"Biz KTMT-yə üzv olmağı hədəf seçməyimiz müvafiq sənədlərin heç birində qeyd olunmayıb. Nə qədər ki, Qoşulmama Hərəkatına üzvük, bu haqda danışmağın özü mənasız vaxt itkisidir. O ki qaldı bizim bu təşkilatda müşahidəçi və tərəfdaş ölkə kimi təmsil olunmağımıza, əvvəla onu qeyd edim ki, biz münaqişənin beynəlxalq hüquq prinsiplərinə söykənərək dinc yolla həllinə sadiqik. İndiyə qədər də bizim torpaqları geri qaytarmaqla bağlı müharibəyə başlamamağımız məhz bu siyasətimizdən qaynaqlanır. Ancaq bu o anlamda da deyil ki, biz limitsiz olaraq, sonsuza qədər bu vəziyyətlə barışacağıq".
Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirov buldirib: "Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ən azı Aprel döyüşləri göstərdi ki, biz torpaqlarımızın işğal altında olması ilə heç vaxt barışmamışıq və barışmayacağıq. Onu geri qaytarmaq üçün də bizim hər cür potensialımız var. Burada ilk növbədə hərbi potensialımızı qeyd etməliyəm. Bu bir həqiqətdir. Məsələ ondadır ki, biz məhz məzmun və mahiyyət üzrə danışıqlar istəyirik. Bu danışıqların hansı vəziyyətdə olması, bizi hansı perspektivin gözləməsi ilə bağlı sualın cavabını Ali Baş Komandan qədər heç kim bilə bilməz. O, hər şeyi çox gözəl bilir. Məhz o, siyasi qərar qəbul edə bilər ki, danışıqlar davam etdirilsin və ya artıq hərbi yola əl atmaq lazımdır".
Politoloq qüyd edib ki, belə vəziyyətdə məcbur olub münaqişəni qeyri-dinc yolla həll etmək istiqamətində addım atsaq, bu özü də beynəlxalq hüquqa söykənən addım olacaq. Belə ki, BMT nizamnaməsinin 51-ci maddəsinə görə, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Necə ki, 2001-ci 11 sentyabrında ABŞ-a qarşı terakt baş verərkən bunun mənbəyi qismində Əfqanıstandakı Taliban hərəkatı göstərildi. Belə olan vəziyyətdə ABŞ xüsusi olaraq qərar gözləmədi. Elə bayaq haqqında bəhs etdiyimiz 51-ci maddəni əsas götürərək, 2001-ci ilin oktyabr ayının 7-dən Əfqanıstanın ərazisindəki Taliban rejimini bombalamağa başladı. Biz də ona əsaslanıb analoji addımı ata bilərik: "Eyni zamanda BMT Təhlükəsizlik Şurasının məlum münaqişə ilə bağlı 4 qətnaməsi var, orada Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal etdiyi ərazidən çıxarılması məsələsi qoyulub. Analoji sənədləri Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT və digər bu kimi təşkilatlar qəbul edib. Amma bu gün həmin sənədlər işləmir. İlk növbədə biz bu halda BMT Nizamnaməsinin 25-ci maddəsinə istinad etməliyik. 25-ci maddəyə görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Onda sual yaranır ki, 1993-cü ildə qəbul etdiyiniz 4 qətnamənin icrası niyə 25 ildir gecikir?! Deməli, bu, ikili standartlardır. Özləri öz maddələrini təkzib edirlər. Hesab edirəm ki, qəbul edilib, amma işləməyən sənədlər bu gün kağız parçasına oxşayır, amma biz hərbi yolu seçəndə o kağız parçaları bizim üçün hüquqi fakt, arqumentdir. Biz hərbi əməliyyata başlasaq, bu, tamamilə beynəlxalq hüquqa uyğun addım olacaq. Sadəcə Ali Baş Komandan hələlik hesab edir ki, danışıqların limiti tükənməyib. Hələ ki, müəyyən imkan və potensial var ki, bu münaqişə dinc yolla həllini tapsın".
