İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı Layihə

İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı

5-ci yazı

Rusların bütün qüvvəsi Böyük Qarakilsə kəndində cəmləşmişdi. Burada 4 batalyon, 20 topa malik 3 bölük və 370 nəfərdən ibarət süvari dəstə vardı. İyulun 29-da Sevarsamidze əlavə kömək almasına baxmayaraq, rus qoşunlarının vəziyyəti acınacaqlı idi. Kənd hər tərəfdən İrəvan qoşunu tərəfindən güclü mühasirəyə alınmışdı. Digər tərəfdən ərzaq çatışmamazlığı rus qoşununu əldən salmışdı. Vəziyyətin acınacaqlı olduğunu görən A.P.Yermolov bütün qüvvələri Cəlaloğlu qalasına çəkilməyi əmr etdi. Avqustun 1-də rus qoşunu tikililəri yandıraraq geri çəkildi. Arxadan rus qoşununu təqib edən irəvanlılar onlara xeyli itki verdi. Döyüşlərin birində İrəvan xanının Borçalılara yazdığı məktubunu aparan bir azərbaycanlı döyüşçü ələ keçirildi. Sevarsamidzenin əmri ilə o asılmaqla cəzalandırıldı. Nəhayət, avqustun 15-də rus qoşunu Cəlaloğlu qalasına gəlib çatdı.
Beləliklə, İrəvan qoşunu iki həftə ərzində bütün Pəmbək və Şuragölü rus qoşunundan təmizləyir. Bu əməliyyatın nəticəsini osmanlı mənbəyi belə təsvir edir: "İrəvan sərdarı və qardaşı Həsən xan Abadan qalasını azad edib, oradan qaçıb Qarakilsəyə sığınan rusları qılıncdan keçirərək yeddi yüz tərəkəməni İrəvan, Gümrü qəzasının dörd kəndini köçürür, daha dörd kəndi isə Qars paşalığında Maqazberd bəyi Şərif ağaya təslim etmişdi. İrəvanlıların bu genişmiqyaslı yürüşü nəticəsində rus qoşunu 158 nəfər əsgər və zabit itirmişdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Hüseynqulu xanın başçılığı ilə digər bir dəstə Göyçə gölünü dolanmaqla Şəmşəddil əyalətinə doğru hərəkət edərək, Zəyəm çayı sahilində yerləşən yüksəklikdə düşərgə salmışdı. İrəvan xanı Carda yerləşən gürcü şahzadəsi Aleksandırın və Şəki xanının qüvvələri ilə birləşərək buradan Kaxetiyaya hücum etmək niyyətində idi. Zəyəm çayı ətrafında dayanan Hüseynqulu xan vəziyyətdən istifadə edərək Şəmşəddil, Borçalı və Qazax əhalisinə məktub göndərərək onları rus qoşununa qarşı mübarizəyə çağırırdı. O, Qazax əhalisinə göndərdiyi məktubda yazırdı: "Ruslarla bizim aramızda sülh olanda xahiş edirdiniz ki, sizi və ailənizi rusların əlindən qurtaraq... Artıq bu vaxt yetişib". Tezliklə, İrəvan xanının bu çağırışı əhali tərəfindən rəğbətlə qarşılandı.
Rus komandanlığı Hüseynqulu xanın xalq arasında nüfuzunun artmasından qorxaraq və onun hərəkətinin təhlükəli olduğunu başa düşərək əks-tədbirlər görməli oldu. 1826-cı il sentyabrın 12-də A.P.Yermolov 2 bataliyon, 12 top və 400 kazak dəstəsi ilə Qazax və Şəmşəddilə doğru hərəkət etdi. Qeyd etmək lazımdır ki, 1826-cı il sentyabrın 13-də Abbas Mirzənin başçılığı ilə şah qoşunu və Paskeviçin başçılığı ilə rus qoşunu Gəncə ətrafında üz-üzə gəlmişdi. Bu döyüşdə şahzadə məğlub olaraq cənuba doğru çəkilmişdi. Bu xəbəri və eyni zamanda A.P.Yermolovun güclü qoşunla Həsənsu çayına yaxınlaşdığını eşidən Hüseynqulu xan rus qoşunu ilə toqquşmadan ehtiyat edərək əvvəl Göyçə ətrafına, sonra isə İrəvan qalasına çəkildi. Onun ardınca xanlığın şimal hissəsindəki kəndlərin əhalisi rus qoşununun qorxusundan dağlara çəkildi. Hacı Murad İbrahimbəyli əsərində guya rus qoşunu ilə irəvanlılar arasında döyüş olduğunu və bu döyüşdə İrəvan qoşununun məğlubiyyətə uğradığını qeyd edir.
