“Ermənistanda demokratik azadlıqların tapdanmasını adi hala çevirir” Siyasət
Anar Məmmədov: “Paşinyan siyasi partiya rəhbərlərinin saxlanılmasına göstəriş verir, deputatlara qarşı hücumlar təşkil edir”
“Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, eyni zamanda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı qarşıdurma bir növ 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. Bunun səbəbi odur ki, müharibədəki məğlubiyyətdən sonra Paşinyan hakimiyyətinin istefasını tələb edən xalqa qarşı iqtidar repressiya siyasətini davam etdirdiyi təqdirdə etirazçılar da məqsədlərinə çatmayana qədər mitinqlərə son qoymayacaqlar”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Anar Məmmədov deyib. O, həmçinin əlavə edib ki, Azərbaycan qarşısında acı məğlubiyyətə uğrayan ölkənin baş naziri iqtidardan getməmək üçün diktatura rejimini hər gün daha da sərtləşdirir, demokratik azadlıqların tapdanmasını adi hala çevirir, fərqli düşünənləri ciddi şəkildə cəzalandırır, siyasi partiya rəhbərlərinin, siyasi fəalların saxlanılmasına göstəriş verir, deputatlara qarşı hücumlar təşkil edir: “Hətta Qarabağda döyüşən, ancaq varlığından xəbər olmayan əsgərlərin valideynləri etiraz səslərini ucaltdıqlarına görə polis zoraklığına məruz qalırlar. Bütün bunlarla bərabər, İrəvana gələn Qarabağ ermənilərinin məskunlaşma ilə bağlı yerli ermənilərlə ədavəti bir daha sübut edir ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq arzusunda olur, on minlərlə insan isə Ermənistan vətəndaşlığından imtina edir. Bunun başlıca səbəbi işğalçı ölkənin baş nazirinin indiyə kimi xalqını aldadıb, həqiqəti gizlətməsidir. Xalq ilk olaraq isə bunu tələb edir”. A. Məmmədov deyib ki, ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanın üzləşdiyi böhranın qarşıdakı müddət ərzində daha da dərinləşəcəyi istisna deyil: “Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi, eyni zamanda, miqrasiya prosesinin yeni vüsət alacağı ehtimalını sürətləndirir. Artıq bu bir faktdır ki, Paşinyanın hakimiyyətdə qalmaq istəyi mümkün olmayacaq. Əvvəlki dövrlərdə ölkədəki hakimiyyət komandaları iqtidarda qalmaq üçün daxili auditoriyaya Ermənistanı qalib ölkə kimi təqdim edirdilər. Necə deyərlər, xəstə təfəkkürü və işğal siyasətini bütün erməni cəmiyyətinə sırımışdılar. Amma bu siyasətin Ermənistanı iflic vəziyyətinə salması son illərdə özünü daha qabarıq büruzə verdi. Paşinyan da hakimiyyətə gəldikdən sonra əvvəlki iqtidarların siyasətini davam etdirdi. İndi bu amil aradan qalxıb. Amma istənilən halda ölkədə baş verənlər yeni toqquşmalar və vətəndaş qarşıdurması üçün münbit şərait yaradıb. Ermənistanda daha xaotik hadisələrin baş verəcəyi isə qaçılmazdır. Lakin əfsuslar olsun ki, Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin bu qeyri-demokratik kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir. Bütövlükdə isə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. İşğal siyasətinin qurbanı olan bu ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək”.