“Planetimizin gələcəyi Azərbaycanda müzakirə edilir” Layihə

“Planetimizin gələcəyi Azərbaycanda müzakirə edilir”

Fuad Hüseynzadə: “Dünya azərbaycanlıları COP29- la bağlı üzərinə düşəni etməyə çalışır”

“İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənzilərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir. Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçirilir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. F.Hüseynzadə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti və diaspor təşkilatları da COP29-un təbliğat və tanıtımı naminə həmrəylik nümayiş etdirir: “Artıq 80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən “COP29 QHT Koalisiyası” yaradılıb. Yerli QHT-lər xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra edir. Artıq COP29-a dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumları dəstək verir. Mütəmadi olaraq Azərbaycan və xarici ölkə QHT-lərinin iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda görüşləri keçirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edib. Bu müsabiqənin qalibi olan QHT-lər hazırda COP29-la bağlı kreativ layihələr icra edirlər. Ayrıca Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də COP29-la bağlı məlumatlandırma tədbirləri, infoturlar, marafonlar və s. keçirilib”.

Onun sözlərinə görə, bu gün COP29 nəinki Azərbaycan, ümumiyyətlə, bütün dünyanın gündəmindədir: “Biz müşahidə edirik ki, müxtəlif ölkələrdə də təxminən bir il ərzində COP29-la bağlı tədbirlər keçirilirdi. Və çox müsbət haldır ki, hər zaman olduğu kimi, diasporumuz da COP29-la bağlı təbliğat, təşviqat işlərinin görülməsinə öz töhfəsini verirdilər. Bu fəaliyyətlər bir neçə istiqamətdə aparılırdı. Əlbəttə ki, öncəliklə burada tanıtım, təbliğat işləri görülürdü, yəni bu da media vasitəsi ilə aparılırdı.

Digər bir fəaliyyət istiqaməti məlumatlandırma xarakteri daşıyırdı. Belə ki, biz bir sıra ölkələrdə, xüsusən gənclərin COP29-la bağlı məlumatlandırılması tədbirlərinə rast gəlirdik. Bu tədbirlərdə, seminarlarda həm azərbaycanlı gənclər, həm də müxtəlif ölkələrdə yaşayan yerli xalqların nümayəndələri də iştirak edirdi. Məqsəd COP29-un əhəmiyyətini anlatmaq idi. Bu tədbirlərdə Azərbaycanın dünyada iqlim dəyişikliyinə verdiyi töhbədən bəhs olunurdu. Daha bir fəaliyyət istiqaməti, “Yaşıl dünya naminə həmrəyilik ili” ilə bağlı idi. Bu il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəyilik ili” elan olunub. Bu il çərçivəsində xaricdə yaşayan azərbaycanlılar da müxtəlif istiqamətdə tədbirlərə keçirirdilər. Bundan başqa, soydaşlarımız “Yaşıl dünya naminə həmrəyilik ili” çərəçivəsində ağacaəkmə aksiyası keçirirdilər. Hətta Misirdə, Rusiyada və s ölklərdə soydaşlarımız belə bir aksiya keçiriblər. Bu aksiyalarda iştirak edən əcnəblərə də COP-29-la bağlı məlumat verilirdi. Bütün bunların hamısı bir daha göstərir ki, xaricdəki soydaşlarımız da hər zaman olduğu kimi, Azərbaycanla birgə nəfəs alırlar. Ölkəmizdə keçirilən bu beynəlxalq tədbirə onlar da öz dəstəyini əsirgəmirlər”.

O, əlavə edib ki, bütün bunlarla yanaşı, dünya azərbaycanlıları COP29- la bağlı üzərinə düşəni etməyə çalışır, təbliğat aparırlar. Bununla əlaqədar dünya azərbaycanlılarının Bəyanatı qəbul edilib: “Xaricdəki soydaşlarımız bəyan edib ki, Azərbaycan öz gücünə otuz illik işğala və haqsızlığa son qoymaqla təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib: “Biz xaricdə yaşayan azərbaycanlılar xalqımıza böyük zəfər qazandırmış, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklü məsələlərin həllində nümayiş etdirdiyi qətiyyəti təqdir edir, Onun rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə əminliyimizi ifadə edirik.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçirilmiş 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının bariz nümunəsi olub, Azərbaycan diasporunun siyası yetkinliyinin, azərbaycançılıq ideologiyasına sadiqliyinin göstəricisinə çevrilib.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutub.

İnanırıq ki, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğu kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla, yekdilliklə ona göstərilmiş etimadı doğruldacaq, dünyada ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində mühüm irəliləyişlərə öncüllük edəcək”.

Qeyd edək ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif QHT-lər tədbirlər keçirilər. Bu tədbirlərdə ekoloji problemlərin həllində QHT-lərin vacib rolu geniş auditoriyaya çatdırılır. Həmçinin şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığının əhəmiyyəti önə çəkilir.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən könüllü olaraq COP29-ın xarici mediada təbliğatı aparılır. DFJD-nın sədri Fuad Hüseynzadənin Fransa, Mərakeş, Misir, Küveyt, Ukrayna, Pakistan, Özbəkistan, Seneqal, Mavritaniya və ABŞ KİV-lərində “Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək” və “Daha yaxşı dünyaya doğru: COP29 Bakıda başlayır” başlıqlı iki məqalə dərc olunub. Qeyd edək ki, bu məqalələr yuxarıda adı keçən ölkələrin portallarının sosial şəbəkə səhifələrində və mobil tətbiqlərində də geniş formada paylaşılıb”.

F.Hüseynzadə əlavə edib ki, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi diasporumuzun da sevincinə səbəb olub: “Onlar öz sevinclərini Prezident İlham Əliyevə təbrik məktubu yazmaqla ifadə edirlər. Məsələn, Tatarıstan Respublikası Leninoqorsk Bələdiyyə Dairəsinin Deputatlar Şurasının deputatı, fəal ictimai xadim, Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov adından Prezident İlham Əliyevə COP29-la bağlı təbrik məktubu ünvanlanıb. Məkutbda Cənab Prezidentin rəhbərliyi ilə ekoloji problemlərə ciddi yanaşılaraq həm regional, həm də beynəlxalq miqyasda mühüm təşəbbüslərin irəli sürüldüyü qeyd olunur: “Sizin və Azərbaycan hökumətinin bu mühüm məqsədə doğru atdığı addımlar, eləcə də xalqımızın ətraf mühitin mühafizəsinə verdiyi dəstək gələcək nəsillər üçün daha təmiz və dayanıqlı planetin yaradılmasına böyük töhfə verəcək.

Cənab Prezident, COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram. Bu tədbir Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsində, eləcə də qlobal ekoloji problemlərlə mübarizədə inamlı addım olacaq”.

COP29 yalnız Azərbaycan üçün deyil, dünya miqyasında əhəmiyyətli bir tədbirdir. Dünya azərbaycanlıları bu beynəlxalq tədbirin, ölkənin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda aktivdir. Bu fəaliyyətlər, həmçinin soydaşlarımızın birliyini və ölkəyə bağlılığını nümayiş etdirir”.