“Bu çağırışlar hələ ki nəticəsiz qalıb” Layihə

“Bu çağırışlar hələ ki nəticəsiz qalıb”

Aydın Mirzəzadə: "Etimadın doğrulması üçün ilk növbədə Ermənistan beynəlxalq hüquq normalarını tanımalıdır"

Məhəmməd Əsədullazadə: "Prezidentlərin görüşünün keçirilməsi real görünmür"

Elman Nəsirov: "Bu addım prosesdə status-kvonun qorunub saxlanılmasına xidmət edir"


ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Polşanın Krakov şəhərində keçirilən görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilib ki, görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əvvəlki görüşlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər.
Qeyd olunub ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar. Həmçinin görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə səsləyiblər. Eyni zamanda, həmsədrlər nazirlərə münaqişə təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər.
Xarici İşlər Naziri Elmar Məmmədyarov isə Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Ümumiyyətlə həmsədrlərin bəyanatını necə xarakterizə etmək olar, Elmar Məmmədyarov kreativ fikirlər deyəndə nəyi nəzərdə tutur, prezidentlərin görüşü mümkündürmü?
Politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda görüşü aparılan danışıqların davamıdır: "Mahiyyətcə bu danışıqlar davam edir və gələn ay həmsədrlərin növbəti dəfə regiona səfəri gözlənilir. Hesab edirəm ki, nazirlər görüşün davam etməsində razılıq əldə edib və həmsədrlərin regiona səfəri hər hansı bir detalların müzakirəsinə bağlıdır. ATƏT-ın bəyanatından da görünür ki, danışıqlar müsbət atmosferrdə keçib və etimad mühiti formalaşır. Qəribəsi odur ki, işğal olunmuş ərazilərin boşaldılması istiqamətində hər hansı bir pozitiv açıqlama yoxdur. Kreativ təkliflər olduğu qeyd edilir. Amma bu təkliflər nədən ibarət olacaq onu həmsədrlər növbəti səfərdə ola bilsin prezidentlərlə müzakirə edəcək. Hesab edirəm ki, növbəti aylarda Ermənistanda hakimiyyət strukturlarıbda dəyişikliklər və parlament seçkiləri gəlir. Prezidentlərin görüşünün keçirilməsi real görünmür. Həm də Ermənistanın danışıqlarda kimin iştirak etməsi isə növbəti aylarda məlum olacaq. Görək həmsədrlər hansı təkliflərlə regiona təşrif buyurur".
Millət vəkili, politoloq Aydın Mirzəzadə vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırması diplomatik çağırışdır. Onun sözlərinə görə, bu çağırışlar hələ ki nəticəsiz qalıb: "Etimadın doğrulması üçün ilk növbədə Ermənistan beynəlxalq hüquq normalarını tanımalı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bunlara işğalçı dövlət tərəfindən əməl edilmir. Hansısa bir dövlət orta əsrlər qaydası ilə hərəkət etmək istəyirsə, burada etimaddan danışmaq olmaz".
A.Mirzəzadə əlavə edib ki, sonuncu danışıqlardan sonra həmsədrlərin regiona səfər etmək və irəli sürülən təkliflərin nəticəsi barədə tərəflərdən mövqe öyrənmək niyyəti danışıqları intensivləşdirmək yolunda atılan addımlardır: "Problemin həllində ən düzgün yol danışıqlar yoludur. Ermənistan danışıqlara konstruktiv yanaşmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Millət vəkili, politoloq Elman Nəsirov deyib ki, yanvarın 18-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin intensivliyini qoruyub saxlamasından xəbər verir. Millət vəkili bildirib ki, həmsədrlərin bəyanatı görüşdə həssas məqamlara toxunulduğunu göstərdi: "Həmsədrlər məmnunluqla ifadə edirlər ki, təmas xəttində vəziyyət sabitdir. Bəyanatda həmçinin, həmsədrlər problemin həllində etimad mühitünün formalaşdırılmasını gündəmə gətirib və hesab ediblər ki, danışıqlar prosesinə birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranması ilə bağlıdır. Eyni zamanda, bu istiqamətdə yeni tələblər öz əksini tapıb".
E.Nəsirov bildirib ki, bəyanatda ən çox diqqət cəlb edən məqamlardan biri ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi məsələsidir: "Məqsəd odur ki, ATƏT-in şəxsi nümayəndəsinin ofisinin işçilərinin sayı artırılsın, atəşkəsin qorunub saxlanılması məsələsində monitorinq aparmaq imkanı daha da artsın. Bu addım prosesdə status-kvonun qorunub saxlanılmasına xidmət edir".
Millət vəkili eyni zamanda əlavə edib ki, bəyanatda münaqişənin təsirinə məruz qalmış ərazilərə qiymətləndirmə missiyasının göndərilməsi ilə bağlı məsələlər gündəmə gəlib: "Sual yaranır - münaqişənin təsirinə məruz qalmış ərazi nə deməkdir? Bununla onlar nəyi ifadə etmək istəyirlər? Niyə bəyanatda yazılmır ki, Azərbaycanın işğala məruz qalan ərazilərində? Yenə də işğal sözünü işlətmirlər. Hesab edirəm ki, bu, yanlış yanaşmadır. Təsir başqadır, işğal başqa".
Politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarı ilə təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulublar: "Bu həmsədrlərin köhnə taktikasıdır, əvvəlcə tərəfləri başbaşa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar". Onun sözlərinə görə, Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib: "Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Gəlin indi baş sındıraq ki, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın.
Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin "kreativ" təklifləri barədə açıqlama eşitmədim. Tam əksinə, görüşdən əvvəl Ermənistan XİN-nin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmadı, Bakını danışıqları pozmaqda ittiham edib. Bəlkə də həmsədrlər nəsə "kreativ" təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur".



Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, Polşada keçirilən XİN başçılarının görüşü gözlənilən istiqamətdə getdi: "Əsas məsələ odur ki, ermənilər bir daha danışıqlar masasına qayıdıb. Eyni zamanda ATƏT-in Minsk qrupu həmsdərlərinin təmsilçisi olan dövlətlər həqiqətən də regionda hər hansı müharibənin yenidən alovlanmasının əlayehinədir. Bu, vacib məsələlərdən biridir. Söhbətin danışıqlar yolu ilə həll olunması istiqamətində müəyyən addımlar atmaq fikirləri var. Lakin bu Azərbaycanı tam şəkildə qane edə bilməz. Çünki, məlum məsələdir ki, Ermənistanda seçkilər ilidir. Bu seçkilərdə də məhz Dağlıq Qarabağ münaqişəsi əsas kart kimi oynanılır. Separatçı qüvvələrə verilən müstəqillik sözü həll olunmayana qədər problemin həllində müsbət nəsə danışmaq olmaz. Ona görə də problem həddindən artıq ciddi şəkildə müzakirə olunur. Rusiyada seçkilər ili olduğu hər kəsə məlumdur. Bu baxımdan düşünürəm ki, problemin həlli ilə bağlı müsbət istiqamətdə addımların atılmaması gözləniləndir. Ona görə də həm qərbyönümlü, həm də rusiyayönümlü siyasətçilər, eyni zamanda Sarkisyanın Dağlıq Qarabağ klanı regionda müharibənin olmaması üçün bu status-kvonu saxlamaqda maraqlıdırlar. Məhz kartdan istifadə edərək də Sarkisyan seçkilərdə qələbə çalsın".
Politoloq İlqar Vəlizadə isə deyib ki, Krakov görüşündən sonra yayımlanan bəyanatda XİN başçısının problemin həlli ilə bağlı kreativ təkliflərin irəli sürülməsi ilə bağlı fikirlər ölkə ictimaiyyətinin diqqətini cəlb edib: "Lakin xatırladım ki, 20 ildən çox müddətdə danışıqlar prosesində kreativ ideyalar adlandırılacaq səviyyədə bir sıra təkliflər irəli sürülüb. Amma nəticə etibarı ilə onların heç biri reallaşmayıb. Bu təkliflərdən biri Azərbaycanın Mehrini öz üzərinə, Ermənistanın isə Laçın dəhlizini özünə götürməsi idi. Düzdür, bu ideyalar konkret danışıqlar predmeti olmayıb. Çünki tərəflər bu ideyaların reallaşması üçün əlavə vaxt, resurs itkisinin olacağını yaxşı başa düşürdülər. Bu cür ideyalardan istifadə etmək istəyən Ermənistanın məqsədi də məhz vaxt itkisi idi. Əlbəttə ki, Azərbaycan tərəfi bu məqsədləri bildiyi hər zaman məsələnin konkret məcraya yönəldilməsini istəyib. Krakov görüşündə irəli sürülən təkliflərin nədən ibarət olması konret açıqlanmasa da, onların qeyri-adi, yeni, prinsipal təklif olduğunu da düşünmürəm. Amma ümid edirəm ki, 2018-ci ilin danışıqlar prosesində intensiv il olacaq. Bütün hallarda həm tərəflər, həm də həmsədr ölkələr münaqişənin yenidən alovlanmasını istəmirlər. Bunun özü danışıqlar prosesində fon yaradır. Hesab edirəm ki, ilin il aylarında yeni danışıqlar prosesinin konturlarını görə biləcəyik. Təbii ki, yekunda yenə də hər şey konkret addımlardan asılı olacaq".


Əli