Elmar Məmmədyarov: "Vasitəçilər 6 maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir"
"Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq".
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq: "Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir".
Elmar Məmmədyarovdan Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı da açıqlama verərək deyib ki, onların qaytarılması məsələsi ən yüksək səviyyədə Serj Sarkisyanın qarşısında qoyulub.
Nazir bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi həmsədrlərlə, eləcə də Avropa İttifaqı ilə keçirilən bütün müzakirələrdə qaldırılıb: "Onları girov saxlamağın heç bir məntiqi yoxdur".