“Azad Qarabağda yeni iş yerlərinin yaradılması insanların ora axınına təkan verəcək” Layihə

“Azad Qarabağda yeni iş yerlərinin yaradılması insanların ora axınına təkan verəcək”

Elman Cəfərli: “Qarabağda ekoturizmin inkişafına ciddi dəstək proqramları qəbul edilməlidir”

“Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri zamanı yaşıl texnologiyalardan istifadə yaxşı haldır. Biz orda çıxışımızda da dedik: Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə buraxdığımız səhvləri yenidən qurulan Qarabağda və Şərqi Zəngəzurda buraxmamalıyıq. Orada bütün layihələrin icrasında ekoloji yanaşmalara üstünlük verilməlidir”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib. O, həmçinin digər suallara da aydınlıq gətirib.

-Dünya qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparır. Görülən işlər, aparılan siyasət nəticəsində ekoloji böhranın nəticələrini yumşaltmaq mümkün olacaqmı?

-Qlobal ekoloji böhran, istiləşmə hazırda dünyanı qayğılandıran əsas problemlərdəndir. XIX əsrin sonlarından başlanmış sənaye inqilabları bəşəriyyəti xeyli irəli apardı. İnsan övladı elektriki, qalıq yanacağı ilə çalışan nəqliyyatı kəşf etdi. Tarixi kəşflər obrazlı desək uzaq yolu yaxın etdi. XX əsrdə artıq insanlar kosmosu təqdiq etməyə başladılar. İnsan övladı bu gün kosmosda stansiyalar qurub, tədqiqatlar aparır. Lakin sənaye inqilabları və iri şəhərlərin yaranması ekoloji problemlərin artmasına gətirib çıxardı. İri meqapolislərdə nəqliyyatın sıxlaşması, əhalinin cəmləşməsi, sənaye müəssisələrinin artması ətraf mühitin korlanmasına gətirib çıxardı. Dünya əhalisinin sürətlə artması da ekoloji problemləri tətikləyən amillərdəndir. Əhalinin artımı qida təhlükəsizliyi problemini ortaya çıxarır. Milyardlarla insanın qida ilə təminatı üçün kənd təsərrüfatının genişlənməsi vacibdir. Aqrar sektorun inkişafı isə yaşıllıq sahələrinin, meşələrin kəsilməsi ilə müşayiət olunur. Əhalinin artması su ilə təminat məsələsində qayğıları artırır. Dağ mədən sənayesinin inkişafı gəlirli sahədir. Lakin bu sahənin inkişafı çayların, su hövzələrinin çirklənməsi ilə müşayiət olunur. Ötən əsrin 70-ci illərindən etibarən qlobal beyin mərkəzləri qalıq yanacağının atmosferə atdığı çirkli tullantılardan narahatlıqlarını ifadə etməyə başladılar. O zamandan bərpa olunan enerjiyə keçidlə bağlı təşəbbüslər artmağa başladı. 90-cı illərdən isə artıq atmosferə atılan karbon qazının miqdarının azaldılması ilə bağlı təkliflər gündəliyə gəlid. 1992-ci ildə keçirilən Rio-de Janeyro konfransında ilk dəfə olaraq istixana qazlarının miqdarının azaldılması ilə bağlı dövlətlərə tövsüyyələr verildi. 1997-ci ildə Kiyoto konfransı bu istiqamətdə daha ciddi qərarlar qəbul etdi. 2015-ci ildə imzalanmış Paris anlaşması daha dəqiq yanaşma ilə yadda qaldı. Dövlətlər qarşısına konkret öhdəliklər qoyuldu. Qlobal istiləşmənin nəticələrinin yumşaldılması üzrə beynəlxalq təşəbbüslərə dəstək verən Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı ardıcıl siyasət yürüdür. Aparılan məqsədyönlü və uğurlu fəaliyyət nəticəsində artıq ölkəmiz bu sahənin inkişafında region ölkələri arasında birincidir. Ölkəmiz bərpa olunan enerji ilə bağlı zəngin təcrübəsi olan iri qlobal şirkətlərlə uğurlu əməkdaşlıq modeli yaradıb. Azərbaycan yaşıl enerji sektorunda qabaqcıl olan Çin, ABŞ, Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı və digər dövlətləri təmsil edən şirkətlərlə əməkdaşlıq edir. Bu yaxınlarda Qaradağda Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyası istifadəyə verilib. Azərbaycan dövləti üç böyük regionu yaşıl enerji zonası elan edib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerjiyə keçid istiqamətində ciddi addımlar atılıb.

- Azərbaycan işğaldan azad olunmuş torpaqlarda böyük tikinti-quruculuq işlərinə başlayıb. “Böyük qayıdış” layihəsi çərçivəsində nəhəng işlər görülür. Yenidən qurulan şəhər və qəsəbələrdə infsrastrukturun yaşıl texnologiyalara əsaslanması hansı nəticələri doğuracaq?

