Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi ilə Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal alındı - Politoloq Siyasət

Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi ilə Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal alındı - Politoloq

Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi nəticəsində BMT TŞ-də Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal alındı.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev reallaşdırdığı uğurlu xarici siyasət kursu çərçivəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə sıx əlaqələr quraraq aktiv diplomatik fəaliyyət həyata keçirir. Bu əlaqələrin son illərdə daha sıx qurulduğu təsisatlardan biri BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi institut hesab olan Qoşulmama Hərəkatıdır. Bütün dünya birliyinə məlumdur ki, sözügedən təsisatın bünövrəsində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır ki, bu amillərin də hər biri qlobal çağırışlara cavab verilməsi yolunda Azərbaycan cəmiyyəti və dövləti üçün prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir:

"Baxmayaraq ki, Azərbaycan 10 il öncə Qoşulmama Hərəkatının üzvünə çevrilmişdir, bu qısa zaman çərçivəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında irəli sürülən təşəbbüslərlə, dünya birliyinə və humanizm prinsiplərinə verdiyi töhfə ilə dövlətimiz 5 il öncə, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədr seçilmişdir. Baxmayaraq ki, Azərbaycanın bu 3 il ərzində reallaşdıracağı işlərlə bağlı yol xəritəsi artıq hazır idi, dünyanı anidən ağuşuna alan COVİD-19 pandemiyasının gətirdiyi çətinliklərlə fonunda da dövlətimiz üzərinə düşən işləri layiqincə icra edir, hətta yeni dövrün çağırışlarına uyğun olaraq yeni təşəbbüslər irəli sürür, beynəlxalq aləmin etibarlı, fəal və məsuliyyətli üzvü olduğunu hər zaman sübut edirdi. Bir tərəfdən ölkəmiz yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə yardımı etdisə, digər tərəfdən də peyvəndin varlı və kasıb ölkə kriteriyası çərçivəsində ədalətsiz bölünməsinə qarşı çıxır, ölkə başçımız dünya birliyi ilə həmrəylik nümayiş etdirərək, humanist mövqe ortaya qoyaraq beynəlxalq tribunalardan bu məsələni pisləyirdi. Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edib ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu baxımdan da, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlətimizin başçısı BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunun vacibliyini vurğuladı".

Politoloq qeyd edib ki, illər ərzində cənab Prezident İlham Əliyevin atdığı hər addımının təməlində Qarabağımızın azad olunması dururdu. Bu baxımdam da burada ən mühüm məsələ vaxtilə bir qrup şəxsin Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması məsələsini lazımsız hesab etməsinə baxmayaraq, sübut olundu ki, Prezidentimiz nə qədər uzaqgörən, eyni zamanda məhz Qarabağ zəfərinə fokuslanmış aktiv, uğurlu diplomatik fəaliyyət həyata keçirib. Məhz Azərbaycanın apardığı fəal diplomatiyanın rolu, Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi nəticəsində BMT TŞ-də Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal alındı. Bütün bu sadalanan amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədr olması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir.