“ABŞ-ın mövqeyi Azərbaycanın xeyrinə dəyişib” Layihə

“ABŞ-ın mövqeyi Azərbaycanın xeyrinə dəyişib”

Mübariz Əhmədoğlu: "Rusiya qorxur ki, ABŞ Qafqazda Azərbaycan mərkəzli siyasət aparacaq"

Tofiq Abbasov: "Nazarbayevin Azərbaycanın haqlı davasını Təhlükəsizlik Şurasının gündəminə çıxaracağı istisna deyil"

Ağır iqtisadi durumda olan Ermənistan hakimiyyəti xaricdəki erməni diasporu və beynəlxalq təşkilatlardan ianələr, qrantlar almaqla yanaşı, müxtəlif bəhanələrlə öz vətəndaşlarının da cibinə girməyə davam edirlər. Ermənistan KİV-i xəbər verir ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında hərbi qulluqçuların həyat və sağlamlığına dəymiş zərəri kompensasiya etmək üçün xüsusi fond yaradılıb. Beləliklə, yaşı 18-ə çatmış hər bir Qarabağda yaşayan erməni bu fonda ayda 1000 dram (2,1 dollar) ödəniş etməlidir.
Qanun Qarabağda ölən yaxud 1-ci qrup əlil olan hərbçinin ailəsinə birdəfəlik 10 milyon dram (21 min dollar), 2-ci qrup əlilin ailəsinə isə 5 milyon dram (10,5 min dollar) ödənişin verilməsini nəzərdə tutur. Analoji qanun 2016-cı ilin dekabrında Ermənistanda da qəbul olunmuş və ciddi etirazlar yaratmışdı.
Analoji qanunun bütün Qarabağ ermənilərinə şamil edilməsi isə, onsuz da ağır sosial durumda yaşayan sakinlərin narazılığına səbəb olub. Onların fikrincə, böyük gəlir əldə edən məmur və iş adamları ilə dövlət müəssisələrindən cüzi maaş alanların eyni məbləği ödəməsi ədalətsizlikdir.
"Mən orta məktəbdə çalışıram və aldığım maaşın 3%-ni bu fonda köçürməliyəm. Halbuki ayda yüzminlərlə dram qazanan məmurlar da mənim kimi 1000 dram ödəyəcək. Bu məsələdə sosial ədalətsizlik hiss edirəm"-deyə yerli jurnalistin sualına Xankəndi sakini Karine Atanesyan deyib.
Daha bir Xankəndi sakini Svetlana Petrosyan isə qanunla toplanacaq həmin vəsaitin təyinatı üzrə xərclənəcəyinə şübhə etdiyini deyib.
"Mən qanuna müqavimət göstərməyəcəm. Amma bütün vətəndaşların ödədiyi vəsaitin fonda köçürüləcəyinə şübhə edirəm".
Qarabağdakı separatçı rejim 1000 dramla bağlı məcburi ödənişlərin gələcək illərdə artırılacağını da istisna etməyib.
Qeyd edək ki, ağır iqtisadi durumda olan Ermənistan Dağlıq Qarabağ danışıqlarınd da dipölomatik uğursuzluqlar yaşayır. Rusiyanın xarici işlər naziri Lavrovun dekabr ayında verdiyi bəyanat Ermənistanda narahatlıqla qarşılandı.
Bu yaxınlarda isə Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir.
Azərbaycanın haqq səsinə həmişə dəstək verən Qzaxıstan sədrliyi dönəmində Qarabağ məsələsini müzakirəyə çıxarması istisna deyil. Onu da bildirək ki, KTMT-də də təmsil olunan Qazaxıstan bu təşkilatın digər üzvü Ermənistana dəfələrlə diplomatik zərbə vurub və İrəvan bununla bağlı Moskvaya şikayət edib.
Ermənistan isə Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdır. Buna görə də, hazırda beynəlxalq situasiya da Ermənistanın xeyrinə deyil.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov ötən ilin sonlarına dair keçirdiyi mətbuat konfransında erməniləri əzən bəyanat verdi. O qeyd edib ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinin bir sənədlə mümkün olmadığını dedi və mərhələli həll planından danışdı: "Bu Ermənistanı əzən bəyanatdır.
Politoloq deyib ki, ötən il ərzində Rusiya həm ədalətli, həm ermənipərəst mövqe tutub. ABŞ isə mövqeyini Azərbaycanın xeyrinə dəyişib". Onun fikrincə, ermənipərəst mövqeyi dəyişməyən tək dövlət İrandır: "İranın mövqeyini dəyişməsinə ehtiyacımız yoxdur. Biz öz inkişaf yolumuzu tapmışıq. Azərbaycan TAP, TANAP layihələrini öz hesabına maliyyələşdirir. Türkiyə, Rusiya ilə reallaşdırılan layihələrdə də biz sərmayə qoymuşuq. Həttar Rəşt-Astara dəmiryolunun tikintisini biz maliyyələşdirmişik. Ermənistan isə ağır vəziyyətdədir. İran Ermənistana yardım etdikcə, Ermənistan boğulur".
O bildirib ki, 2017-ci ilin sonlarına yaxın Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu və ATƏT-in Minsk qrupu bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində keyfiyyət dəyişikliyi kimi qiymətləndirdi. Politoloq əlavə edib ki, ötən il Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının sammiti çərçivəsində qəbul edilmiş bəyanatda münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu deyildi.
Politoloq deyib ki, Aİ əvvəlki sənədlərdə Gürcüstan, Moldova kimi dövlətin ərazi münaqişələrindən danışırdısa, artıq sonuncu sənəddə ərazi bütövlüyü məsələsini ön plana çəkdi.
Politoloq əlavə edib ki, ötən il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi dəyişib. M. Əhmədoğlu bunu strukturlaşmış mövqe adlandırıb.
O qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistanın xeyrinə heç bir fikir səsləndirmədi: "Əksinə, diplomat Ermənistanı Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmağa çağırdı. R.Mills bu halda ölkəsinin Ermənistana maliyyə ayıracağını dedi".
Politoloq əlavə edib ki, ABŞ-ın Minsk qrupundakı həmsədri Endryu Şefer münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun şərtlər irəli sürdü.
M. Əhmədoğlu əlavə edib ki, ABŞ-ın mövqeyi Azərbaycanın xeyrinə dəyişmiş mövqedir. O hesab edir ki, ABŞ Rusiyanın inhisarçı mövqeyinə son qoydu və hazırda Rusiya ABŞ-dan çəkinir: "Hətta bir-iki il əvvəl amerikalı və fransız diplomatlar Rusiyanın bu məsələdə üstün olduğunu təsdiqləmişdilər. Lakin bu Rusiya ötən ilin birinci yarısında bu mövqeyindən istifadə edə bilmədi. Rusiyalı diplomatlardan biri mətbuata sızdırdı ki, Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü Rusiya XİN təşkil edəcək. Lakin Rusiya XİN bunu təkzib etdi. Görün nə qədər ermənipərəst mövqedir?".
Politoloq əlavə edib ki, Rusiya qorxur ki, ABŞ Qafqazda Azərbaycan mərkəzli siyasət aparacaq.
Mübariz Əhmədoğlu deyib ki, ATƏT-in Minsk qrupu fəaliyyətini bu cür davam etsə, Dağlıq Qarabağ azərbaycanlıların ayağı Qarabağa dəyəcək.
O qeyd edib ki, 2017-ci ildə münaqişənin tənzimlənməsi ilə bağlı keyfiyyət dəyişikliyi olub. Digər tərəfdən Ağdərə faktoru yaranıb.
Politoloqun sözlərinə görə, həmçinin münaqişənin nizamlanması ilə bağlı Rusiyanın mövqeyindəki inhisarçılığa son qoyulub.
Politoloq əlavə edib ki, Azərbaycan aprel döyüşləri zamanı Ağdərədə götürülən ərazidə şəhərcik salmağa başlayıb. Bu o deməkdir ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində iş aparır.
Politoloq vurğulayib ki, Ağdam, Kəlbəcər və digər ərazilər nə qədər Azərbaycan ərazisidirsə, Şuşa və Dağlıq Qarabağa daxil olan digər ərazilər də o qədər hüquqi Azərbaycan torpağıdır.
M. Əhmədoğlu əlavə edib ki, prezident Ağdərədə aparılan işləri inkişaf etdirir və buna xüsusi diqqət yetirir: "Lakin Ağdərə məsələsinə tək tikinti prizmasından yanaşmamalıyıq. Çünki bu ərazinin strateji əhəmiyyəti də var". Politoloq deyib ki, Ağdərə faktoru çox vacibdir və biz oradan Kəlbəcərə çıxa bilərik.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, konstruktiv siyasət yürüdən Qazaxıstan beynəlxalq gündəmdə olan əsas və ağrılı problemlərlə bağlı hər zaman çox sağlam mövqe sərgiləyir. O vurğulayıb ki, MDB məkanında Azərbaycandan sonra Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi təsadüfi deyildi: "Əlbəttə ki, Qazaxıstan ilk növbədə geosiyasi və geoiqtisadi mövqeyinə görə çox perspektivli bir məmləkətdir. Çünki bu dövlətin inkişaf templəri diqqət çəkir. Digər tərəfdən isə Qazaxıstan həm ölkə daxildə, həm də bölgədə və Avrasiya məkanında gözləntilərə uyğun təşəbbüslər irəli sürür və onların həyata keçməsinə şərait yaradır. Bu baxımdan da Qazaxıstanı dünya miqyasında çox vacib beynəlxalq rol oynayan subyekt kimi qarşılayırlar. Bir çox məqamda Astananın balanslı siyasəti həm də aydın mənzərənin yaranmasına dəlalət edir. Məhz Dağlıq Qarabağ problemi çərçivəsində də biz bunun təsdiqini görmüşük. Astananın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi çox müsbətdir. Təhlükəsizlik Şurasına sədrlik Qazaxıstan rəhbərliyinin bütün problemlərə sağlam məfkurə ilə yanaşmasından irəli gəlir. Çünki Astana ən ağrılı dillemalarda belə düzgün qərarların tətbiqinə təsir göstərə bilir".
Politoloq Nursultan Nazarbayevin Azərbaycanın haqlı davasını Təhlükəsizlik Şurasının gündəminə çıxaracağını istisna etməyib: "Nazabayev çox təşəbbüskar siyasətçidir və onun Avrasiya üçün hələ 90-cı illərdə təklif etdiyi qarşılıqlı əməkdaşlıq konsepsiyası, regionda risklərin və təhlükəli cərəyanların zərərsizləşdirilməsi ilə bağlı yanaşmaları, inteqrasiya prosesindəki funksional rolu, Çinin təklif etdiyi yeni dəmir ipəkyolu layihəsinin gerçəkləşməsində dəstəyi, o cümlədən nüvə proqramlarının təhlükəsizliyi ilə əlaqəli konsepsiyası bütün dünya tərəfindən rəğbətlə qarşılanır. O üzdən də hesab edirəm ki, Qazaxıstanın TŞ-yə sədrliyi çox məhsuldar olacaq. Astana sədrliyi dövründə bir çox staqnasiya vəziyyətində olan münaqişlərə, o cümlədən Qarabağ böhranına xüsusi diqqəti göstərə bilər ki, bu da beynəlxalq təşkilatları, ən əsası isə Minsk Qrupunu münaqişəsinin həllinə yenidən baxmağa və tutarlı qərarlar çıxarmağa təşviq edə bilər".

Əli