Millət vəkili qeyd edib ki, yenilənmiş Madrid prinsipləri Qarabağda əsas müzakirə mövzusudur. Söhbət 2004-cü ildə əsası qoyulan Praqa prosesinin davamından gedir. Həm Praqa prosesi, həm də yenilənmiş Madrid prinsiplərinə görə, münaqişə paket deyil, yalnız və yalnız mərhələli şəkildə öz həllini tapmalıdır. Mərhələli həll isə nəyi özündə ehtiva edir? Burada birinci növbədə Dağlıq Qarabağın özü deyil, ətrafındakı 7 rayonun işğaldan azad olunması nəzərdə tutulur. Müxtəlif taktiki yanaşmalar var. Məsələn, 5+2 variantı ən çox hallandırılan məsələlərdir: "O ki qaldı bütövlükdə Dağlıq Qarabağla bağlı məsələyə, hesab edirəm ki, bu, ən axırıncı mərhələ kimi götürülüb. Buna görə, Dağlıq Qarabağa aralıq statusu verilir. Bu statusun verilməsi o deməkdir ki, bu ərazi nə Azərbaycanın, nə də Ermənistanındır. İşğaldan digər rayonlar azad edilib bizə qaytarılır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır ki, bu iki xalq yenidən yanaşı yaşasın. Hərbi əməliyyatın baş verməməsi üçün də buraya sülhməramlı qüvvələr yerləşdirilir. Bu proses o vaxta qədər davam edəcək ki, bu iki xalq qonşu olduqlarının fərqinə varsın, olub-keçənləri unutsun. Buna da bəzən 10, 20, 25 il lazım olur. Elə bir zaman gəlməlidir ki, artıq müharibənin başlaması imkanları 0-a bərabər olsun. İnsanlar artıq düşünsün ki, 20 il bundan qabaq sosial, iqtisadi durum necə idi və indi necədir? Artıq elə bir vəziyyət yaranmalıdır ki, insanlar bir-biri ilə salamlaşsın, aradakı münasibətlər unudulsun, daha bir-birinə düşmən gözü ilə baxılmasın. Həmin reallıqda isə artıq oradakı etnik nöqteyi-nəzərdən demoqrafiq vəziyyət də stabilləşməlidir. Əgər Dağlıq Qarabağın hamısı erməni icmasıdırsa, bu halda 20 il yox, 100 il keçsə də, seçkilərin nəticəsi dəyişməyəcək. Yəni onlar Qarabağın Azərbaycandan qoparılmasını istəyəcək. Ona görə bu məsələ birdən-birə həll edilə bilməz. İlk növbədə zaman lazımdır ki, azərbaycanlılar Dağlıq Qarabağa, çıxarıldıqları ev-eşiklərinə qayıtsınlar, demoqrafiq vəziyyət dəyişsin, burada birgə yaşayış bərpa olunsun. Vaxtı ilə Köçəryanın dediyi etnik uyğunsuzluq məlum olsun ki, bir irqçi nəzəriyyədir. Biz etnik baxımdan, əksinə, bir-birimizə uyğun gəlirik. Hesab edirəm ki, bu halda bizim böyük üstünlüyümüz ola bilər".
Deputat qeyd edib ki, işğaldan azad olan torpaqlarımızda yenidənqurma işləri aparılır. Qondarma rejimin olduğu ərazidən baxanda görürlər ki, sözün həqiqi mənasında abad bir şəhər, kənd, hər yanda infrastruktur layihələri həyata keçirilir. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir və s. Yəni bir kəndin, şəhərin mövcudluğu üçün bütün ən müasir lazımi məsələlər öz həllini tapır. Erməni tərəfə baxdıqda isə dağılmış kəndlər görünür, insanlar artıq burada yaşamaq istəmirlər, infrastruktur bərbad vəziyyətdədir və s: "Müqayisə edəndə onlar da görürlər ki, Azərbaycanın tərkibində olmaq ona hansı şansları yaradır, hansı gələcəyi vəd edir. Hesab edirəm ki, bu halda Dağlıq Qarabağın obyektiv, ədalətli statusunun müəyyən edilməsi işi daha asanlaşar".
