Efir mədəniyyəti problemi Layihə

Efir mədəniyyəti problemi

Efirə dəvət olunan adamlar kamera qarşısında məsuliyyət hiss etməlidir

Bir çox hallarda söz azadlığı, fikir plüralizmi yanlış anlaşılır. Xüsusilə televiziyalarda söz azadlığı, fikir plüralizmi ilə bir araya sığmayan anormallıqlara tez-tez rast gəlmək olur. Əksər proqramlar isə baxılmalı vəziyyətdə deyil. Çünki efirə dəvət olunan qonaqlar tamamilə efir mədəniyyətindən uzaq adamlar olurlar. Mövzu ilə bağlı müstəqil fikir yürüdə bilmirlər. Efir etikasına uyğun olmayan nalayiq ifadələr işlədirlər. Veriliş ərəfəsində işlətdikləri sözlərə fikir vermirlər. Xüsusilə də belə hallar canlı yayımlar zamanı baş verir.
Telekanallar isə bildirirlər ki, canlı efirdə belə halların qarşısını almaq müşkül məsələdir. Halbuki televiziyalar qonağı tamaşaçı qarşısına çıxarmamışdan öncə onun hansı mədəniyyət sahibinə malik olduğunu bilməlidir. Çox təəssüf ki, veriliş efirə getsin deyə hər yoldan ötəni qonaq qismində verilişlərə dəvət edirlər. Bu isə ilk növbədə, tamaşaçılara qarşı hörmətsizlikdir.
Hər kəs bilməlidir ki, efirdə nalayiq ifadələrdən istifadə etmək, vulqar sözlər söyləmək yasaqdır. Tamaşaçı qarşısına çıxan hər kəs nümunəvi olmalıdır ki, seyirçilər də onlardan örnək götürsün. Ona görə də ilk növbədə telekanallar efirə kimi çıxardığını bilməlidir, xalqa qarşı sayğısızlığa yol verməməlidirlər. Verilişdə iştirak edən hər bir qonaq yüksək efir mədəniyyətinə malik olmalı və bütün etik normalara əməl etməlidir. Nəzərə alsaq ki, şou xarakterli proqramlara daha çox gənc nəsil baxır, o zaman efir mədəniyyətinə uyğun olmayan kəlmələrin səslənməsi həmin gənclərin tərbiyəsinə hansı formada təsir edə bilər?
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media üzrə ekspert Qulu Məhərrəmli verilişlərdə nalayiq ifadələrin səslənməsinin səbəbinin efir mədəniyyətinin aşağı olması ilə bağlı olduğunu qeyd etdi: "Mənə elə gəlir ki, efirə dəvət olunan adamlar kamera qarşısında məsuliyyət hiss etməlidir. Kamera qarşısında olduqlarının fərqinə varmalıdırlar. Belə olmayanda təbii ki, bu cür məsuliyyətsiz, ümumi mədəniyyətdən uzaq, tamaşaçıların əhval-ruhiyyəsinə pis təsir edən ifadələr işlədirlər. Bunun qarşısını almağın ən yaxşı yolu odur ki, bu cür adamları proqramlara dəvət etməsinlər. Ümumiyyətlə, şou proqramların sayı artdıqca televiziya mədəniyyəti, ünsiyyət mədəniyyəti bundan zərər çəkir.
Bu cür məişət səviyyəli verilişlər hazırlayanda təbii ki, tanınmış, özünə hörmət edən adamlar həmin verilişlərə getmirlər. Ona görə də məcbur olub o verilişin səviyyəsinə uyğun adamlar çağırırlar. O adamların ümumi mədəniyyəti aşağı olur. Təfəkkürləri bəsitdir və təbii ki, ünsiyyətdə də problemləri olur. Ona görə də bu cür ifadələr səsləndirirlər. Televiziyada prodüsserlər diqqətli olmalıdırlar. Bunun qarşısını almağın yolu budur".
Sosioloq Əhməd Abbasbəylinin fikrincə, televiziya efirlərində yayımlanan keyfiyyətsiz verilişlər də gənclərin düşüncələrinə təsir edir: "Bəzən olur ki, süni şəkildə düzgün olmayan təbliğat aparılır. Bu baxımdan əsas məsuliyyət televiziyaalrın üzərinə düşür. Televiziyalarda yayımlanan şou-biznes, maqazin verilişləri çox keyfiyyətsiz şəkildə hazırlanır. Onlar bunu avropalaşmaq kimi göstərmək istəyirlər. Amma əslində bu belə deyil. Digər ölkələrin kanallarında verilişlərin bərabərliyi qorunub saxlanılır. Günün müəyyən hissəsi şou-biznes verilişlərinə həsr olunsa da günün müəyyən hissəsi də ciddi, tərbiyəvi, siyasi verilişlərə həsr olunur. Amma bizdə çox təəssüf ki 90% verilişlər əyləncə xarakterlidir. Bu da gəncləri düzgün şəkildə istiqamətləndirmir. Ona görə də bizim gənclər düşünürlər ki, Avropa elə bu deməkdir".
Əhməd Abbasbəyli avropalaşmanı bu cür təsvir edir: "Avropalaşma ilk növbədə insanın özünün dəyərlərinə hörmət deməkdir, demokratik dəyərlərə hörmət deməkdir, daha sonra iqtisadi, mədəni, texniki inkişaf deməkdir. İlk növbədə küçədə, ictimai yerlərdə öz hərəkətlərinə fikir verməkdir. Bu sürücülərin davranışında da özünü göstərməlidir. Çox təəssüf ki, biz hər şeyin pis tərəfini qəbul etməyə çalışırıq. Biz bu gün Avropaya inteqrasiya istiqamətində gedirik, istər geyim tərzi baxımından, istər texnoloji inkişaf baxımından, və s. Avropalaşmanı düzgün başa düşən və düzgün anlayan insanlar bilirlər ki, bu, milli mentalitetin itirilməsi deyil. Bir çox hallarda KİV, xüsusilə də televiziyalar Avropanın müsbət dəyərlərindən çox mənfi dəyərlərini təbliğ edirlər. Xüsusilə də bunu şou-biznesin fonunda həyata keçirirlər. Onsuz da dünyanın hər yerində şou-biznesin özünün eybəcərlikləri var. Amma bunu bütün Avropaya şamil etmək ki, avropalılar bu cür yaşayır, bu artıq düzgün deyil. Şou-biznes insanları başqa həyat sürür, normal insanlar başqa. Şou-biznes insanlarının həyat tərzini bütöv Avropaya şamil etmək olmaz. Azərbaycan xalqının həyat tərzi heç də şou-biznesin həyat tərzi deyil".
Əhməd Abbasbəyli qeyd edib ki, bu gün efirlərdə orta məktəbi bitirməyən savadsızlar xalqa əxlaq dərsi deyir. Bunun Avropaya heç bir aidiyyatı yoxdur: "15-16 yaşlı gənc televiziyaya baxanda əxlaqı, tərbiyəsi, savadı, mədəniyyəti sual altında olan bir insanı gördükdə həmin gənc də düşünür ki, bu cür həyat tərzi normaldır. Ekranlarda açıq-saçıq geyinib gözümüzü yığır edən insanların Avropa mədəniyyətinə nə kimi aidiyyatı var? Bunu Avropa mədəniyyəti kimi qəbul etmək olmaz. Bu barədə KİV-də güclü təbliğat işi aparılmalıdır. Avropa mədəniyyəti Baxdan, Motsartdan, Bethovendən başlamış insani keyfiyyətlərə dəyər verən mədəniyyətdir".
Jurnalist Fəxriyyə İkramqızı hesab edir ki, bu gün Azərbaycan televiziya və radio kanallarında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür: "Efir məkanında xaos hökm sürür, vəziyyət heç də ürəkaçan deyil. Telekanallarımız cəmiyyətin tələblərinə cavab vermir. İnsanlar həmin telekanallarda görmək istədiklərini deyil, əsəbləri bahasına başa gələn və görmək istəmədiklərini görürlər. Belə ki, ölkənin efir məkanında maarifləndirmə xarakterli verilişlərin sayının azlığı, bəzi kanallarda isə ümumiyyətlə, olmaması ciddi narahatlıq doğurmaqdadır.
