Sevil Mikayılova: Paşinyan başlatdığı etnik müharibəyə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir Siyasət

Sevil Mikayılova: Paşinyan başlatdığı etnik müharibəyə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir

Azərbaycanlılara qarşı etnik müharibə başlatmaqla Ermənistanın Baş naziri Nikol Paşinyan nasizm və terroru rəsmi olaraq dünyada yaymaq məqsədi daşıyır.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, 12 iyul Tovuz hadisələrindən sonra dünya birliyinin diqqətini işğalçı Ermənistanın təxribatına və Cənubi Qafqazda yeni müharibə ocağının alovlandırılmasının yolverilməz olmasına yönəltmək istəyən dinc azərbaycanlı nümayişçilərə qarşı qanlı cavab aksiyalarının təşkilində Paşinyan birbaşa günahkardır: "İyulun 21 və 22-si erməni icmasının çoxsaylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törədiblər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycanlılara qarşı hücumları təşkil edən erməni diasporasının üzvlərinin Yerevandan idarə olunması və sanksiyalaşdırılması birmənalıdır.

Qarşıdurmanın baş verdiyi ölkələrin hüquq-mühafizə orqanları artıq bir neçə təxribatçını saxlayıb. Ermənilərin barbar hücumları ilə bağı kifayət qədər videofaktlar var, lakin bu cür halların haradan və necə qaynaqlanmasına həmin ölkələrin müvafiq orqanları tərəfindən hüququ qiymətin verilməsi cox vacibdir. Düşünürəm ki, bu cür meyillərin qarşısının alınması üçün təşkilatçılar müəyyən olunmalı və qanun çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Yalnız rəsmi strukturların məsələyə müdaxiləsi təxribatların gələcəkdə ermənilərin planlaşdırdğı istiqamətdə inkişafını əngəlləyə bilər. Ermənilər üzərində dünyanı uzun illər təşviş içərisində saxlayan erməni terror təşkilatı olan “ASALA” yazılmış köynəklər geyinməklə, əslində, ölkələri terrorla mübarizədə öz ətrafında birləşdirib anti-terror koalisiyaya rəhbərlik edən ABŞ ərazisində yeni terror dalğasının olacağına açıq eyham vururlar".

S.Mikayılova qeyd edib ki, heç şübhəsiz, azərbaycanlılalara qarşı erməni təxribatları və anti-Azərbaycan aksiyalar vahid radikal mərkəz tərəfindən koordinasiyalı formada həyata keçirilir: "Bu gün dinc azərbaycanlı nümayişçilərə qarşı Avropanın mərkəzində göstərilən şiddət bu ölkələrin təhlükəsizliyinə qarşı yönəlib və ümumi sabitliyə ciddi təhdiddir.

Baş vermiş hadisələr bir daha göstərir ki, rəsmi Yerevan xarici ölkələrdə dinc azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb. Erməni özbaşınalığı artıq sərhədləri aşır və dünya əsl erməni millətçiliyi və radikalizminin real fəsadları ilə üz-üzədir. Radikalizm və millətçilik şüarları ilə dünya üzərində təhdid yaradan erməni təxtribatçılara qarşı bu gün dünya birliyi tərəfindən qəti mövqe sərgilənməlı, Paşinyan başlatdığı etnik müharibəyə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir".