Azərbaycanda dinə dövlət qayğısı Layihə

Azərbaycanda dinə dövlət qayğısı

(əvvəli ötən sayımızda)

Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi və katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilib. Azərbaycan hökümətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını tam bərpa edib. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunub ki, bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. IV-V əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır. Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf edib. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri, xarici ölkələrin səfirləri və qonaqlar iştirak edib.
Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 18 məscid mövcud idi. Hazırda Azərbaycanda 1956 məscid, 748 ziyarətgah, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Eyni zamanda 2009-cu ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa edilən müvafiq dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 588 dini icma qeydiyyatdan keçmişdir. Onlardan 567-i islam, 21-i qeyri-islam qurumudur. Həmin icmalardan 12-i xristian, 6-ı yəhudi, 1-i krişna, 2-i bəhai icmasını təmsil edir.
Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda Dini durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Siyasi mübarizədə din amilindən bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər.
Bu məqsədi həyata keçirmək üçün yerli və xarici mətbuatın imkanlarından da geniş istifadə olunur. Hər hansı din və ya məzhəb haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş, qarşıdurma yarada biləcək məlumatlar yayılır. Eyni zamanda bir sıra hallarda həmin mətbu orqanlarda Azərbaycanda dindarlara qarşı zorakılığın göstərilməsi, hüquq və azadlıqlarının pozulması ilə bağlı qərəzli məlumatlar dərc olunur. Bir çox hallarda bu yazılar qeyri-peşəkar müəlliflər tərəfindən sifariş əsasında hazırlanır və daha çox dini sahədə yaranmış qarşılıqlı anlaşmanın, sabitliyin və dözümlülüyün pozulmasına xidmət edir.
Son illər bir sıra müsəlman dövlətlərində baş verən hadisələr dindən siyasi məqsədlər və qarşıdurma yaratmaq məqsədilə istifadənin ölkədə sabitliyin pozulması, vətəndaş müharibəsinin baş verməsi ilə nəticələndiyini göstərir. Hazırda xüsusilə islamdan siyasi məqsədlərlə istifadəyə cəhd edildiyi ölkələrdə vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr islamın siyasi proseslərə cəlb olunmasının, dindən qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq nümunədir.
Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün düzgün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə bir çox müsəlman ölkələrində baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini maarifləndirmənin zəif aparılması, dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələ bizi də ciddi surətdə düşündürməlidir.
Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı və sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. Dövlət dini maarifləndirmə prosesindən kənarda qalmamalı, bu prosesin aktiv iştirakçısı olmalı və dini maarifləndirmənin Azərbaycan dövlətçiliyi konsepsiyası çərçivəsində aparılmasına nail olmalıdır. Dini maarifləndirmənin xarici dairələrin vasitəsilə, təəssübkeşlik, dini dözümsüzlük ideyalarının təsiri altında aparılması ölkədə din sahəsində yaranmış sabitliyin, dini dözümlülüyün pozulmasına gətirib çıxara bilər. Eyni zamanda bu məsələdə bütün sağlam qüvvələr vahid mövqedən çıxış etməlidirlər.
Sonda qeyd olunanlara istinad edərək hazırda dövlətin ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verdiyi, dini etiqad azadlığı, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün şərait yaratdığı və onlara qayğı göstərdiyini qeyd etməliyik. Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri Qərbə inteqrasiya ilə bərabər mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc nəslə aşılanmasıdır.
Dövlət milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində böyük işlər görürüb. Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmalar da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkəmizin ictimai həyatında yaxından iştirak edirlər.
Bu gün müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur. MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqu, multikulturalizmi, sivilizasiyalararası əməkdaşlığı təcəssüm etdirir. Dini icma rəhbərləri və dindarlar bu müstəvidə qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirlər. Konfessiya rəhbərləri əmindirlər ki, hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim etdiyikləri Azərbaycanın tolerantlıq modeli bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir.
Onu da qeyd edək ki, Azərbaycan dövləti digər sahələr kimi, din və dövlət münasibətlərinə də xüsusi diqqətlə yanaşır. Din siyasətini pozitiv dünyəviçilik əsasında quran Azərbaycanın həyata keçirdiyi daxili siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib. Dövlətin bilavasitə qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlər məhz bu sahəyə olan diqqətin təzahürü olmaqla bərabər dövlətin din münasibətlərinin konstruktiv xarakter daşıdığını və bərabərlik prinsipinin üzərində qurulduğunu göstərir. İnkişaf etmiş cəmiyyətlərə xas olan tolerantlığın cəmiyyətimizin başlıca üstünlüklərindən olması qürurvericidir. Azərbaycanda dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Çünki bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında əhəmiyyətli rola sahibdir.
Fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovun fikrincə, dövlətimizin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsindədir. Həmçinin dövlətimiz cəmiyyətin mənəvi dəyəri olan dinə hörmətlə yanaşır. Dövlət içində din və vicdan azadlığı hakimdir və hər bir şəxs istədiyi dinə etiqad edə bilər. Eyni dini qəbul edənlər öz aralarında dini icmalar qura bilərlər. Dövlət, ictimai ədəb və əxlaq, hüquqi nizam və təhlükəsizlik baxımından problem yaratmadıqca heç bir dini qadağan etmədiyi kimi heç bir dinə qarşı xüsusi bir himayə də göstərə bilməz. Dövlətimiz dinlərə qarşı tamamilə qərəzsizdir. Unutmaq lazım deyil ki, dövlət cəmiyyətin siyasi üstqurum hadisəsi olaraq dinlərin fövqündə duran bir sistemdir. Konstitusiyamızda din və vicdan azadlığı, din-dövlət münasibətləri bu anlayış üzərində qurulub. Azərbaycanda dövlət iki qurumla vətəndaşların dini hüquqlarını təmin edir, bu sahədəki məsələləri tənzimləyir. Birincisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu qurum daha çox dövlətin din sahəsindəki rəsmi mövqeyini təmsil etməklə, dövlətin dinlə bağlı siyasətinin qurulmasına xidmət edir. Bu rəsmi dövlət qurumu din-dövlət münasibətlərini əsaəs üç amillə tənzimləyir - azərbaycançılıq, dünyəvilik və milli-mənəvi dəyərlər. Bu kontekstdə inkişaf etdirilən din-dövlət münasibətləri cəmiyyətimizin müsbət istiqamətdə inkişafına təkan verir. Dövlət-din münasibətlərini tənzimlənməsində ikinci qurum isə Qafqaz Müsəlmanları İdarəsidir. Qafqaz Müsəlmanları İdarəsi rəsmi dövlət qurumu olmasa da dövlət maraqlarına bağlı olaraq ölkədə dini həyatın inkişafında birbaşa təsiri olan bir qurum kimi böyük əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, Azərbaycanda din-dövlət münasibətləri demokratik dəyərlərlə nizama salınıb".

Cavid