Övladlarımızdan qayğımızı əsirgəməyək! Layihə

Övladlarımızdan qayğımızı əsirgəməyək!

20 noyabr Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir..

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.

Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaş kimi yetişə bilər.

Uşaq hüquqlarının müdafiəsi sahəsində ən vacib sənədlərdən biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasinda (1989-cu il) uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, qayğı, sevgi və anlaşma şəraitində böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın əsas tələblərindən biri budur ki, uşaqlar barəsində həyata keçirilən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir.

Dünyanın 190 ölkəsi məhz bu Konvensiyanın çağırışlarından ilhamlanaraq öz balaca sakinlərinin hüquq və azadlıqlarını tanıdı və onların təmini və qorunması üçün daxili siyasətlərini formalaşdırdılar.

BMT kimi mötəbər bir qurum dünyada uşaq hüquqlarının müdafiəçisi və dəstəkləyicisi missiyasını öz üzrəinə götürdü. Dünyanin 190 ölkəsində nümayəndəliyi olan BMT-nin Uşaq Fondu (UNİCEF) digər beynəlxalq qurumlarla və hökumətlərlə birlikdə aclıqdan, zorakılqdan, istismardan, münaqişələrdən əziyyət çəkən uşaqlara dəstəyin göstərilməsi sahəsində aktiv fəaliyyət göstərir.

1 yanvar 2016-cı ildən qüvvəyə minmiş və özündə 2030-cu ilədək həyata keçirilməsi nəzərədə tutulan 17 qlobal məqsədi, 169 hədəfi əks etdirən BMT-nin Dayanıqlı inkişaf məqsədlərində 35 hədəf bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Belə ki, dünyada hələ də təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı olmayan, ərzaq çatışmazlığından, münaqişələrdən və böyüklərin susi-istifadəsindən əziyyət çəkən milyonlarla uşaqlar var.

Mötəbər yığıncaqlarda, görüşlərdə tez-tez səslənir ki, ölkənin inkişafı ilə uşaqların inkişafı arasında sıx əlaqə mövcuddur. Bu həqiqətən belədir. Uşaqlar tək bizim nəsil davamçımız deyil, onlar həm də dövlətimizin, cəmiyyətimizin firavan gələcəyinin təminatçılarıdır.

Son 30 ildə uşaq hüquqları sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər bu sahədə irəliləyişlərin və nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur. Azərbaycan 1992-ci il 13 avqustda BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1998-ci ildə Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilmişdir. Qanunvericilik bazasının yaradılması, institusional inkişaf, uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi insan hüquqlarının bu sahəsinə diqqətin artdığını göstərir. Ölkədə aparılan sosial-iqtisadi islahatlar əhalimizin 1/3-ni təşkil edən uşaqların öz hüquqlarından daha geniş istifadə imkanlarına şərait yaradır.

Hər il noyabrın 20-si bizə bir daha uşaq hüquqlarının üstün mühafizəsi prinsipini və uşaqların rifahı üçün hərəkət etməyin vacibliyini xatırladır. Dünyanın əksər ölkələrində, o cümlədən Respublikamızda uşaqların hüquqlarına uyğun olaraq onların müdafiəsi, qayğı ilə əhatə olunması hər zaman diqqət mərkəzində saxlanılır. Ana bətnində olduğu müddətdən 18 yaşadək bütün uşaqların hüquqları valideynləri, cəmiyyət üzvləri tərəfindən təmin olunmalı, dövlət tərəfindən qorunmalıdır.

Azərbaycanda uşaqların təhsil, səhiyyə və sosial tənhalıq probleminin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Son illər respublikamızda talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsi üçün yeni, ən yüksək standartlara cavab verən tibbi mərkəzlər tikilmişdir. Eyni zamanda, yeni məktəblər inşa olunmuş, bəziləri əsaslı təmir olunmuş, tədris ocaqlarının demək olar ki, hamısı kompyuterləşdirilmişdir.

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli üçün 30-dan artıq Dövlət Proqramı həyata keçirilir. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli,mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir.

Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanlıarı məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşalqarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövləin uşaqlara olan diqqətinin nəticəsidir.

Uşağın qayğısına qalmaq və onu müdafiə etmək həm dövlətin, həm də valideynlərin öhdəliyidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində hər iki tərəfin öhdəliyinin hansı şəraitdə önə çıxdığı məqamlar tənzimlənir. Həmin maddədə deyilir:

- cəmiyyətin əsas özəyi kimi ailə dövlətin himayəsindədir;

- uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur;

- bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir;

- valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

Uşağın maraqları ilə valideynin maraqları arasında ziddiyyət yarandıqda, ailədə uşağın hüquqları pozulduqda və ya uşaq ailə mühitindən kənarda qaldıqda dövlət uşağın müdafiəçisinə çevrilir.

Təsadüfi deyildir ki, ölkəmizdə müvafiq dövlət orqanları öz səlahiyyətləri daxilində xüsusi həssaslıqla uşağın hüquq və mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Belə hallarda qanunvericliyə əsasən həmin valideynlərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi də istisna edilmir.

Uşağın ilk sosial mühiti məhz onun ailəsidir. Bu mühitdə fiziki və mənəvi cəhətdən sağlam böyüyüb inkişaf edən uşaq sabah cəmiyyətdə də özünə inamlı, uğurlu bir vətəndaş olacaq. Təssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeyidlik kimi hallar baş verir. Bəzən valideynlər, yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də bununla bir araya sığmayan üsullardan istidadə edir, tərbiyə məqsədi ilə övladlarına qarşı fizki cəza, təhqir, nəzakətziz davranış kimi hallara yol verirlər. Lakin hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, səbr, diqqət və sevgi tələb edir.

Cavid