İsa Həbibbəyli: “Ermənilər kəndin adını Saqiyan kimi işlədib, adı erməniləşdiriblər” Siyasət

İsa Həbibbəyli: “Ermənilər kəndin adını Saqiyan kimi işlədib, adı erməniləşdiriblər”

“Şamaxı rayonun Saqiyan kəndinin adı saklarla bağlıdır. İkincisi, ərəblərdə sufilərlə bunu bağlamaq olar. Sufilərdə su paylamaq kimi adət var idi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, saqi sözü bizim üçün çox əhəmiyyətlidir: “Bizim bu adda dağımız var. Eyni zamanda Bico kəndində bu adda məzarlığımız var. Bu, türk sözüdür. Artsax sözünü biz özümüzünküləşdirə bilmədik, onu ermənilər istifadə edir. Saqiyan sözü isə bizə məxsusdur. Bu gün Salyan, Şilyan, Cülyan adında yaşayış məntəqələrimiz var. Bu gün Kürdəmirdə Şilyanda 9 minə qədər əhali yaşayır. Salyan sözünü götürək. Burada “yan” şəkilçi deyil. Yan almaq mənasındadır. Bu əraziyə ilk dəfə ermənilər Şah Abbasın dövründə köçürülüb. Mən Saqiyan kəndinin adının dəyişdirilməsinə etiraz edirəm. O bölgədən olan bütün insanlar bildirirlər ki, bu adın dəyişdirilməsinə qarşıdırlar. Hansı prinsiplərlə toponimlərin adını dəyişdiririk?! Zəhmət çəksin Toponomiya Komissiyası ermənilərin Qərbi Azərbaycanda dəyişdiyi yer adları ilə bağlı UNESCO qarşısında məsələ qaldırsın, bu məsələləri araşdırsın. Saqiyan kəndinin adını dəyişdirsək belə, biz bunu Saqiyurd edə bilərik. Yoxsa kəndin adını sözün kökündən uzaqlaşdırmaq nə deməkdir?”

Milli Məclisin Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli isə bildirib ki, Saqiyan kəndinin adı qədim sak tayfaları ilə bağlı deyil: “Bunu elm də təsdiq edir. Bu kəndin əslində adı alınma sözdür. Saqian - saqilərin yaşadığı yer deməkdir. Saqi isə şərab paylayan deməkdir. Ermənilər sonra bu adı erməniləşdirib, Saqiyan ediblər”.

Deputat bildirib ki, ümumiyyətlə, saqi Şərq dünyasında işlənən ümumi sözdür: “Onlarla başqa misallar da var. Saqi sözünün bu kəndlə, onun adı, adət-ənənəsi ilə heç bir bağlılığı deyil. Bu adın kəndə verilməsi də qədim deyil. Yəni, Şah Abbasın dövründə köçürülən ermənilərlə bağlı deyil. Əslində, Çar Rusiyası tərəfindən köçürülən ermənilər burada yaşayıb. Ermənilər bu kəndin adını Saqiyan kimi işlədib və adı erməniləşdiriblər. Kəndə yenidən ad verilərkən onun coğrafi xüsusiyyəti də nəzərə alınıb”.