Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib - Deputat Siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs ölkəmizin hərtərəfli güclənməsinə, bütün sahələrdə inkişafın dayanıqlığının və ardıcıllığının təmin olunmasına hesablanıb.
Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı demişdir ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
C.Osmanov qeyd edib ki, dövlətimizin başçısının verdiyi vədləri yerinə yetirməsi Azərbaycanın davamlı inkişafını təmin edib, eyni zamanda, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərindəki qələbəsini də şərtləndirib:
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib: “Azərbaycan dünyada böyük nüfuz qazanıb və dünya birliyinin etibarlı tərəfdaşına çevrilirb. Ölkəmizdə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan dayanıqlı və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib olub. Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu illər ərzində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir.
Eyni zamanda, son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir”.
C.Osmanov vurğulayıb ki, Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib:
“Zamanla obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib.
44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Düşmən də bu gücü praktik olaraq gördü. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi”.