Telekanallar cəmiyyətin güzgüsü olmalıdır. Cəmiyyətdə baş verən bütün pozitiv və neqativ məsələlər televiziya kanallarında işıqlandırılmalıdır, ictimai müzakirəyə çıxarılmalı və həlli yolları tapılmalıdır. Çox təəssüf ki, buna nadir hallarda rast gəlirik. Son bir neçə aydır ki, dövlət qurumlarının rəhbərləri televiziya kanallarında yayımlanan bayağı verilişləri tənqid edir. Həmin verilişlər dəfələrlə mətbuatda müzakirə obyektinə çevrilib. Lakin bəzi televiziya kanalları edilən tənqidlərdən heç bir nəticə çıxarmırlar. Bu sahədə problemlər azalan tendensiya üzrə yox, artan tendensiya üzrə gedir. Efir məkanında milli-mənəvi dəyərlərimiz lazımınca qorunmur. Maarifləndirici, vətənpərvərlik ruhda olan verilişlər, gənclərin intellekt səviyyəsini artıran proqramlar, debatlar demək olar ki, yox səviyyəsindədir. Telekanallar əsasən şou, əyləncə xarakterli verilişlərə üstünlük verir. Eyni süjet xəttinə malik belə bayağı telelayihələr də içi dayaz, dünyagörüşü zəif olan müğənnilər tərəfindən aparılır. Həmin verilişlərə əksər vaxtlarda musiqi təhsili olmayan insanları dəvət edirlər. Bu isə şou proqramlara meylli olan gənclərin mənəviyyatını korlayır. Belə olan halda musiqini anlayan və musiqi zövqünün korlanmasını istəməyən insanlar belə proqramlara baxmaqdan vaz keçirlər. Müğənnilərin çoxu isə, ümumiyyətlə, efir mədəniyyətinin nə olduğunu bilmir".
Onun sözlərinə görə, efir etikası barədə məlumatı olmayan şou əhlini efirə aparıcı kimi çıxarırlar: "Bu gün televiziya və radio kanallarında peşəkar aparıcı çatışmazlığı var. Jurnalistikadan heç bir anlayışı olmayan və özünə aparıcı deyən bir çoxlarını efirə çıxarırlar. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. Lakin peşəkar aparıcının nitqində, davranışında, geyimində qüsur olmamalıdır. Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması artıq adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı ədəbi dilə ziddir. Televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Orada hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Ona görə də sovet dövründən sonra da özəl telekanalların sayı az olanda telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma son zamanlar çox təəssüf ki, özəl telekanalların sayı artdıqca, ümumiyyətlə verilişlərin sayı artdıqca bunlara əməl etmək unudulub... Çünki verilişə çağırılan qonaqlar efir mədəniyyətindən uzaq olurlar. Mövzu ilə bağlı müstəqil fikir mübadiləsi apara bilmirlər. Efir etikasına uyğun olmayan ifadələr işlədirlər. Xüsusilə də belə hallar canlı verilişlər zamanı baş verir. Günahı boynundan atmağa çalışan telekanallar bildirirlər ki, canlı efirdə belə halların qarşısını almaq müşkül məsələdir.
Belə proqramlara baxan uşaqlar sabah hansı tərbiyə sahibi ola bilər? Ona görə də zaman-zaman uşaq televiziyalarının yaradılması məsələsi ortalığa atılır. Belə bir kanalın açılmasının vacibliyi tez-tez vurğulanır. Çünki uşaqlarla bağlı cizgi filmlərinin, verilişlərin sayı həddən artıq azdır. Bu baxımdan da belə bir kanalın açılması zəruri hesab olunur. Telekanallarımız illər boyu əldə etdikləri nailiyyətləri zaman-zaman əldən verirlər. Bu baxımdan da kanallarımız tamaşaçı auditoriyasını itirib".

Əli