“Bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir” Siyasət

“Bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir”

“Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir”. Bunu energetika naziri Pərviz Şahbazov “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində qeyd edib.
Nazir qeyd edib ki, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır: "Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25%-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3- /gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir".
P.Şahbazov bildirib ki, zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir: "Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.
“Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir".