

Nadir Azəri: “Hüquqi dövlət quruculuğu ilə yanaşı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı istiqamətində də mühüm addımlar atılıb”
“Hazırda dünyada bir-birindən mürəkkəb proseslər baş verməkdədir. Köhnə dünya nizamının pozulması, yeni dünya nizamının formalaşmasına cəhdlərin edilməsi ilə müşahidə olunun bu proseslər milli dövlətləri daha ayıq-sayıq və güclü olmağa səsləyir. Heç şübhəsiz ki, hər bir milli dövləti güclü edən əsas amillər sırasında həm də o ölkədəki vətəndaş cəmiyyətinin gücü və mövqeyindən də aslıdır”.
Bunu “Xalq Cəbhəsi”nə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu baxımdan da bəxti gətirib: “Çünki Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, Qeyri-hökumət təşkilatlarının (QHT) mütləq əksəriyyəti öz fəaliyyətini məhz milli maraqlara uyğun, bayrağa, dövlətə sadiqlik əsasında qurub. Vətəndaş cəmiyyətinin hazırda sərgilədiyi mövqe və əldə etdiyi uğurlara keçməzdən öncə onu xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, 1993-cü ilin iyunundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində də mühüm uğurlar əldə edilib. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət yaratmağa müvəffəq oldu. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan və Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasət öz müsbət nəticəsini verdi”.
N.Azəri bildirib ki, bəhs edilən dövrdə hüquqi dövlət quruculuğu ilə yanaşı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı istiqamətində də mühüm addımlar atılıb: “Bu məqama keçməzdən öncə bildirmək yerinə düşər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda ictimai təsisatların, Qeyri-hökumət təşkilatlarının, medianın fəaliyyəti üçün hüquqi zəmin, qanunvericilik bazası, bir sözlə münbit zəmin yaradılıb. Yəni, bu institutlar fəaliyyətlərini qanunlar əsasında sərbəst şəkildə davam etdirə, ictimai rol və funksiyalarını yerinə yetirə bilirlər. Konkret olaraq hüququ dövlət quruculuğu - vətəndaş cəmiyyəti tandeminə gəlincə isə qeyd edək ki, vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşması ilə birbaşa bağlıdır. Daha dəqiq desək, vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayır və bir-birindən ciddi şəkldə asılıdırlar”.
QHT sədri vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş cəmiyyəti institutu anlayışının formalaşmağa başlaması məhz QHT-lərin yaranması ilə özünü nümayiş etdirdi: “QHT-lərin fəaliyyəti üçün yaradılan münbit şəraitə gəlincə, ölkəmizdə bu istiqamətdə davamlı surətdə qanun və qərarlar qəbul olunur, dövlət tərəfindən vətəndaş cəmiyyəti strukturlarının, o cümlədən QHT-lərin inkişafına hərtərəfli dəstək verilir və şəffaf idarəetmə mexanizmi formalaşdırılıb. Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun isə bu il qəbulunun 30-cu ildönümünü qeyd etdiyimiz, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır. Belə ki, sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 13 iyun 2000-ci ildə Ulu öndər Heydər Əliyevin imzası ilə qüvvəyə minən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun QHT-lərin cəmiyyətin və dövlətin həyatındakı iştirakı ilə bağlı bir çox vacib ictimai münasibətləri tənzimləyir. Eyni zamanda, ölkəmizdə müxtəlif vaxtlarda qəbul edilmiş ayrı-ayrı qanunlar da qeyri-hökumət təşkilatlarınının fəaliyyətinə təkan verib”.
N.Azəri deyib ki, digər məsələlərdə olduğu kimi bu məsələdə də Azərbaycan digər ölkələrdən müsbət mənada fərqlənir: “Belə ki, 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq ölkəmizdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. O cümlədən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası formalaşdırılıb. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. Artıq 5-ci yaşına qədəm qoymuş Agentlik ötən qısa zaman ərzində səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olub, belə deyək ki, Azərbaycan QHT-lərinin vahid ailəsinə çevrilməyi bacarıb. Bunun da kökündə yaddaqalan və dövlətin, xalqın mənafeyinə xidmət edən addımlar dayanır”.