Əslində Hüseynqulu xan rus qoşunu ilə qarşılaşmaqdan ehtiyat edərək döyüşsüz geri çəkilmişdi. Lakin A.P.Yermolov İrəvan xanının geri çəkilməsindən və əhalinin qorxmasından istifadə edə bilmədi. O, 1826-cı il sentyabrın 17-də çara yazdığı məlumatda bunun səbəbini belə izah edirdi: "Mən ərzaq və atların çatışmamasından, qışın yaxınlaşmasından, xüsusilə, düşmənin güclü qarnizona malik İrəvan və Sərdarabad kimi möhkəm qalalara sığınmasından ehtiyat edərək bu hadisədən istifadə etmədim..."
Lakin İrəvan qoşununun rusların nəzarəti altında olan kəndlərə hücumları davam edirdi. Hüseynqulu xanın qardaşı Həsən xanın başçılığı ilə üç minlik digər qoşun sentyabrın 2-də İrəvan sərhəddi tərəfdən Lori düzündə yerləşən kəndlərə hücum edərək çoxlu mal-qara ələ keçirmişdi. Bu xəbəri eşidən Sevarsamidze onları təqib etmək üçün dəstə göndərdi. Kiçik toqquşmadan sonra irəvanlılar geri çəkildi. Nəticədə, ələ keçirilmiş mal-qaranın bir hissəsi geri qaytarıldı. Bu toqquşmada ruslardan 2 əsgər, 4 kazak öldürülmüş və İrəvan qoşunu 1000 ədəd iribuynuzlu mal-qara qənimət götürə bilmişdi.
İrəvan qoşunun qəfl hücumlarla Cəlaloğlu qalasına sığınan rus dəstələrini tez-tez narahat etməsi A.P.Yermolovu qəti tədbir görməsinə səbəb oldu. O, ilk növbədə sərhəd qoşunlarının başçısı knyaz Sevarsamidzeni vəzifədən götürərək, onun əvəzinə bu vəzifəyə general-mayor Denis Davudovu təyin etdi. Baş komandan ona Həsən xanın qoşununa qarşı genişmiqyaslı hücuma keçməsi haqqında göstəriş verdi. General-mayor D.Davudov 1826-cı il sentyabrın 15-də 1000 nəfər gürcü süvarisinin müşayətilə Cəlaloğluna gəldi. O, qalada 3 topa malik 4 piyada rotası, 400 süvari qoyaraq, 12 topa malik 3 batalyon və 900 süvari dəstəsi ilə Həsən xana qarşı hücuma keçdi. Yolda ikən bu qoşuna erməni könüllüləri də qoşulmağa başladı. Sentyabrın 19-da rus qoşunu Mirək kəndinə doğru hərəkət edir. Həsən xan öz süvari dəstəsilə döyüşdən yayınaraq geri çəkildi. Yolları üzərində olan əkin sahələrini və otlaqları yandıraraq geri çəkilən İrəvan qoşunu Mirək yaxınlığında dayandı. Sentiyabrın 21-də burada tərəflər arasında döyüş baş verdi. Rus qoşununun ciddi cəhdinə baxmayaraq, İrəvan qoşunu inadla döyüşərək çox müvəffəqiyyətlə müdafiə olunurdu. Döyüş qaranlıq düşənə qədər davam etdi. Axşam düşməsindən istifadə edən İrəvan qoşunu geri çəkilir.
Sentyabrın 22-də general-mayor D.Davudov qoşunla İrəvan xanlığının ərazisinə daxil olaraq heç bir müqavimətə rast gəlmədən Eçmiədzin kilsəsindən bir qədər aralıda yerləşən Sudakənd kəndinə gəlib çatdı. Rus qoşununun hücumundan vahiməyə düşən sərhəd kəndlərinin əhalisi evlərini tərk edərək xanlığın içərilərinə və əlçatmaz dağlara çəkilmişdi. Lakin general-mayor D.Davıdov yürüşü davam etdirə bilmədi. Tezliklə, o, baş komandan A.P.Yermolovdan geri qayıtmaq əmri aldı. Rus qoşunu sentyabrın 23-də Gümrüyə, 29-da isə oradan Cəlaloğlu qalasına qayıtdı. Rus qoşunlarının bu yürüşü sərhəddə yerləşən kəndlərə baha başa gəlmişdi. Geri qayıdan rus qoşunu 8 kəndi qarət edərək tamamilə dağıtmışdı.
