Gənc nəslin vətənpərvərlik tərbiyəsində 20 yanvar faciəsi Layihə
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir.
20 Yanvar təqvimdə adi gündür, xalqın tarixində xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir.
20 Yanvar hadisəsi toplumumuz, millətimiz və gənc dövlətimiz üçün çox böyük tarixi dərsdir. Bu da gizlin deyil ki, bu dərsin yaraları, ağrıları hələ sağalmayıb və istənilən zaman qanaya bilir. 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqımızın müstəqillik amalına, qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib.
Qeyd olunub ki, Azərbaycanın milli azadlıq mübarizəsinin rəmzi olan 20 Yanvar hadisələri xalqımızın yaddaşına əbədi həkk olunaraq tariximizin parlaq səhifəsinə çevrilib. Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrunda, zülmə-istibdada qarşı mübarizə aparıb. Təbii ki, bu da asan olmayıb, xalqın azadlıq uğrunda mücadiləsi, haqsızlığa qarşı etiraz səsinin qan içərisində boğulmasına cəhdlər edilib. Məhz XX əsrdə rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımıza qarşı azadlıq mübarizəsi boğuldu, bir neçə dəfə soyqırım və genosidlər törədildi. 20 yanvar 1990-cı ildə baş verənlər isə xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin, Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələri eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimoiv deyib ki, 20 Yanvar faciəsi Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu və eyni zamanda yeni tariximizə bir qürur, məğrurluq günü kimi daxil olub: “Bu gün biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla azərbaycançılıq ideologiyasına sadiq olduğumuzu, sülhsevərlik və humanist dəyərlərimizlə dünyaya töhfə verdiyimizi təsdiqləyirik. 20 Yanvar Azərbaycanda təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edilməlidir. Ümumilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.” Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir, onların əziz xatirəsini dərin ehtiramla yad edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq hər il bu faciə ilə bağlı anma mərasimləri dövlət səviyyəsində həyata keçirilir.
20 Yanvar faciəsi həm əbədiyaşar müstəqilliyimizin ilk addımları, həm də xalqımızın mübarizliyinin, məğrurluq və sarsılmazlığının simvolu kimi xatirələrdə əbədi yaşayacaqdır. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, onların ailələrinə dərin hüzünlə baş sağlığı veririk».
Onu da qeyd edək ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün, qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
QHT sədrinin sözlərinə görə, vaxt keçdikcə qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar, onların nəticələri olan ağır fəsadlar hələ dünyəvi qiymətini almasa da, mahiyyət pislənildi. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar faciəsi sovet rejiminin erməniliyə meylinin, erməniliyə görə antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli-azadlıq hərəkatının daha da yüksəlməsinə səbəb oldu və nəticə etibarilə Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını ala bilmədi. 70 il ərzində müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədən ayırmaq, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
F.Kərimov deyib ki, danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.
34 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixində 20 Yanvar faciəsi həm də mübarizlik, qəhrəmanlıq tarixi kimi xatırlanacaq.
İllər keçdikcə Qanlı Yanvar hadisəsinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə matəm tutur, yas saxlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi həm də sonsuz qürur hissi ilə anırıq. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, ordusuna, onun gücünə etibarını daha da möhkəmləndirdi. Torpaqlarımızın azadlığı uğrunda ölümə gedənlər ölməzliyə – əbədiyyətə, xalqımız isə azadlığa qovuşdu. Bu, bir tarixdir. Qanlı, amma şərəfli bir tarix!
Cavid