“Müasir Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib” Layihə

“Müasir Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib”

Könül Quliyeva: “Dövlət gənclərin ictimai fəallığının təmin edilməsi üçün geniş imkanlar yaradıb”

Müasir dövrdə Azərbaycan dövləti gənc nəslin ictimai fəallığının artırılmasına, orta, orta-ixtisas və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılmasına, onların elmi və yaradıcılıq potensialının ölkəmizin sosial-iqtisadi inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsinə xüsusi diqqətlə yanaşır.

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Könül Quliyeva bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsi olan gənclər siyasəti nəticəsində təhsilalanlar ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar: “Dövlətin gənclərin ictimai fəallığının təmin edilməsi üçün yaratdığı geniş imkanlar nəticəsində müasir Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Lakin gənc nəslin nümayəndələri, xüsusilə də ali məktəblərdə təhsil alanlar ölkənin ictimai həyatında baş edən hadisələrlə KİV (ilk növbədə televiziya) və sosial şəbəkələr vasitəsilə tanış olurlar. Gənclərin təhsil aldıqları dövrdə dövlətin ictimai-siyasi və sosial-mədəni həyatında mühüm rol oynayan tanınmış ictimai xadimlərlə canlı ünsiyyəti ya ümumiyyətlə baş tutmur, ya da çox nadir hallarda gerçəkləşir. Bu cür görüşlərin isə gənclərin fəal həyat mövqeyinin formalaşmasında və ictimai fəallığının yüksəldilməsində əhəmiyyəti danılmazdır. Nəzərinizə çatdırım ki, təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin yaradıcılıq potensialının ölkəmizin inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsinə xüsusi önəm verilir”.

K.Quliyeva “məhz bunu nəzərə alaraq təşkilat olaraq “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsini həyata keçiririk”,- deyə əlavə edib: “Layihənin başlıca ideyası müxtəlif ixtisaslara yiyələnməklə fərqli maraq dairəsinə sahib olan ali məktəb tələbələrinin müvafiq sahədə xidmətləri olan ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı ünsiyyətini təşkil etməklə onların ictimai fəallığının yüksəldilməsinə dəstək göstərməkdir. Layihə iki bölmədən ibarətdir:

Təhsilalanların Azərbaycan Respublikası Milli Məclisinin müxtəlif komissiyalarında təmsil olunan üzvləri ilə canlı görüşlərini nəzərdə tutan “Millət vəkili ilə dialoq” bölməsi.

İnternet televiziyasında tanınmış ictimai xadimlərin qonaq qismində, təhsilalanların isə aparıcı qismində iştirakını nəzərdə tutan televiziya verilişinin hazırlanması ilə bağlı “Nəsillərin dialoqu” bölməsi.

İlkin mərhələdə paytaxtda yerləşən 5 ali məktəbdə (Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti) təhsil alan 20 tələbə (hər ali məktəbdən 2 qız və 2 oğlan tələbə olmaqla) müəyyən edilib.

Növbəti mərhələdə layihə heyətinin seçilmiş tələbələrlə tanışlıq görüşü keçirilir, iştirakçılara layihənin məqsədi və vəzifələri, layihənin hər iki bölməsində fəaliyyətin forma və məzmunu, iştirak şərtləri barədə ətraflı məlumat verilir. Tələbələr layihə heyətinin rəyi və şəxsi istəkləri nəzərə alınmaqla iki qrupa bölünürlər. Layihənin rəhbəri “Millət vəkili ilə dialoq” bölməsində iştirak etmək üçün seçilmiş gənclərin (hər ali məktəbdən 1 qız və 1 oğlan tələbə olmaqla 10 nəfər), İnternet televiziyasının əməkdaşı “Nəsillərin dialoqu” bölməsində iştirak edəcək tələbələrin (hər ali məktəbdən 1 qız və 1 oğlan tələbə olmaqla 10 nəfər) hazırlığını təmin etmək məqsədilə “Məsləhət saatları” (hər gün akademik qoşa saat olmaqla iki gün ərzində) keçirirlər. Hazırlıq məşğələlərində layihə iştirakçıları olan gənclər layihə icraçıları ilə birgə hər iki bölmədə keçiriləcək görüşlərin mövzularını müəyyənləşdirir, millət vəkillərinə və ictimai xadimlərə ünvanlanacaq sualları tərtib edir, parlament müxbirləri və veriliş aparıcıları qarşısında qoyulan tələblərlə tanış olur, ünsiyyətdə olacaq şəxslər barədə ətraflı məlumat əldə edirlər”.