Paşinyan hiss edir ki, getdikcə inqilab eyforiyası başa çatır və bu müddətdə parlament üstünlüyünü də təmin etmək istəyir. Amma söhbət ondan gedir ki, bəs bundan sonra necə olacaq?! O, Ermənistanın bütün bəlalarının kökündə işğalçılıq siyasətinin dayandığını dərk etməlidir. Lakin seçkilərə qədər onun daha çox populist bəyanatlar verməsi də anlaşılan və gözlənilən idi. Onun bütün bəyanatları daha çox daxili auditoriyaya ünvanlanıb. O, indi daha çox Dağlıq Qarabağa səfərlər edir, Azərbaycanla həmsərhəd olan ərazidə görüşlər keçirir. Bu özü də bir mesajdır. Paşinyanın indi nə deyəcəyi bizim üçün əhəmiyyətli deyil. Onun bütün davranışı daha çox ona istiqamətlənib ki, Qarabağ məsələsində onu kompromisə meyilli siyasətçi kimi tanımasınlar. Hakimiyyətdən getmiş qüvvələr onu məhz bu məsələdə güzəştli mövqe tutmuş siyasətçi kimi təqdim etmək istəyir. Əsas məsələ odur ki, 2019-cu ilin əvvəlindən başlayaraq, münaqişənin həlli ilə bağlı hansı istiqamətdə addımlar atılacaq: "Biz beynəlxalq siyasətdə belə halların şahidi olmuşuq. Məsələn, 2008-ci ilin noyabr ayında Barak Obama Demokratlardan namizədliyini verərkən erməni seçicilərin səsini toplamaq üçün, yəni daxili auditoriyada öz qalibiyyətini şərtləndirmək üçün daha çox ermənipərəst mövqe ortaya qoydu. Erməni lobbi və diasporunun güclü dəstəyini almaq üçün təkcə demədi, həm də yazılı olaraq, bildirdi ki, prezident seçilsə, erməni soyqırımı məsələsində prinsipial mövqedə dayanacaq və onu tanıyacaq. Bu 2008-ci ildə oldu. 2009-cu ildən artıq o, prezident seçildi. O, hakimiyyətdə 8 il olmasına baxmayaraq, yazılı olaraq verdiyi bu vədi yerinə yetirmədi. Hətta onun prezidentliyinin sonunda erməni lobbisi və diasporu bütün dünyaya bəyan etdi ki, hələ ABŞ-ın tarixində Obama qədər yalançı prezident olmayıb. O zaman Barak Obama cavab verdi ki, mən sözümün üzərində dayanmışam, yəni mənə 2008-ci ilin noyabr reallığını qaytarın, mən sözümün ağasıyam. Mənim çiyinlərimə o boyda dövlətin məsuliyyəti düşəndən sonra gördüm ki, belə addımların atılması ABŞ-ın milli maraqlarına hansı zərbəni vura bilər. Eyni məntiqlə Paşinyan da bu gün çox şey deyə bilər, amma real hakimiyyət onun əlində olduqdan, baş nazir kimi fəaliyyətə başlayandan sonra o da obamasayağı gedişlər etməyə məcbur olacaq.
Nəzərə alsaq ki, bu gün Ermənistan özü üçün əsas dayaq hesab etdiyi Rusiya ilə münasibətləri də heç vaxt olmadığı qədər pisdir. Amerikanın nüfuzlu "beyin mərkəzləri"ndən olan "Stratfor" (MKİ-yə yaxınlığı ilə seçilir) hesabat yaydı ki, Paşinyan hakimiyyətə gələndən sonra onun reallaşdırdığı siyasət daha çox qərbyönlüdür. İndiki halda onu Rusiyanın caynağından qoparmaq üçün çox yaxşı imkanlar var. Xüsusilə də bunun mühüm göstəricisi kimi Boltonun səfərdə olarkən Paşinyana rus silahından imtina edib, ABŞ silahını almaq təklifinə loyal münasibət göstərməsini qeyd edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, bizim indiki halda Ermənistanı Rusiyadan qoparmağımız üçün çox yaxşı şansımız yaranıb. Bundan maksimum istifadə etməliyik. Bunu Moskva da, Putin də görür. Bu, açıq təbliğat sənədidir. Hesab edirəm ki, Ağ Evə, MKİ-yə göndərilən sənədlərdə Ermənistanla bağlı daha konkret məqamlar yer alır. Bu nöqteyi-nəzərdən Paşinyan Qərb üçün vaxtı ilə Qorbaçovun SSRİ-də oynadığı rolu oynaya bilər. Yəni onun Qərbin adamı olması şübhəsizdir. Öz simasını nə qədər gizlətsə də, Putinə onun kimliyi aydındır. O, Putinlə ikitərəfli danışıqlar zamanı Rusiyanı dost adlandırıb, onun ardınca təhsil və mədəniyyət naziri vəzifəsinə rus dilinin Ermənistanda ləğv edilməsini tələb edən nazirlər gətirir. Paşinyanın Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin etdiyi şəxs bu vəzifədən öncə antirusiya çıxışları ilə məşhur idi. Bütün bu reallıqları üst-üstə gəldikdə hesab edirəm ki, bu gün münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeləri daha da güclənib. Bizim münaqişənin həlli ilə bağlı diplomatik üstünlüyümüz təmin edilib. Bu qondarma rejimin keçirdiyi sonuncu referendumda da öz əksini tapdı. Heç bir dünya dövləti, heç bir beynəlxalq təşkilat burada keçirilən referendumun nəticələrini tanımır. Bu o deməkdir ki, bütün dünya növbəti dəfə dedi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bununla bizim siyasi üstünlüyümüz təmin edilib. Hərbi üstünlüyümüz isə Aprel döyüşlərindən sonra hər kəsə bəllidir".
Cavid