“Şəhid ailələri və qazilərlə bağlı problemlərin həllinə fərqli baxış olmalıdır” Layihə

“Şəhid ailələri və qazilərlə bağlı problemlərin həllinə fərqli baxış olmalıdır”

Ceyhun Musaoğlu: “Bu istiqamətdə vətəndaş cəmiyyəti strukturlarının üzərinə də çox yük düşür”

Bu gün milli, vətənpərvərlik nümunələrinin təbliğinə ciddi ehtiyac duyulur. Bu sahədə zaman-zaman işlər görülsə də hələ də boşluqlar var və onların aradan qaldırılması son dərəcə vacibdir. Xüsusilə şəhid ailələri və qazilərlə bağlı təbliğat işlərinin daha ciddi aparılmasına, konseptual yanaşmaya, riyazi prizmadan dəyərləndirməyə böyük ehtiyac yaranıb. Bu sahədəki problemlərin tam fərqli baxışın sərgilənməsi böyük irəliləyiş olardı.

Bu istiqamətdə media ilə yanaşı vətəndaş cəmiyyətinin digər strukturlarının üzərinə də çox və ciddi yük düşür. Azərbaycanda vətəndaş cəmiyyətinin ən aktiv strukturlarından biri qeyri hökumət təşkilatlarıdır. QHT-lərin şəhid ailələri və qazilərlə bağlı effektiv layihələrin reallaşdırması vacib şərtdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin icra etdiyi “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi də bu anlamda ortaya təqdirəlayiq iş qoyub.

JEM sədri, Ceyhun Musaoğlu bizimlə söhbətində layihə çərçivəsində hazırladıqları verilişlərin mahiyyəti barədə danışıb. Bildirib ki, ərsəyə gətiriləcək səkkiz verilişin dördü artıq izləyicilərə təqdim olunub:

“Verilişlər Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır. İlk verilişin qonağı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif olunan qəhrəman şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənli olub. Şəhid atası çıxışında dövlətin bu qəbildən olan ailələrə qanunlar səviyyəsində göstərdiyi münasibətdən danışaraq razılığını bildirib. Onu da vurğulayıb ki, şəhid ailələrinin maddiyyatdan daha çox mənəvi dəstəyə ehtiyacları var. Nofəl Həsənli qeyd edib ki, gələcək nəsillərin milli vətənpərvər ruhda yaşamaları üçün vətənin qəhrəman övladları barəsində bədii filmlər çəkmək, romanlar yazmaq çox vacibdir, təəssüf ki bu istiqamətdə işlər zəif aparılır. Təbii ki, şəhid atasının dediyi fikirlər çox önəmlidir. Biz, bəzi hallarda şəhid ailələrinə qarşı yanaşmada səhvə yol veririk. Bu da dövlətin gördüyü işlrə kölgə salmış olur. Halbuki dövlət şəhid ailələri və qazilərlə bağlı çox ciddi və hərtərəfli addımlar atır”.

Layihə rəhbəri ikinci verilişdə Azərbaycan Qazilərinin Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi hissə komandiri, qazi Xudu Xudiyevin iştirak etdiyini deyib: “O, bizimlə söhbətində birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına dövlətin diqqət və qayğısının daha təsirli olması baxımından icraçı məmurlar, vətəndaş cəmiyyəti institutlarının məsuliyyətlə davranmaları mövzusuna diqqət çəkib. Bildirdi ki, şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması, mənəvi dəstəyin effektivliyinin artırılmasına görə, dövlətin ayırdığı maddi vəsaitləri təyinatı üzrə xərcləməyənlər neqativ fəaliyyətlərini daha da şaxələndirməklə məşğuldurlar və belə hərəkətlər dövlətin mübarək missiyasına kölgə salır. Göründüyü kimi önə çəkdiyimiz problemlər şəhid ailələrini narahat edən əsas məqamlardandır. Ona görə də, bu istiqamətdə reallaşdırdığımız layihə çərçivəsində həmsöhbətlərimizin sayı artdıqca, mənzərə daha detallı şəkildə bizim üçün aydın olur”.

Üçüncü verilişin qonağı "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan qəhrəman şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı olub.

Mehriban xanım fikirlərinə diqqət çəkən C.Musaoğlu deyib ki, şəhid anası övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi ünsiyyət qurmağın vacibliyindən söz açıb, işlərin təşkilində QHT-ləri könüllülük əsasında təşəbbüs göstərməyə, yerli məmurları belə təşəbbüsləri dəstəkləməyə çağırıb: “Bu çağırış son dərəcə vacibdir və bundan yola çıxaraq müxtəif tədbirlərin görülməsi effektiv nəicələrə gətirib çıxara bilər”.

Layihə rəhbərinin sözlərinə görə, dördüncü verilişin qonağı – Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak edən, “Xocavəndin azad olunması uğrunda” medalı ilə təltif olunan müharibə əlili Teymur Kərimli maraqlı təklif səsləndirib: “Şəhid ailələri və qazilərin ən etibarlı dayağının dövlət olduğunu nümunələrlə təsdiqləyən qazi dedi ki, bu gerçəyi həm özü, həm də döyüş yoldaşları, onların ailələri həyatlarında yaşayırlar. Teymur bəy işlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici yöndən dəstək göstərməyin xeyirli üsullarından biri kimi respublika üzrə vakant iş yerlərinin vahid platforma üzərindən təqdimatının qurulmasının vacibliyindən söz açıb. Deyib ki, belədə qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar, iş yerləri axtarıb tapmaq asanlaşar”.

Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi çərçivəsində verilişlərin çəkilişləri davam edir. C.Musağlu vurğalayıb ki, proses davamlı olduqca daha detallı faktlarla qarşılaşırlar, maraqlı təkliflər eşidirlər: “Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir. Hesab edirəm ki, layihə çərçivəsində rastlaşdığmız problemlərin həlli istiqamətində işlərin görülməsi zəruridir. Ona görə də layihənin icrasının sonunda bu məsələlərlə bağlı hesabat haırlayıb, əlaqədar qurumlara rəsmi olaraq təqdim edəcəyik”.

Əli