İnternetdə uşaq hüquqlarının müdafiəsi Layihə

İnternetdə uşaq hüquqlarının müdafiəsi

Səyyad Məcidli: “Uşaq problemlərinin həlli baxımından vacib məsələlə onların virtual məkanda hüquqlarının qorunmasıdır”

Qloballaşmanın artdığı bir vaxtda xalqın, dövlətin inkişafı üçün yeni nəsillərin tərbiyəsinin milli prinsiplərlə aparılması çox gərəklidir. Bu gün Azərbaycanda da internet imkanları hamı üçün əlçatan olduğu bir zamanda uşaqların bu sahədə hüquqlarının qorunması ciddi məsələlərdən biridir.
İnternetdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı araşdırmaçı Səyyad Məcidli bildirir ki, müasir dünyada uşaq hüquqları insan hüquqları konsepsiyasının mühüm və ayrılmaz tərkib hissəsi hesab olunur. İnsan hüquqlarının müdafiəsi sistemi əsasən cəmiyyətin bərabər imkanları olmayan zəif təbəqələrinin haqlarının təmin olunmasını nəzərdə tutur ki, burada da ilk hədəf qrupları məhz uşaqlardır: “Niyə məhz uşaqlar? Doktor C.Mani “Dostluq qanunları” kitabında yazır ki, “İnsan beyni uşaqlıq çağından cinsi meyillər yönündə formalaşır. Formasından asılı olmayaraq bütün cinsi pozğunluqların kökü uşaqlıq çağlarına qayıdır”. Yalnız pornoqrafik səhnələr deyil, hətta qəzet və jurnallarda dərc edilən “təbii və normal” hesab etdiyimiz fotolar da uşaqlarda mənfi təsirlərini buraxmaqdadır. Doktor C.Rayzmen isə qeyd edir ki, “qəzet və jurnallarda dərc edilən “mötədil” fotolar pornoqrafik şəkillər qədər fəsadlı və təhlükəlidir”. Hazırda İKT-nin sürətli inkişafı ictimai həssas qruplara təsir göstərməyə bilməzdi. Bu səbəbdən də internetin mənfi təzahürləri ilk növbədə uşaqların həyat və fəaliyyətində özünü göstərdiyi üçün qeyd olunan məsələ dövlətlərin, beynəlxalq və milli hüquq sistemlərinin narahatlıq və tədqiqat obyektinə çevrilib”.
Uşaq hüquqlarına beynəlxalq hüquq normaları, Konstitusiya və milli qanunlarla etibarlı təminat mexanizmlərinin yaradılması onların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilinə əsaslanır. Azərbaycan 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, ölkəmizdə “Uşaq hüquqları haqqında” (1998), habelə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” (1999) xüsusi qanunlar qəbul edilib.
Araşdırmaçı vurğulayır ki, hazırda internet istifadəçilərinin 50 faizindən çoxunu 8-15 yaşlarında uşaq və yeniyetmələr təşkil edir. Məhz buna görə də müasir dövrdə uşaq problemlərinin həlli baxımından vacib məsələlərdən biri də uşaqların virtual məkanda hüquqlarının qorunmasıdır. Uşaq və yeniyetmələr virtual məkanın imkanlarından istifadə zamanı öz dünyagörüşünə, mənəviyyatına zidd olan informasiyalarla qarşılaşır, nəticədə mənəvi-psixoloji sarsıntılara məruz qalırlar. Hazırda bu problem bütün dünya dövlətlərini düşündürdüyündən, uşaq hüquqlarının virtual məkanda qorunması ilə bağlı müxtəlif təkliflər, ideyalar irəli sürülür: “2008-ci il noyabrın 12-13-də BMT- nin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qlobal informasiya təhlükəsizliyi üzrə xüsusi proqramın qəbulu da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın məqsədi dünya ictimaiyyətinin diqqətini informasiya təhlükəsizliyinə cəlb etməkdir. Proqram çərçivəsində uşaqların virtual məkanda mühafizəsini gücləndirmək üçün mühüm müddəalar öz əksini tapıb. Eyni zamanda, uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görülməsi ilə bağlı dövlət nəzarəti üzrə ümumi vəzifələr Ölkə Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”nda nəzərdə tutulub”.
Kiber məkanda digər mühüm problemlərdən biri də uşaq pornoqrafiyası ilə mübarizə məsələləridir. “Uşaq pornoqrafiyası” termininə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-1-ci maddəsinin qeyd hissəsində aydınlıq gətirilir: “Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsinə görə, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda isə bu əmələ görə azadlıqdan məhrum etmə cəzası maksimum 8 il müəyyən olunub. Eyni zamanda, bu məsələ hazırda bütün dünyada ciddi müzakirə predmetidir. Kiber məkanda uşaqların mənəviyyatına, dünyagörüşünə və sağlamlığına zərər vuran destruktiv informasiyalara meyillənməsinin qarşısının alınması olduca zəruridir. Çünki bu məkan hər hansı porno məlumatlar, separatizim, terror-təxribat və digər cinayət xarakterli informasiyalar üçün açıq olduğuna görə uşaqların belə saytlara daxil olması və onları asanlıqla əldə etməsi, habelə cinayətkar ünsürlərin təsir dairəsinə düşməsi istisna olunmur. Bunun üçün də mütəxəsislər internet klublarda müəyyən süzgəclərdən, məhdudlaşdırıcı texnoloji vasitələrdən istifadə olunmasını, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini son dərəcə vacib hesab edirlər. Digər tərəfdən isə ana dilində uşaq saytlarının sayının artması, uşaqlar üçün maraqlı informasiya dünyasının yaradılması təklif olunur”.
