Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam Dram Teatrının qalıqlarına baxıblar.
Qonaqlara mənfur düşmənin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ağdamda bir dənə də olsun salamat bina qalmayıb. Ağdam Dövlət Dram Teatrı da onlardan biridir.
Sonra qonaqlar Ağdamda Cümə məscidinə gəliblər. Məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Qeyd olunub ki, Azərbaycanda bir çox azsaylı xalqlar mehriban qonşuluq şəraitində, dinc-yanaşı yaşayırlar, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Kilsə və sinaqoqlar dövlət səviyyəsində təmir və bərpa olunur, dini etiqad azadlığına həssaslıqla yanaşılır. Ermənistan isə bunun əksinə olaraq, azərbaycanlıların dini inanc yerlərində, Qarabağdakı məscidlərimizdə, Ağdam Cümə məscidində mal-qara və donuz saxlayaraq müsəlman aləmini, İslam dinini təhqir edib.
Sonra qonaqlar Ağdam rayonunda I Şəhidlər xiyabanını ziyarət ediblər. Burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Səfər iştirakçıları Milli Qəhrəmanın da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.