Milli Məclisin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunub Siyasət

Milli Məclisin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, bu gün ölkəmiz elmi biliklərin, təcrübənin nəsildən nəslə ötürməyə əsas verən müasir təhsil sistemi şəbəkəsinə malikdir.

Komitə sədri ölkə Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 16 noyabr 2018-ci il tarixli sərəncamını xüsusi qeyd edərək bildirib ki, müzakirəyə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsi bilavasitə dövlət başçısı tərəfindən ali təhsilin qarşısında qoyulmuş məsələlərin dairəsini, rəqabət qabiliyyətli ali təhsil müəssisələrinin yaradılmasını, ölkədə gedən sürətli iqtisadi inkişafın kadr təminatının əsaslarını müəyyən edir.

Qeyd edilib ki, Azərbaycanda təhsilin inkişafına Heydər Əliyev Fondunun da böyük dəstəyi var. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” və digər proqramlar çərçivəsində bir çox layihələr həyata keçirilib.

Bəxtiyar Əliyev deyib ki, təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində, o cümlədən qəbul edilmiş dövlət proqramlarının hər birində ali təhsilin yeni normativ hüquqi bazasının yaradılmasının zəruriliyi bildirilir. Diqqətə çatdırılıb ki, ali təhsilin inkişafını, bu istiqamətdə islahatların sürətləndirilməsini təmin etmək üçün “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən 2019-cu ilin sentyabr ayında yaradılıb. İşçi qrupuna komitənin üzvləri, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndələri, rektorlar və təhsil ekspertləri daxildir. Ötən müddət ərzində işçi qrupun üzvləri məhsuldar işləyib, çox sayda müzakirələr aparıblar.

Bildirilib ki, cari ilin yanvar ayında Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun görüşü keçirilib. Tədbirdə, habelə təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak ediblər.

Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev öz çıxışında deyib ki, təqdim olunan qanun layihəsi Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır. Qeyd edilib ki, Azərbaycan təhsilinin öz ənənələri mövcuddur, 100 yaşlı ali təhsil müəssisəmiz var. Eyni zamanda, dünyada sürətli dəyişikliklər baş verir. Biz bu dəyişiklikləri Azərbaycan ali təhsilinə gətirmək istəyirik. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir.

Nazir bildirib ki, qanun layihəsinin böyük bir hissəsi ənənələrə söykənir, bir sıra müddəalar var ki, burada mütəxəssis rəyi, təhqiqatlar böyük önəm daşıyır, həmçinin qəbul prosesi, ixtisas seçimi ilə bağlı şəffaflığın təmin edilməsinə dair məqamlar da əhəmiyyətlidir.

Emin Əmrullayev öz çıxışında ali təhsilin əlçatanlığı, bu sahədə idarəetmə, təlim-tədris prosesi, habelə rus bölmələrində təhsilin qurulması, regionlarda təhsilin səviyyəsi və bir sıra digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən komitə sədrinin və işçi qrupu rəhbərinin müavini Musa Qasımlı, qrupun üzvləri - deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Etibar Əliyev, Eldar Quliyev, Şahin Seyidzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkilləri Müşfiq Məmmədov, Tamam Cəfərova qanun layihəsi barədə öz qeyd və təkliflərini söyləyiblər.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil naziri Emin Amrullayev çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər. Qeyd olunub ki, müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək. Layihə ilə bağlı QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr də nəzərdə tutulub. Qəbul ediləcək qanun ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

***

saat 10.33

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.

APA-nın məlumatına görə, iclasın gündəliyinə “Ali təhsil haqqında” qanunun İşçi qrup tərəfindən hazırlanmış layihəsi daxil edilib.

İclasda təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavinləri, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər ali təhsil ocaqlarının nümayəndələri iştirak edirlər.