Yalnız bir yol var - Qarabağda müharibə Layihə

Yalnız bir yol var - Qarabağda müharibə

Dağlıq Qarabağ münaqişəsi ətrafında görünməyən, bir qədər də maraqlı proseslər baş verir. Düşənbə razılaşmasından sonra təmas xəttində sabitlikdir, lakin hazırda seçkilərə hazırlaşan Nikol Paşinyan "vətənpərvərlik" pafosundan daxili auditoriya üçün istifadə etməyə davam edir. Paşinyanın iddialarını, xüsusilə Düşənbə razılaşmasına rəğmən "Qarabağ danışıqlarda əsas tərəf olmalıdır" kimi absurd çıxışlarını "seçki təlaşı" hesab etmək olar. Lakin onun mövqeyi seçkidən sonra dəyişəcəkmi?
Son günlər Qarabağ ətrafında qeydə alınan bəzi nüanslar bu sualı gündəmə gətirir.
Mümkündür ki, Paşinyan seçkidə xal qazanmaq üçün Qarabağ faktorundan gen-bol istifadə edəcək, istədiyinə nail olandan sonra danışıqlar masasına konstruktiv mövqe ilə əyləşəcək. Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən "Paşinyanın komandası qalib gələrsə, bu, münaqişənin həlli ilə bağlı real addımlar atmaq imkanı yaradacaq" açıqlamasını da "Sahibləri Paşinyandan münaqişənin həll edilməsini tələb edir" kimi də oxuya bilərik. ABŞ-İran qarşıdurması da bununla bağlı bir sıra versiyaları ortaya çıxarır.
Amma kim zəmanət verir ki, Paşinyan seçkiyə qədər danışıqlar atmosferinə zidd açıqlamalarla xal qazanaraq, istədiyinə nail olandan sonra danışıqlar masasına əyləşəcək?!
Əslində Boltonun, ondan sonra regiona gələn həmsədrlərin səfərindən dərhal sonra Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə gəlişi və burada 3 gün boyunca qalması diqqət çəkir. Paşinyan təmas xəttində erməni əsgərlərlə selfi çəkdirərək, "Adımız Ermənistan ordusudur" şüarı ilə virtual aləmdə car çəkdi. Onun bu addımı da daxili auditoriyaya yönəlib. Lakin təcrübə erməni rəhbərliyinin təmas xəttinə gəlişinin təxribat hücumları ilə yadda qaldığını deməyə əsas verir. Hətta "demokratiya bayrağı" altında hakimiyyətə gələn Paşinyanın cəbhəyə səfərləri də təxribat seriyasından fərqlənməyib. Bu ilin may ayında myeni müdafiə naziri David Tonoyanla xarici işlər naziri Zoqrab Mnasakanyanın Naxçıvan sərhədinə gəlişi bunun bariz nümunəsidir.
Paşinyan da anlayır ki, ona seçkini keçirməyə icazə verilibsə və daxili auditoriyanı ələ almaq üçün Qarabağla bağlı absurd iddialarına göz yumulursa, danışıqlar masasına həll prosesinin tərəfdarı kimi gəlməlidir. Və onun masaya əyləşməsi erməni qoşunlarının ən azından Qarabağ ətrafındakı rayonlardan çıxarlması ilə nəticələnə bilər. Hətta buna razı olmasa belə təzyiqlərin qarşısında duruş gətirə bilmək təhlükəsi mövcuddur.
Masadan qaçmağın yalnız bir yolu var: Qarabağda müharibə.
Müharibə Paşinyana daxili problemlərin unudulması, verdiyi iqtisadi vədlərin bir kənara atılması, bir lider olaraq daha da güclənməsi, ən asas da danışıqlar masasından qaçmasına kömək edə bilər. Digər tərəfdən, ABŞ-İran qarşıdurması fonunda Qarabağda, yəni İran sərhədlərində baş verəcək müharibə regionda ciddi qarışıqlığa səbəb ola, eləcə də Vaşinqton anti-İran planları fonunda müharibəni davam etdirməsi üçün Ermənistana bu və ya digər formada dəstək verə bilər. Və Paşinyan müharibə planını məhz seçkidən sonra, çox güman ki, yaz aylarına saxlayacaq. Erməni politoloq Aleksandr İskəndəryanın "Yazda Qarabağda eskalasiya ola bilər" açıqlaması da bu kontekstdə diqqət çəkir.
Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək. Bunu açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
E.Aşırlı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıtmağın həsrəti ilə yaşayırlar:
"Düşmən bilməlidir ki, bu həsrətlə yaşayan Azərbaycan xalqı heç bir zaman işğalla barışmayacaq. Azərbaycan xalqı mərd xalqdır və torpaqlarımızın işğal altında qalması ilə barışa bilməz. Aprel döyüşləri də Azərbaycan xalqının mərdliyini, igidliyini nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin də vurğuladığı kimi, aprel döyüşlərindən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Ermənistan ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilməyib".