Qısa vaxt ərzində Pəmbək və Şuragölün İrəvan qoşunu tərəfindən azad edilməsi, rusların işğalı altında olan ərazilərə müdaxiləsi Rusiya hakim dairələrini ciddi təşvişə salmışdı. Digər tərəfdən, knyaz Menşikovun başçılığı ilə şah sarayına göndərilmiş nümayəndə heyətinin İrəvanda Hüseynqulu xan tərəfindən tutulub saxlanması Rusiya hakim dairələrini qəzəbləndirmişdi. Bu nümayəndə heyəti Rusiya ilə Qacar İran dövləti arasında mübahisəli sərhəd məsələlərini həll etmək üçün 1826-cı ilin aprelində Tehrana göndərilmişdi. Geri qayıdarkən knyaz Menşikov İrəvandan keçməli olmuşdu. Hüseynqulu xan knyazı və onun adamlarını altı həftəyə qədər İrəvanda saxlamışdı. Səfirin azad edilməsi üçün ingilis nümayəndələri, şahzadə Abbas Mirzə və Allahyar xan da Hüseyinqulu xana müraciət etmişdi. Məhz onların işə müdaxiləsi nəticəsində Rusiya nümayəndə heyəti azad edilmişdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Hüseynqulu xanın rus qoşununa qarşı mübarizədə müvəffəqiyyətli addımlarını görən çar I Nikolay İrəvan xanlığını işğal etmək üçün 1826-cı il avqustun 1-də A.P.Yermolova xüsusi fərman göndərdi. O yazırdı ki, "tezliklə sizdən sərdar yoxdur və İrəvan əyalətinin (xanlığı-E.T.) rus qoşunu tərəfindən tutulması xəbərini gözləyirəm". Lakin baş komandan çarın bu fərmanını icra edə bilmədi. Bunun bir neçə səbəbi var idi. Əvvəla, hərbi kompaniya başlanandan yerli əhalinin köməy ilə şah qoşunları rusları Şimali Azərbaycan xanlıqlarından müvəqqəti sıxışdırıb çıxara bilmişdi. Baş komandan bu xanlıqları geri qaytarmadan İrəvana hücum etmək niyyətində deyildi. O, şah qoşununu qəti zərbə vurmaqla məhv etmək istəyirdi. Mənbənin verdiyi məlumata görə, "Yermolov Abbas Mirzənin əsas qüvvələri ilə qəti döyüşə girməyərək, vəziyyətə uyğun hərəkət etmək niyyətində idi. O, şahzadənin diqqətini Şuşadan yayındıraraq onu ölkənin içərilərinə çəkməyə cəhd edirdi və əlavə kömək gəldikdən sonra düşmənə qəti zərbə vurmaq istəyirdi". Digər tərəfdən, A.P.Yermolov Hüseynqulu xanı özünə ciddi rəqib sayırdı. O yaxşı bilirdi ki, bacarıqlı sərkərdə olan İrəvan xanı İrəvan və Sərdarabad kimi güclü, möhkəmləndirilmiş qalalara malikdir. Onda olan məlumata görə, xan və onun adamları hər iki qalanı güclü qarnizonla, ərzaqla təmin edərək uzunmüddətli mühasirəyə hazırlaşmışdı. Vəziyyəti real qiymətləndirən baş komandan başa düşürdü ki, İrəvan xanlığını işğal etmək üçün sursat və ərzaqla təmin olunmuş güclü qoşun lazımdır. Buna görə də, A.P.Yermolov İrəvan xanlığına hücumu 1827-ci ilin yazına kimi təxirə salmağı qərara almışdı.
Müharibənin ilk aylarında ağır məğlubiyyətə uğrayan rus qoşunu çox keçmədi ki, bölgədə hərbi üstünlüyü ələ ala bildi. 1827-ci ilin əvvəllərində Şimali Azərbaycan xanlıqları yenidən rus qoşununun əlinə keçdi. Lakin baş komandan A.P.Yermolov bu qələbələri davam etdirə bilmədi. Çarın fərmanı ilə o, vəzifəsindən uzaqlaşdırıldı. Hadisələrin canlı şahidi olan hərbiçinin yazdığına görə, "Yermolov yüksək rütbəli əyanlarla münasibətdə güzəştə getmirdi və kobud idi. Öz inamını onlara sərt yazır və deyirdi, tez-tez çar sarayı baxışları ilə fikir ayrılığı olurdu. Çarın göstərişlərini ləng yerinə yetirməsi, hərbi əməliyyatlar üçün mərkəzdə tərtib olunmuş layihələri qəbul etməməsi, general-adyutant Paskeviç və baş qərargah rəisi, general-adyutant Dibiç kimi sərkərdələrlə yola getməməsi onun baş komandan fəaliyyətinə son qoydu.

Elçin Qaliboğlu