyanı nəzarətdən çıxararaq xaos yaratmaq cəhdlərində göstərdi. Trend-in məlumatına görə, bunu YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, əlbəttə, sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekavat cavab verildiyi zaman bir qrup şəxsin paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbulolunmazdır:
“Bu, həm dövlətimizin milli maraqlarına, həm ölkə Konstitusiyasına və qanunlara ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.
Şübhəsiz ki, 1990-cı illərin psixologiyasından qurtula bilməyən antimilli ünsürlərin dəstəklədiyi bu proseslərin hədəfi birmənalı olaraq Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır. Bütün bunlar isə Ermənistanın, ermənipərəst və anti-Azərbaycan dairələrin maraqlarına xidmət edir. Azərbaycan Xalq Cəbhəsi dövlətin deyil, düşmənin yanındadır
Radikal düşərgədə cəmləşmiş antimilli ünsürlər, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrinin də kütlənin içinə daxil olaraq insanları qanunsuz əməllərə sövq etməyə çalışmaları aşkardır. Onlar 1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirirlər. AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir.
Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını qurban vermişdilər. Bu gün isə həm adını “müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər. Onlar bilavasitə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə dövlətin deyil, düşmənin yanında olduqlarını nümayiş etdirirlər. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi kimi: “Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.
Bir sözlə, “beşinci kolon” bir daha Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməklə əsl simasını, kimlərə xidmət etdiyini ortaya qoydu. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.