“COP-29 Azərbaycanın prestiji baxımından da çox önəmlidir” Layihə

“COP-29 Azərbaycanın prestiji baxımından da çox önəmlidir”

Turan Rzayev: “Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda iqlim məsələləri ilə bağlı mühüm təkliflər verib”

Alim Hüseynli: “Azərbaycan artıq beynəlxalq problemlərin müzakirə edildiyi məkana çevrilib”

Azərbaycan bu il daha bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) Azərbaycanda keçiriləcək. Kifayət qədər nüfuzlu olan belə bir tədbirin Bakıda keçirilməsi önəmli hadisədir. Azərbaycan tədbirə xüsusi diqqətlə hazırlaşır. Mütəxəssislər bununla bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

Politoloq Turan Rzayev bildirdi ki, 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan COP-29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ölkə tarixində keçirilən ən mötəbər mühüm və miqyas baxımından ən genişidir. Onun sözlərinə görə, konfransda 80 ilə 120 min iştirakçının ha belə medya nümayəndəsi elm xadimləri rəsmilərin iştirakı gözlənilir: “Azərbaycan bu günə qədər birdən çox beynəlxaq tədbirə ev sahibliyi edib. Hər bir beynəlxaq tədbirdə yüksək səviyyədə keçirilib. İnanıram ki, COP-29-da bundan öncəkilərdən çox daha yaxşı səviyyədə keçirləcək. Belə ki, COP-29-un 2024-cü ilin noyabrında keçiriləcək və əslində bu elə də uzun müddət deyil.

Tədbriə hazırlıq vaxtı çox qısadır və əslində rəsmi Bakı ciddi bir məsuliyyət altına girib. Lakin buna baxmayaraq Azərbaycan bundan öncədən beynəlxaq təbdirlər keçirdiyi üçün təcrübəyə malikdir. Elan edildiyi vaxtan qısa müddət keçməsinə baxmayaraq hazırlıqlar başlayıb, sürətli iş gedir”.

T.Rzayev əlavə etdi ki, COP-29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur: “2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub: “Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək naminə maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP-29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. Təsadüfi deyil ki, tədbriə bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökumət rəsmilərinin iştirakı gözlənilir.

Azərbaycan prezidenti İlham Əliyev COP-29-a xüsusi həssaslıqla yanaşır və ən yüksək səviyyədə keçrilməsi üçün prosesi birbaşa özü izləyir, vaxtaşırı məlumat alır. Bu tədbir Azərbaycanın prestiji baxımından da çox önəmlidir.

İstər qoşulmama hərəkatı, istərsə də digər beynəlxalq təşkilatlarda Azərbaycan iqlim məsələləri ilə bağlı mühüm təkliflər verib, bu istiqamətdə qətnamələrin qəbulunda öncül olub. Bu mənada COP-29 Bakının bu sahədə gördüyü işlərin ən yüksək səviyyəyə çatdırılması, habelə müvafiq təcrübənin digər ölkələrlə bölüşdürülməsi baxımından vacibdir.

Tədbirin bir digər mühüm tərəfi də ondan ibarətdir ki, digər ölkə rəsmiləri və ekspertləri kimi Ermənistandan nümayəndələrin işitrakı gözlənilir. Nəzər alsaq ki, COP-29-un Azərbaycanda keçirilməsi üçün Ermənistan da lehimizə səs verib, bu iki ölkə arasında sülhə və xalqlar arasında ədavətin səngiməsinə töhfə verə bilər”.

Hüquqşünas Alim Hüseynli isə diqqətə çatdırdı ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Onun fikrincə, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi bidbaşa Azərbaycanın beynəlxalq imicinin göstəricisidir: “Başqa sözlə Azərbaycan artıq beynəlxalq problemlərin müzakirə edildiyi məkana çevrilib. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forumdur”.

A.Hüseynli əlavə edib ki, dövlət başçısı sözügedən tədbirin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb: “Nəzərə almaq lazımdır ki, COP-29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir, qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək, Azərbaycana 10 minlərlə xarici qonaq gələcək. Buna baxmayaraq, Azərbaycanın istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməsi üçün kifayət qədər təcrübəsi var.

Bütün hallarda COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Belə ki, həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Buna görə, dövlət başçısının sərəncamı ilə Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər də genişləndirilib. TK-də gender balansı tam təmin olunub, bu isə Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətin göstəricisidir. Digər tərəfdən, COP-29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağını nəzərə alsaq, TK-da iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslərin də təmsil olunması müsbət addımdır”.

Əli