Layihənin may ayının sonlarında başa çatacağını deyən təşkilat rəhbəri əlavə edib ki, bundan sonra təhsilalanların ictimai fəallığının dəstəklənməsinə hədəflənmiş “Nəsillərin dialoqu” verilişinin İnternet televiziyasında rəhbərliklə razılaşdırılmış qaydada davamlı olaraq fəaliyyət göstərməsi nəzərdə tutulur: “Layihənin icrasının son mərhələsində hər iki bölmədə foto və video-çəkilişlərdən ibarət yekun video-çarx hazırlanaraq sosial media vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq və sosial şəbəkələrdə yayımlanacaq”.

K.Quliyeva həmçinin “biz çalışırıq ki, bu layihə vasitəsilə ali məktəblərdə təhsil alan gənclər arasında ictimai fəallığın təmin olunmasına dəstək verilməsini həyata keçirək”,- deyə vurğulayıb: “Ölkənin 5 ali məktəbində (Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti) təhsil alan 20 tələbənin layihə iştirakçıları qismində müəyyən edilməsi artıq baş tutub. Layihə iştirakçısı qismində seçilmiş təhsilalanlarla tanışlıq görüşünün keçirilməsi, layihənin bölmələri çərçivəsində “Məsləhət saatları”nın təşkili, layihə çərçivəsində keçiriləcək görüşlərin və hazırlanacaq verilişlərin mövzularının müəyyən edilməsi, mövzu ətrafında sualların tərtib edilməsi, tələbələrin işgüzar görüş və efir mədəniyyəti məsələləri ilə bağlı təlimatlandırılması, razılaşdırılmış tarixlərdə gənclərin (hər dəfə 1 qız və 1 oğlan) Milli Məclisdə millət vəkilləri ilə görüşlərinin və ictimai xadimlərlə İnternet televiziyasında verilişlərinin təşkili, mövzu istiqamətində tövsiyə xarakterli flayerlərin hazırlanması və faydalananlara paylanması, layihə çərçivəsində keçirilən görüşlərdən və verilişlərdən foto-video çəkilişlərin, sorğuların aparılması, video-çarxın hazırlanması və “dəyirmi masa” ətrafında ictimaiyyətə təqdim edilməsi, layihə iştirakçılarının təhsil aldıqları ali məktəblərdə tələbə gənclərin, tələbə həmkarlar təşkilatları fəallarının və dekanlıq nümayəndələrinin iştirakı ilə yekun tədbirlərdə mövzu istiqamətində hazırlanmış flayer və video disklərin faydalananlara paylanması heab edirəm ki, önəmli və effektiv addımlardır. Düşünürəm ki, həyata keçirdiyimiz layihənin nəticəsi olaraq 20 nəfər təhsil alan gəncin ictimai fəallığı yüksələcək, bu gənclərlə gündəlik ünsiyyətdə olan 400-dən çox təhsilalanın ictimai fəallığında irəliləyiş olacaq, iştirakçı gənclər millət vəkilləri və tanınmış ictimai xadimlərin fikirlərindən və təcrübələrindən faydalanacaq, ictimai fəallığı gənc nəslə örnək olan şəxslər təhsilalanların ölkə həyatının müxtəlif sahələrinə aid problemlərə münasibəti ilə əyani şəkildə tanış olacaqlar.

Əli