Naqif Həmzəyev: Xalqımın Vətənini qorumağa hazır olan mətin gəncləri var Siyasət
Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı, Ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Son 5-6 gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, həmrəyliyin, eyni zamanda tarixin bütün dönəmlərində Vətəninə, el-obasına sədaətlə bağlı olan Azərbaycan gənclərinin mübarizliyinin,vətənpərvərliyinin daha bir nümunəsi oldu.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, biz bu günlərdə gəncimizin işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə çoxminli yürüşünün, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Gənclərimizin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlər başçısının çıxışından sonra düşmənə qarşı döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri də onların haqq-ədalət naminə döyüş əzminin bariz ifadəsi oldu.
Ölkənin ictimai həyatın bütün sferalarında fəaliyyəti, yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi Vətənin dar günündə də ön sıralarda yer aldı. Qürurverici haldır ki, Azərbaycanın düşmənin məkrli niyyətinə qarşı zəfər yürüşündə gənclərimiz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olduqlarını bir daha nümayiş etdirdilər. Belə ki, milli Ordumuz Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin təcavüzkar hücumuna qarşı rəşadətlə döyüşərkən. gənclərimiz sosial şəbəkələrdə dövlətimizə, ordumuza və xalqımıza qarşı çirkin hücuma keçən erməni təbliğat maşınına qarşı mübarizə apardı, Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırdılar. Azərbaycan cəmiyyətində hökm sürən vətənpərvərlik ruhunu sarsıtmaq, beynəlxalq ictimaiyyətin rəyini Ermənistanın təcavüzkar mahiyyətindən yayındırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan, məlumatlara, saxta xəbərlərə gənclərimiz tərəfindən sərt mövqe nümayiş etdirildi. Ermənilərin uydurma məlumatlarını dəqiq faktlarla ifşa edən gənclərimizin səyləri nəticəsində bir çox saxta məlumat və çağırışlar internet məkanından çıxarıldı.
Gənclərimizin nümunəvi davranışları işğalçı və təcavüzkar Ermənistan hökumətinə, sapı özümüzdən olan “balta”lara - Milli Məclisin binasında vandallıq törədənlərə, asayiş keşikçilərinə qarşı zor tətbiq edənlərə, gənclərin vətənpərvərlik hissləri ilə oyunbazlıq edənlərə tərs sillə oldu.
Ölkəmizin gəncləri ilə yanaşı YAP Gəncə şəhər təşkilatının gəncləri də daim Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını alan Ordumuzla bir olduqlarını, torpaqlarımızın hər qarışını qorumağa hazır olduqlarını nümayiş etdirdilər. Gənc YAP fəalları sosial şəbəkələrdə, xüsusilə “Facebook” və “Twitter”də həştəqlərindən istifadə etməklə ölkəmizin dövlət sərhədində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyaları dünya ictimiyyətinə çatdırdılar. Gəncə gəncləri də Azərbaycanın minlərlə vətənpərvər övladaları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları kimi həmrəylik nümayiş etdirib, Ali Baş Komandana müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə döyüşlərə qatılmalarını xahiş ediblər.
Qürurverici haldır ki, dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.