Təhsil ümumxalq işidir Layihə

Təhsil ümumxalq işidir

“Millətin gələcəyi onun sağlam ruhda, elmli, savadlı şəkildə böyüyən gənclərindən asılıdır”

Müstəqil Azərbaycan dövləti öz müstəqil təhsil siyasətini həyata keçirmək üçün ilkin islahatların keçirilməsinə 1999-cu ildə başladı. Həmin ilin iyun ayının 15-də ulu öndər "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam verdi. Bu Proqram ümummilli liderin 30 mart 1998-ci ildə imzaladığı sərəncamla təsdiq edilən Dövlət Komissiyası tərəfindən hazırlanan və Dünya Bankı da bu işə cəlb olunub. Proqramın girişində yazılırdı: "Təhsil sistemində islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş vermiş köklü dəyişikliklərilə bağlıdır. İndiki mərhələdə təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır".

Ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır". Azərbaycan təhsili yenidən qurularkən məhz onun milli xüsusiyyətlər əsasında formalaşması, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirilməsi başlıca amillərdən idi.

"Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Süleyman İsmayılbəylinin fikrincə, təhsil ümumxalq işidir. Təhsildə ictimai maraqları müdafiə etmək vətəndaş cəmiyyətinin əsas vəzifələrindəndir. O, qeyd edib ki, təhsilin əsas keyfiyyətlərindən biri də vətənpərvərlik hissinin təhsil müəssisələrində ciddi şəkildə öyrədilməsidir.

QHT sədri onu da vurğulayıb ki, bir millətin gələcəyi onun sağlam ruhda, elmli, savadlı şəkildə böyüyən gənclərindən asılıdır. Ona görə də dövlətlər bir qayda olaraq təhsil sahəsinin inkişafını bütün dövrlərdə prioritet hesab edir, bu sahəyə diqqət və qayğını ən üst səviyyəyə qaldırır, gələcək üçün bacarıqlı, savadlı kadrların yetişdirilməsi üçün lazım olan bütün zəruri addımları atır. Elə Azərbaycanda da elm və təhsilin inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində olub və dövlətin əsas prioritetləri sırasında ön sırada yer alıb.

Azərbaycan Respublikasını Prezidenti Cənab İlham Əliyevin yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir.

Dövlət başçısının 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması da o zaman üçün dövlətin elmin inkişafına nə dərəcədə prioritet yanaşdığının sübutu idi. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsi idi. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant müsabiqələri təşkil edirdi: “Yaxın tarixə nəzər salsaq görərik ki, hələ ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə, həm Sovet Azərbaycanı zamanı, həm də müstəqillik illərində ölkə gənclərinin xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə xüsusi diqqət yetirirdi. Sovetlərin zamannda Ulu Öndərin himayəsi altında müxtəlif xarici ölkələrin universitetlərində təhsil alan gənclər sonradan Azərbaycanda savadlı, potensiallı kadrların formalaşmasına yol açdı. Eləcə də ümummilli lider Heydər Əliyev müstəqilllik illərində ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da təhsil sahəsi dövlətin diqqətində olan əsas sahələrdən sayılırdı.

Burada müsbət məqamlardan biri ondan ibarət idi ki, bu say ildən-ilə artırdı. Belə ki, 1960-70-ci illərdə respublikadan kənara cəmi 47 nəfər təhsil almaq üçün göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmışdır. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənara təhsil almağa göndərilməsi daha intensiv xarakter almış və 1978-ci ildən etibarən respublikadan kənara hər il 800-900 tələbənin göndərilməsinə nail olunmuşdur”.

S.İsmayılbəyli onu da qeyd edib ki, bu proses sonrakı illərdə də intensiv xarakter almış, 1978-ci illə müqayisədə 1982-ci ildə respublikadan kənara göndərilən tələbələrin sayı 11 faiz artmış, onların təhsil aldığı ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə, ən zəruri istiqamətlərin sayı isə 80-ə çatmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların yeri 1970-ci ilədək 40 faiz təşkil edirdi. Ümummilli liderin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə ittifaq ölkələrinə ali təhsil almaq üçün göndərilənlər içərisində azərbaycanlıların real çəkisi 85 faizə, 1977-ci ildə 91 faizə, 1980-cı illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdi.

Heydər Əliyevin 1970-80-ci illərdə həyata keçirdiyi uzaqgörən siyasət ilə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi növbəlilik üzrə göstəricinin yaxşılaşdırılmasına güclü təkan verib. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə iki dəfə çox, yəni 48200 nəfərlik 100 məktəb binası inşa olunub. Ümumiyyətlə isə həmin illərdə 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1978-ci ildə 30,8, 1980-cı ildə 28,1, nəhayət, 1985-ci ildə isə 24,9 faizə enmişdi ki, bununla da ümumi şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil almasına real şərait yaradılıb: “Günümüzdə ümummilli lider Heydər Əliyevin təhsil siyasəti onun siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildən artıq müddətdə təhsil sahəsində çoxsaylı dövlət proqramları qəbul edilib. Eləcə də bu sahənin inkişafına xidmət edən çoxsaylı fərman və sərəncamlar imzalanıb.

Ölkədə uğurla icra edilən Dövlət Proqramlarına uyğun olaraq paytaxt və regionlarda, hətta ən ucqar dağ kəndlərində müasir standartlara cavab verən təhsil müəssisələrinin inşası dövlətin bu sahəyə göstərmiş olduğu diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ayrı-ayrı illərdə imzalamış olduğu sərəncamlar əsasında ölkəmizin müxtəlif regionlarında modul tipli təhsil müəssisələri də inşa edilərək istifadəyə verilib ki, bu da ölkədə təhsilin prioritet sahələrdən biri olaraq götürüldüyünün əyani sübutudur.

Bu gün də Azərbaycan dövləti, şəxsən Cənab Prezident İlham Əliyev daha bacarıqlı kadrların yetişdirilməsi, onların gələcəkdə potensial kadr kimi ölkəmizdə müxtəlif sahələrdə çalışmaları üçün çalışır, bu istiqamətdə müvafiq sənədlər imzalayır. Bu mənada hər il gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində oxumaları üçün göndərilməsi, bunun üçün xüsusi dövlət proqramlarının qəbul edilməsi ayrıca qeyd edilməlidir. Bildiyimiz kimi bu il də "Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" qəbul edilib və həmin proqrama əsasən artıq xarici ölkələrdə təhsil alacaq gənclərimizin sayı hər ötən il artır. Elə sənədin qəbul edildiyi ilk ildə Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Bu yaxın 4-5 il ərzində yüzlərlə kadrın daha mükəmməl, daha müasir biliklərə yiyələnərək ölkəyə qayıtması və müxtəlif sahələrdə çalışması deməkdir. Yaxud gənclərimizin ali təhsil almaları, onların maddi ehtiyacları, təhsil haqqlarının qarşılanması üçün həyata keçirilən təhsil tələbə krediti layihəsi də məhz Azərbaycan gənclərinin daha savadlı, daha bacarıqlı, bilikli, təhsilli olması istiqamətində atılan adddımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdəndədir”.

Cavid