Analitik qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, mədəni, hərbi, həmçinin demoqrafik baxımdan böhran içərisindədir:
"Lakin belə görünür ki, işğalçı ölkə bütün bunlardan dərs çıxartmayıb. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi göstərir ki, o da bundan əvvəlki kriminal rejimin səhvlərini təkrarlayır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və qoşunları işğal altında olan Azərbaycan torpaqlarından çıxartmalıdır. Əks halda Ermənistan növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz heç bir zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaransın".
Politoloq onu da qeyd edib ki, artıq dünya birlikləri və dövlətləri Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü etiraf etməyə başlayıblar.
Bu arada Zaman Bayvanın müəllifliyi ilə "Parliament Times"də (Pakistan) maraqlı bir yanaşmasını qeyd etmək istərdik.
WorldMedia-nın yazdığına görə, müəllif yazır ki, Pakistan-Azərbaycan-Türkiyə yaxınlaşması Pakistanın özündəki bəzi ermənipərəst qüvvələrin də narahatlığına səbəb olub.
Məsələn, İslamabadda dərc olunan ən nüfuzlu qəzetlərdən birində faktların təhrif edildiyi məqalə ilə tanış olmuşam. Həmin məqalədə Pakistanın Ermənistanla diplomatik əlaqələri haqda yeni mövqe ortaya qoyulub. Görünür bu məqalənin müəllifi yaxşı məlumatlandırılmayıb, obyektiv deyil və Ermənistanyönümlüdür. O, İslamabadla Bakı arasındakı əlaqələrə kölgə salmağa çalışır.
Müəllif yazır ki, guya Pakistan Ermənistanın müstəqilliyini Türkiyəyə görə tanımır. Bu, tamamilə yalandır. O, Azərbaycan xalqının Pakistanı necə sevdiyini və ona necə hörmət etdiyini bilmir. Azərbaycanlılar Pakistan uğrunda döyüşməyə belə, hazırdır. O başa düşmür ki, əsasən Qərb ölkələrinin dəstəklədiyi erməni lobbisi iki müsəlman qardaş ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyir. Erməni lobbisi Azərbaycan, Pakistan və Türkiyə kimi müsəlmanlar ölkələri arasındakı birliyi, güclü əlaqələri məhv etməyə çalışır. Müəllif onu da bilmir ki, Bakı İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi üzrə Kontakt Qrupunun 4 üzvündən biridir. Bu qrupda Ankara da yer alır. Beləliklə, Azərbaycanla Türkiyə Kəşmir məsələsində Pakistanı dəstəkləyir, üstəlik hər il bu mövqelərini yüksək səviyyədə təkrar edir.
Bu üç ölkə arasında müxtəlif sahələrdə, xüsusilə, hərbi sahədə güclü əlaqələr var. Bu yaxınlarda Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin görüşü də nəzərdə tutulub.
Ermənistan Azərbaycan ərazisinin 20%-dən çoxunu işğal edib. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal altında saxlaması Cənubi Qafqaz regionunda bu gün də sülhə və təhlükəsizliyə təhdiddir. Bu, Cənubi Qafqazda ciddi gərginlik mənbəyidir.
Azərbaycanın Dağlıq Qarabağ üzərində hüququ BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiq olunub. Bu haqda 4 qətnamə qəbul edilib: 822, 853, 874 və 884. Bu qətnamələrdə Azərbaycana güc tətbiqi, onun ərazilərinin işğalı qınanır. Sənədlərdə bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi də vurğulanır, Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz ərazisi olduğu bir daha qeyd edilir. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur.
Azərbaycan Ermənistana qarşı heç vaxt təcavüzkar siyasət yürütməyib. Əksinə, Ermənistan silahlı qüvvələri Xocalı şəhərində köməksiz azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, soyqırım törədib.
Pakistan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı bu səbəbdən hələ də müstəqil dövlət kimi tanımır. Pakistan parlamenti, Senatı və xarici məsələlər üzrə daimi komitəsi Azərbaycan xalqı və hökumətilə həmrəy olduğunu dəfələrlə nümayiş etdirib. Pakistan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, həmçinin Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı qınayıb. Türkiyə, Səudiyyə Ərəbistanı və bəzi digər müsəlman ölkələri də məhz Azərbaycan ərazilərini işğal etdiyi üçün təcavüzkar Ermənistanla diplomatik əlaqələr qurmur.
Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir. O, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tamamilə və qeyd-şərtsiz tərk etməsilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb edir. İslamabad beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə həmçinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyir.
Təəssüf ki, pakistanlı yazar real faktlara əsaslanmayan məqaləsilə Pakistanın Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşları ilə ikitərəfli əlaqələrini pozmağa çalışır.
Beləliklə, erməni lobbisi Azərbaycanla Pakistan arasındakı əməkdaşlığı, qardaşlıq münasibətlərini pozmaq üçün bütün gücündən istifadə edir. Pakistanın Ermənistanın müstəqilliyini tanıması bizə nə verə bilər ki? Mənfi imic və Bakı ilə münasibətlərin pisləşməsindən başqa heç nə! Pakistan Ermənistanın müstəqilliyini tanıyarsa, Azərbaycan və Türkiyə kimi qardaş ölkələri, həmçinin Pakistanın pis və yaxşı günlərində onun yanında olan 80 milyon türkün, 50 milyon azərbaycanlının hörmətini itirəcək.
Cavid