CASCFEN sədrinin sözlərinə görə, məhz atılan addımlar, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın QHT sektoru son illər vahid bir institut kimi həlledici məqamlarda, dövlət və xalq üçün vacib olan proseslərdə öz sözünü deyir, səmərəli fəaliyyəti ilə ona olan ümidləri doğruldur: “Təbii ki, bunda da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövcud rəhbərliyinin, o cümlədən bu qurumun çevik və məhsuldar komandasının rolu danılmazdır. QHT sektorunun dövlət və xalq mənafeyindən çıxış etməsinə gəlincə, bununla bağlı yetərincə misallar çəkmək olar. Ancaq təkcə 2022-ci il dekabrın 12-də başlayan və 138 gün davam edən ekoloji aksiyanı, həmçinin ötən il ölkəmizdə keçirilən dünyamiqyaslı təbdir olan COP29-u qeyd etmək kifayətdir. Kimsəyə sirr deyil ki, hər iki tədbirdə Azərbaycanın QHT sektoru ön sırada oldu. Ümumiyyətlə, COP29 tədbiri, eyni zamanda, Azərbaycanın QHT sektorunun fəallığı ilə seçildiyini, ən strateji məqamlarda dövlətin yanında olduğunu və qlobal proseslərə hazır olduğunu da göstərdi. Rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi də daxil olmaqla QHT sektorunun əksər təmsilçiləri bu prosesdə müsbət mənada fərqləndilər. COP29 məkanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Milli QHT Forumunun öncüllüyündə keçirilən tədbirlər isə bu beynəlxalq konfransın qonaqlarının daim diqqət mərkəzində oldu. Bundan başqa QHT sektoru həmin tədbir günlərində bəzi aksiyalarla, təklif və təşəbbüslərlə çıxış etdi. Bu da ümumilikdə Azərbaycanın QHT sektorunun çağırışlara cavab verdiyini ortaya qoydu”.
QHT sədri onu da əlavə edib ki, dövlətin QHT sektoruna göstərdiyi diqqət və qayğıdan güc alaraq bu sektorun daha səmərəli fəaliyyət göstərməsi üçün davamlı addımlar atan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin çevik və məhsuldar komandası, türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün həyata keçirilən siyasətə dəstək istiqamətində də öz sözün deyir, imzasını atır: “Təbii ki, Agentliyin ötən müddətdə fəaliyyətinin prioritetlərindən birini də QHT sektorunun yeni dövrün tələblərinə cavab verməsi üçün atılan addımlar təşkil edib. Məhz bu məqsədlə başlanılan genişmiqyaslı islahatların ilkin nəticələri isə artıq var. Söhbət QHT-lər üçün qrant müsabiqələrinin yeni qaydalar əsasında, şəffaf şəkildə keçirilməsindən gedir. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar 2023-cü il qəbul etdiyi yeni qaydalar öz müsbət bəhrəsini verir. Biz bunu 2025-ci il üzrə qrant müsabiqələrinə QHT-lərin yanaşmasında bir daha aydın görürük. Məsələn, Agentliyin məlumatına əsasən bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığı müşahidə edilir. Bu, adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, Agentliyin işinə olan ictimai etimadın göstəricisidir. Çünki Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır. Bir sözlə, son olaraq onu qeyd edə bilərəm ki, Azərbaycanda QHT sektoru hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin layihələrinin maliyyələşdirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökumətinin atdığı addımlar, dövlət orqanları nəzdində yaradılmış ictimai şuralarda QHT təmsilçilərinin iştirakı və s. deyilənlərə bariz nümunədir”.
Cavid