Tiflisdə üçtərəfli görüş Siyasət

Tiflisdə üçtərəfli görüş

Zakir Həsənov: "Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir"

Aprelin 2-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra hər üç nazir jurnalistlər üçün mətbuat konfransı keçirib.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze görüşün səmərəli keçdiyini və aparılan danışıqların qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına xidmət edəcəyini bildirib: "Bizim görüşlərimiz yeni imkanlar açır, dostluq əlaqələrini möhkəmləndirir".
Canelidze qeyd edib ki, əməkdaşlığın yeni formatları planlaşdırılır: "Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu ilin trafiki maraqlı tədbirlərlə zəngindir. Bu, hərbi təhsil, üçtərəfli formatda keçirilən birgə təlimlər, eləcə də dinamik inkişaf edən müdafiə sahəsində əməkdaşlığın ayrı-ayrı sahələrinə aiddir. Buna görə də həmkarlarıma və dost dövlətlərin hakimiyyətinə təşəkkür etmək istəyirəm. Üçtərəfli əməkdaşlıq ölkələrin silahlı qüvvələrinin inkişafına yönəlib: "Regionda sülh və sabitlik ölkələrimizin davamlı və dinamik inkişafı üşün əsas şərtdir". Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçiriləcəyini söyləyib. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da üçtərəfli görüşü yüksək qiymətləndirib və böyük əhəmiyyət daşıdığını bəyan edib: "Bu gün keçirdiyimiz görüşdə çox mühüm və faydalı məsələlər müzakirə olundu. Silahlı qüvvələrin inkişafı məsələləri ilə bağlı çox mühüm mesajlar verildi. Bunlarla yanaşı, xüsusi olaraq qeyd edildi ki, həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından bu əməkdaşlıq çox vacibdir. Biz qarşılıqlı təhsil mübadiləsini də həyata keçirməyi planlaşdırmışıq".
Zakir Həsənov görüşdə regionda mövcud olan təhlükələr barədə də məlumat verdiyini vurğulayıb: "Qeyd etdim ki, Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir, bizim mədəni-tarixi abidələrimizi məhv edir. Biz bu vacib məsələləri diqqətdə saxlamalıyıq".