-Bu yaxınlarda biz bir qrup ekofəallar birlikdə Zəngilan rayonun Ağalı kəndində olduq. Orada Oxçuçayda ekoloji böhranla bağlı ictimai müzakirə keçirdik. Məlumdur ki, Ermənistan 30 illik işğal dövründə ekoloji terroru daha çox Şərqi Zəngəzur iqtisadi rayonunda aparıb. Qiymətli Şərq çinarı meşələri məhv edilib. Laçında qırmızı palıd adlanan ağaclar kəsilərək Avropaya satılıb. Düşmənin basdırdığı piyada və texnika əleyhinə minalara bu gün də böyük qayıdışa mane olur. Ermənistanın dağ-mədən sənayesinin çirkli tullantıları, kirli məişət suları Azərbaycana axan transsərhəd çaylarına axıdılır. Oxçuçay çirklənmə səviyyəsinə görə ölü çay sayılır. Ermənilər Araz, Arpaçay, Bəsitçay, Bərgüşad kimi çaylarımızı çirkləndirib. Ağır metallar axıdılan çaylarda flora və fauna məhv edilib.

Ağalıda insanlarla söhbət etdik. Onlar məskunlaşma zamanı yaranan problemlərdən bəhs etdilər. Şərqi Zəngəzurda və Qarabağda işğaldan öncəki qaynar həyatı bərpa etmək üçün öncə “gizli düşmən”dən-mina təhlükəsindən qurtulmalıyıq. Erməni işğalçıları qovulsa da, “gizli düşmən” iş başındadır. Torpaqlarımızın minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi vaxt aparacaq. Mina problemləri insanlarda narahatlıq yaradır. Vətəndaş cəmiyyəti fəalları məskunlaşma və adaptasiya prosesində soydaşlarımızın yanında olmalıdır. Qarabağda və Şərqi Zəngəzurda çoxlu tədbirlər keçirilməli, maarifləndirmə işləri aparılmalıdır. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri zamanı yaşıl texnologiyalardan istifadə yaxşı haldır. Biz orda çıxışımızda da dedik: Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə buraxdığımız səhvləri yenidən qurulan Qarabağda və Şərqi Zəngəzurda buraxmamalıyıq. Orada bütün layihələrin icrasında ekoloji yanaşmalara üstünlük verilməlidir. Bakıda velosiped yolları yaradılır. Qarabağda qurulan şəhərlərdə velosiped şəbəkələri indidən yaradılmalıdır. Şuşa, Xankəndi və digər şəhərlərdə elektiklə işləyən avtomobillərə üstünlük verilməlidir. Şəhərdaxili nəqliyyatda karbonsuz avtomobillər işləməlidir.

-Dünyada iqlim böhranını yaradan əsas amillər hansılardır? Böhrandan çıxış yolları barədə nə deyə bilərsiniz?

-Qlobal iqlim dəyişikliyinin insan amili ilə bağlı olduğu artıq sübut olunub. Antropogen təsirlər azaldılsa, hava çirkliliyinin, qlobal istiləşmənin nəticələrini də azaltmaq mümkündür. Azərbaycan qlobal iqlim dəyişikliyinim nəticələrinin yumşaldılması üzrə özünün nümunəvi modelini yaratmaqdadır. Hər il ölkəmizdə hektarlarla ağaclıqlar salınır, meşələr bərpa edilir. Abşeronda və ölkənin digər bölgələrində milyonlarla ağac əkilir. Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Paytaxt Bakıda və digər iri şəhərlərdə karbonsuz nəqliyyata keçid istiqamətində önəmli layihələr gerçəkləşdirilib. Velosiped yolları salınıb, skuter cığırları yaradılıb. Bakının 2024-cı ilə qədər olan Baş Planında tramvay xəttlərinin qurulması nəzərdə tutulub. Son aylar şəhərdaxili nəqliyyatın işinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar var. Bərpa olunan enerjiyə keçid istiqamətində atılan addımlar gələcəy ümidlər yaradır. Azərbaycanda ətraf mühitin korlanması iki istiqamətdə gedib. Birincisi, 90-cı illərdə ölkənin şərq bölgələri işğal altına düşüb. İşğalçı Ermənistana həmin regionda ekoloji genosid həyata keçirib. İkinci istiqamət Bakı və iri şəhərlərdə müşahidə olunub. Bu ərazilərdə plansız tikintilər, xaotik urbanizasiya ekoliji mühitin pozulmasına gətirib çıxarıb. Biz son 30 ildə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına çalışmalıyıq. Bu istiqamətdə aparılan işlər təqdirəlayiqdir. İri şəhərlərdə nəqliyyatın işinin tənzimlənməsi mühüm işlərdən biridir. İri dövlətlər meqapolislərdə bu problemi həll ediblər. Ağıllı texnologiyaları tətbiq etməklə hava kirliliyini azaltmaq mümkündür. Yeni mərhələdə Bakının yükünün azaldılması prioritet olmalıdır. Ümumiyyətlə, yaxın gələcəkdə ölkənin şərqindən qərbinə axın gözlənilir. Azad Qarabağda yeni şəhərlərin və yeni iş yerlərinin yaradılması, turizmin inkişafı insanların həmin regiona axışmasına təkan verəcək. Yeri gəmişkən, azad Qarabağda ekoturizmin inkişafına ciddi dəstək proqramları qəbul edilməlidir.