Prezident Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlini qoyub - YENİLƏNİB Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verdi. Bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərişıq” ASC tərəfindən Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına start verilib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Diqqətə çatdırıldı ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.
Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiyanın təməlini qoyub.
***
20 oktyabr, saat 17:43
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər.