Zeynal Məmmədli: "Jurnalist aldığı məvacibdən artıq məbləğdə cərimə olunmamalıdır"
Əflatun Amaşov: "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir"
Akif Aşırlı: "Ciddi jurnalistlər məsuliyyət hiss edəcəklər"
"Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır". Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, "biz heç bir vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədilə məhkəmələrə müraciət etmək hüququnu məhdudlaşdıra bilmərik. Dövlət nə qədər mətbuat orqanlarına dəstək versə də, əgər onlar vətəndaşların hüquqlarına hörmətlə, öz işlərinə məsuliyyətlə yanaşmasalar, özlərində təkzib vermək cəsarəti tapmayacaqlarsa, bu kimi problemlər olacaq". PA rəsmisinin sözlərinə görə, əgər "Diffamasiya haqqında" qanunu qəbul etmək niyyəti ortaya qoyulubsa, mətbuat mütləq şəkildə öz məsuliyyətini dərk etməli və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Əli Həsənov təəssüflə qeyd edir ki, Azərbaycan cəmiyyətində bəzən bu qanunun qəbul olunması təşəbbüsünün mahiyyətini anlamırlar: "Təəssüf ki, bəzən bu qanunun qəbulu təşəbbüsünü düzgün olmayan şəkildə izah edirlər. Xüsusilə də bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. "Diffamasiya haqqında" qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli, peşəsinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Elə təbliğat aparılmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir təhqir edə, şərəf və ləyaqətini alçalda bilər. Bu tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu, cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olarsa, bizim cəmiyyət üçün bir o qədər keçərli olacaq".
Əli Həsənovun sözlərinə görə, "Diffamasiya haqqında" qanunun qəbulu azad sözə geniş imkan yaratmaq məqsədi daşıyır: "Bəziləri Milli Məclisdə şərəf və ləyaqətin təhqirinə görə cəzanın ağırlaşdırılmasını mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Mətbuat, teleradio haqqında qanunlar var və jurnalistika ilə Jurnalistlərin Peşə Etikası Kodeksi var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, informasiya toplaya, yaya, təhlil edə bilər. "Diffamasiya haqqında" qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verirlər. Qanun ona görə qəbul olunur ki, bu insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmasın, məhkəmə qarşısına çıxmasın, onlarla bağlı inzibati tədbir görülsün".
Əli Həsənov bildirir ki, son zamanlar ayrı-ayrı media orqanlarında, xüsusilə də, reketlik istiqamətində bəzi halların müşahidə olunması, mətbuat orqanlarında ayrı-ayrı dövlət və qeyri-dövlət nümayəndələrinin təhqir olunması, onlarla bağlı müxtəlif informasiyaların yayılması, qəzetlərin sensasiya vasitəsilə öz tirajlarını çoxaltmağa çalışması kimi meyllər onu göstərir ki, "Diffamasiya haqqında" qanun qəbul olunsa belə, Azərbaycan jurnalistləri müəyyən problemlərlə rastlaşacaq və uzun müddət məhkəmələrdə çəkişəcəklər. O qeyd edib ki, hələ Azərbaycanda jurnalist peşəkarlığı aşağıdır, peşəkar jurnalistlər azlıq təşkil edir, mətbuat orqanlarında isə jurnalistikadan uzaq olan həddən artıq insan fəaliyyət göstərir.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirir ki, bu qanunun MM-də qəbulunun əleyhinədir: "Xüsusilə son zamanlar internet mediası meydana gəlib və jurnalistlər heç bir məsuliyyət daşımadan informasiyalar yazırlar. Bu qanun qəbul olunarsa tamamilə özbaşınalıq yaranacaq və buna görə də mən "Diffamasiya haqqında" qanunun qəbulunun əleyhinəyəm".
Milli Məclisin spikeri Oqtay Əsədov da öz çıxışlarında Azərbaycan mediasının adıçəkilən qanunun qəbuluna hazır olmadığını bildirir: "Avropanın 51 ölkəsindən 25-də "Diffamasiya haqqında" qanun qəbul olunmayıb. Bu gün müxalifət KİV-i təhqiredici xarakterli materiallar yazırlarsa, o zaman təsəvvür edin ki, "Diffamasiya haqqında" qanun qəbul olunduqda nə baş verəcək".
Tanınmış media eksperti Zeynal Məmmədli bu məsələ ilə bağlı fərqli düşünür. O hesab edir ki, "Diffamasiya haqqında" qanunun qəbulunda müəyyən əngəllər var: "Bu qanunun qəbulunun neçə ildir əngəllənməsinin səbəbi ictimaiyyətin yox, vəzifəli şəxslərin buna hazır olmamasıdır. Çünki məhkəmə çəkişmələrinə səbəb olan yazılar daha çox məmurlarla bağlı olur. Qanun layihəsində Cinayət Məcəlləsində təhqirlə bağlı maddənin ləğv edilməsi öz əksini tapıb və jurnalistin həbsxana ilə cəzalandırılmaması nəzərdə tutulub. Təbii ki, əgər jurnalistin günahı varsa, bu əmələ adekvat olaraq, jurnalist etik davranış kodeksinə əməl etmədiyinə görə cəzalanmalıdır. Bununla bağlı redaksiya daxili inzibati cəzalar tətbiq olunur. Həmçinin ağlabatan məbləğdə cərimələnir. Tutalım jurnalist 95 manat məvacib alır və bu halda o 95 manat 50 qəpik cərimə olunmamalıdır".
Əminəm ki, "Diffamasiya haqqında" qanun qəbul edildikdən sonra elə bir ciddi problemlərlə qarşılaşmayacağıq". Bu fikirləri isə Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirir: "Bəziləri senzuranın aradan götürülməsinin də bir sıra problemlər yaradacağını düşünürdülər. 1998-ci ilə qədər belə bir fikir söyləyirdilər ki, senzuranın ləğvi müəyyən problemlər yaradacaq. Amma həmin ildən KİV üzərindən senzura götürüldü və heç bir problemlə qarşılaşmadıq. Qanuna əsasən, jurnalist cinayətə cəlb olunmayacaq. Bununla bağlı maddələr Cinayət Məcəlləsindən çıxarılacaq. Bu məsələ mülki müstəvidə həll ediləcək. Ola bilsin ki, cərimələr olsun və bu da nizamlanacaq. "Diffamasiya haqqında" qanunun qəbul edilməsi nəinki Azərbaycan jurnalistləri, cəmiyyəti, həm də ölkənin beynəlxalq imici üçün də vacibdir".
Ombudsman Elmira Süleymanova da hesab edir ki, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbuluna böyük ehtiyac var: "Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə qanunun qəbulu labüddür. Bu qanunun qəbulundan sonra ölkədə jurnalistlər şərəf və ləyaqətin təhqirinə görə, cinayət işinin açılması deyil, müəyyən cərimələr tətbiq oluna bilər".
Ombudsman qeyd edir ki, "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarıdır: "Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət, eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəmləşdirən hər bir dövlətin ümdə vəzifələrindən sayılır".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının fikrincə, "Diffamasiya haqqında" qanunun qəbul olunmasının yubadılmasının əsas səbəblərindən biri də odur ki, hakimiyyətdə jurnalistlərin, ümumiyyətlə jurnalistika sisteminin bu qanunun qəbuluna hazır olmadığını düşünürlər: "Bu qanun qəbul olunduğu təqdirdə, artıq böhtanlar, insanların şəxsi həyatına müdaxilələr arta bilər. Bu isə cəmiyyətdə neqativ hallara gətirib çıxaracaq".
Akif Aşırlı qanunun qəbulunun Azərbaycanda jurnalistikanın inkişafına kömək edəcəyini söyləyir: "Bu qanun öz-özlüyündə peşəkarlar üçün özünüsenzura mühiti yaradan bir qanundur. Yəni informasiyanın dəqiqləşdirilməsi, etik ölçülərin gözlənilməsi və digər qaydalara əməl olunması ilə əlaqəli ciddi jurnalistlər məsuliyyət hiss edəcəklər".
Akif Aşırlı reket jurnalistlərə görə bu qanun layihəsinin qəbul edilməməsini düzgün hesab etmir: "Reket mətbuatını nəzərə alıb qanunun qəbulunu gecikdirmək düzgün deyil". Baş redaktor "Diffamasiya haqqında" qanunun qəbul edilməsini Azərbaycanın beynəlxalq imici üçün vacib olduğunu qeyd edir. "Bu baxımdan söz və mətbuat azadlığı ilə bağlı hesabatlarda Azərbaycanın sonuncu sıralarda yerləşməsinin səbəblərindən biri kimi "Diffamasiya haqqında" qanunun qəbul olunmamasını göstərirlər". Akif Aşırlının sözlərinə görə, rəsmilər də müəyyən mənada açıqlama veriblər ki, onlar bu qanunun qəbuluna hazırdırlar: "Sadəcə şərait yetişməyib. Düşünürəm ki, burada mühafizəkarlıq etməyə lüzum yoxdur. Bu qanun qəbul olunsa daha yaxşı olardı".
Qeyd edək ki, xarici təcrübədə, məsələn, ABŞ-da nüfuz hüququ konstitusiya ilə qorunsa da, diffamasiya ilə bağlı məhkəmə işlərində iddiaçıya üstünlük verilmir. İsveçdə mətbuat azadlığı haqqında qanun diffamasiyanı qadağan edir. Avstraliya, Kanada, Norveç, Niderlandda uzun müddətli mülki məsuliyyət tətbiq olunur. Avstriya və Almaniyada təhqiredici rəylərə ictimai maraq varsa, bəraət verilir. İngiltərədə böhtan cinayəti son illər tətbiq olunmasa da ümumi hüququn bir hissəsidir. Türkiyədə jurnalistlər xüsusi məhkəmələrdə mühakimə edilir.
Azərbaycanda isə böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması hələ də müzakirə obyektidir. Media Hüququ İnstitutu 2006-cı ildən bəri Milli Məclisə diffamasiya ilə bağlı üç qanun layihəsi verib. Daha sonra 2009-cu ildə Demokratik Jurnalistlər Liqası, Azərbaycan Jurnalistlər Birliyi, Jurnalist və İnkişaf Mərkəzi, Nəcəf Nəcəfov Fondu, Azərbaycan Media Mərkəzi və "Yeni Nəsil" jurnalistlər birliyi yeni qanun layihəsi hazırlayıb. Diffamasiya ilə bağlı son qanun layihəsini Mətbuat Şurası 2011-ci ildə Milli Məclisə təqdim edib.
Ülviyyə Tahirqızı