

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. 30 il həsrətində olan soydaşlarımız doğma yurdlarına qayıdırlar. Ötən günlər növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Ballıca kəndinə yola salınıb. Köç karvanı 95 nəfər olmaqla 22 ailədən ibarətdir. Bununla da Ballıcaya köçürülən ailələrin sayı 112-ə çatıb.
Ağdərə rayonuna da köç edilib. Həsənriz kəndinə ilk köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.
Doğma yurda qayıdışın sevincini yaşayan Ağdərə rayonunun Həsənriz kənd sakini Pakizə Sadıqova deyib ki, yenidən doğma kəndə qayıtmağın sevincini sözlə ifadə etmək çox çətindir.
O, məcburi köçkün həyatı dövründə yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:
“Təqribən otuz üç il çox əziyyət çəkdik, inanılmaz çətinliklərdən keçdik. İşğal dövründə ermənilərin babamın və atamın kəndimizdəki evlərində yaşadıqlarını təsəvvür etdikcə, çox böyük sıxıntı keçirirdik. Doğma evimizə qayıtmaq üçün hər zaman Allaha yalvarır və dualar edirdik.
Şükür, bu gün artıq doğma kəndimizə qayıdırıq, sevincimizi sözlə ifadə etmək çox çətindir. Allahdan şəhidlərimizə rəhmət diləyir, ordumuzun daim güclü olmasını arzulayırıq. Ölkə başçısına xüsusi minnətdarlığımızı bildiririk. Bu sevinci yaşadığımız üçün çox xoşbəxtik".
Kəndə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri iştirak ediblər.
Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata keçirilib.
Doğma yurda qayıdan keçmiş məcburi köçkünləi dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.
Onu da bildiririk ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə deyib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də ötən gün özünün daimi sahiblərinin, daimi sakinlərinin ilk qrupunu qəbul etdi. Belə ki, martın 3-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Ağdərə rayonuna yola salındı. 25 ailə olmaqla, 91 nəfər keçmiş məcburi köçkün bu gün öz doğma yurd-yuvasına qovuşdu. Onların bəziləri Ağdərə rayonundan 5 yaşında, 8 yaşında ikən köçkün düşüblər: "Məsələn, Həsənriz kəndinə qayıdan Kəmalə Həsənova adlı sakin müxbirlə söhbətində deyib ki, o, Ağdərə rayonundan köçkün düşəndə 5 yaşı varmış. Dağyunus Nəbiyev adlı başqa bir sakin isə deyib ki, uşaq vaxtı tərk etdiyi Həsənriz kəndindəki ata-baba torpağına bu gün 42 yaşında geri dönüb.
Təcavüzkar Ermənistan onların ömürlərinin 30 ilini oğurlayıb. Bu soydaşlarımız öz uşaqlıq illərini uşaq kimi yaşamaqdan məhrum olublar. Ancaq Prezident və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yarımçıq talelərin, həyat hekayələrinin qaldığı yerdən davam etməsinə zəmin yaratdı. Ona görə də bu gün Həsənriz kəndinin sakini Kəmalə Həsənova Prezidentimizə, Ordumuza güvənərək əminliklə deyir ki, “mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər".
Bəli, bu əminlik, bu inam bu gün Qarabağdan, Şərqi Zəngəzurdan olan bütün keçmiş məcburi köçkünlərin sözündə, davranışında hiss olunur. Doğma yurdlarına - Ağdərənin Həsənriz kəndinə qayıdan və evlərinin açarlarını təhvil alan sakinlər də hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər".
Ə.Hüseynov onu da vurğulayıb ki, beləliklə, “Böyük Qayıdış proqramı”nın icrası 2025-ci ilin prioriteti kimi davam edir. Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın sayı getdikcə artır. Hazırda azad edilmiş ərazilərdə 40 minə yaxın insan yaşayır, çalışır. 2025-ci ilin sonuna qədər təbii ki, oraya qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaq. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura daha 140 min insanın köçürülməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri təbii ki, Azərbaycan öz imkanları hesabına həyata keçirir. Öz torpaqlarının işğaldan azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, 30 illik işğalın ağır nəticələrini öz gücünə aradan qaldırmaq potensialına, qüdrətinə malikdir. Bu gün öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan hökuməti "Böyük Qayıdış" proqramını uğurla həyata keçirir: "Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur gündən-günə abadlaşır, inkişaf edir, dirçəlir, sakinlərini qarşılamağa hazırdır. Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan, sonra kəndə köçən bir qrup sakinlə görüşən Cənab Prezidentimiz deyib ki, vaxtilə işğal altında olmuş bütün şəhər və kəndlərimizi indi bərpa edirik: “Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa etdik. Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır. Evlər bərpa edilib, yenidən tikilib. Burada rahat yaşamaq üçün bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik. Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur. İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dünən mən Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək. Bildiyiniz kimi, Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Ona görə hər cür şərait var - ali məktəb var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər, iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum. Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir”.
QHT sədri qeyd edib ki, Azərbaycan heç bir dövlətin dəstəyi olmadan Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işlərini aparır. Bu dövlətimizin iqtisadi gücünün, vətəndaşına olan qayğı və diqqətin göstəricisidir: “Biz inanırıq ki, Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə cənnətə çevriləcək, dünyanın diqqət mərkəzində olacaq. Vətəndaşlarımız doğma yurdlarına qayıdıacaqlr, işlə təmin olunacaqlar, bölgənin bütün infrasturukturu yenidən qurulacaq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında qabaqcıl texnologiyalardan istifadə edilir. Belə ki, bərpa işlərinin həyata keçirilməsində "ağıllı" texnologiyalar tətbiq olunur, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması məsələsi qarşıya vəzifə kimi qoyulub”.
Cavid