Hüquq üzrə fəlsəfə doktoru Hikmət Eyvazovun araşdırmasında vurğulanır, bu gün uşaq hüquqlarının müdafiəsində daha mühüm problemlərdən biri virtual məkanda onların müdafiəsidir: “Əsrimiz informasiya əsridir. Ancaq müasir innovasiya alətlərindən və texnologiyalardan istifadə etməklə onlayn uşaq cinsi istismarına xidmət etmək və ya buna şərait yaratmaq qlobal bir mühitin formalaşmasına gətirib çıxarıb. Ona görə də bu qlobal problemin həllində ilk olaraq texnologiya şirkətləri, dövlət və qeyri-dövlət təşkilatları, hüquq mühafizə orqanları, elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar əhəmiyyətli addım atmalı, ümumi mühafizə metodu-proqram hazırlanmalıdır”.
Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında müddəa təsbit edilib. Eyni zamanda beynəlxalq təcrübəyə əsaslanaraq qanunvericilik aktları qəbul edilib, həmin aktların tətbiqi mexanizmi isə daim dövlətin nəzarətində olub: “Qanunvericiliyin bu sahədə təkmilləşdirilməsi ilə yanaşı, dövlət və qeyri-dövlət təşkilatlarında, təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların belə təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilməlidir. Yeni texnologiyalar uşaqlar üçün geniş imkanlar təklif edir, ancaq bununla belə, həmçinin təhlükə doğurur. Belə ki, internet uşaq pornoqrafiyasının geniş yayılmasına imkan yaradır”.
Yeni texnologiyaların uşaqlar üçün bir çox müsbət cəhətləri var. Uşaqlar doğum anından «rəqəmli nəslin» bir hissəsinə çevrilir və yeni texnologiyalardan informasiya əldə etmək, ünsiyyət, özünü ifadə etmək ücün istifadə edirlər. Lakin texnoloji yeniliklər, həmçinin cinsi istismarla bağlı cinayətlərin törədilməsini asanlaşdırır. Araşdırmada vurğulanır ki, hazırda dünya əhalisinin 40%-dən çoxu internetə çıxışa malikdir. Avropada 6-17 yaş arası uşaqların 70%-i qlobal şəbəkədən istifadə edir. Afrikada uşaqların əksəriyyəti ev və ya məktəbdə internetə çıxış imkanına malik deyil, lakin onlar internet-kafe xidmətindən aktiv istifadə edirlər. Kompyuter, planşet və mobil telefonlardan istifadə edən uşaqlar çox vaxt uşaq pornoqrafiyası, uşaq ticarəti və onların cinsi istismarı ilə məşğul olan cinayətkarların şəbəkəsinin qurbanı olurlar. İnformasiya-kommunikasiya texnologiyaları yeni təhlükələrin və ya uşaqların yoldan çıxarılması və uşaq pornoqrafiyası kimi təhqir formalarının yaranmasına səbəb olub.
Araşdırmaçı uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq sayır:
- uşaqların internetdə qarşılaşa biləcəkləri təhlükələr haqqında məlumatlandırılması məqsədilə maarifləndiriji vəsaitlərin və təşviqat materiallarının hazırlanması; uşaqların internetdəki zərərli məlumatlardan qorunması yolları barədə valideynlərin məlumatlandırılması; ölkədə uşaqlar üçün xüsusi veb-saytların yaradılması istiqamətində səylərin artırılması; bütün dillərdə uşaq brauzerinin və uşaq axtarış sisteminin yaradılması; uşaqlar üçün internet kontentin və proqramların yaradılması işinin aktivləşdirilməsi məqsədilə xüsusi forumların və «Uşaqlar üçün ən yaxşı internet resurs» müsabiqəsinin keçirilməsi; uşaqlar üçün zərərli saytların siyahısının hazırlanaraq valideynlər arasında yayılması;
- internetdən təhlükəsiz istifadə sahəsində məsləhətlərin verilməsi, o jümlədən zərərli saytlar barədə məlumatların əldə olunması məqsədilə xüsusi «qaynar xətt»in və «elektron poçt» ünvanının yaradılması. Müvafiq məlumatların kütləvi informasiya vasitələrində yerləşdirilməsi (Avropa komissiyasının dəstəyi ilə yaradılmış 49 ölkənin «qaynar xətt»lərini birləşdirən İNHOPE beynəlxalq təşkilatının təcrübəsindən yararlanmaqla);
- azyaşlıları qanunazidd hərəkətlərə təhrik edən, eləcə də onlara qarşı hüquqpozmaları təbliğ edən, xüsusən uşaq pornoqrafiyasını yayan saytlar barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması; zərərli saytların bütün dövlətlərin hostinq provayderlərinin serverlərində yerləşdirilməsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi; mobil telefonlardan həddən artıq istifadə zamanı sağlamlığa vurulan zərər barədə maarifləndirici vəsaitlərin və təşviqat materiallarının hazırlanması; uşaqlar üçün xüsusi mobil telefonların ölkəyə gətirilməsinin stimullaşdırılması və bu telefonlardan istifadənin təbliğ edilməsi; uşaqların təhsildən yayınmasının və zərərli məlumat əldə etməsinin başlıca səbəblərindən olması baxımından internet-klubların fəaliyyətinə nəzarətin gücləndirilməsi; internet-klublarda yalnız uşaqlar üçün məlumatların əldə olunmasına və foto-video materialların izlənilməsinə imkan verən ayrıca kompyuterlərin quraşdırılması.

Elçin Qaliboğlu