Mehriban Vəliyeva: Şuşanın azad edilməsi Türk dünyası üçün mühüm hadisə oldu Cəmiyyət

Mehriban Vəliyeva: Şuşanın azad edilməsi Türk dünyası üçün mühüm hadisə oldu

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Türk və İslam dünyası üçün böyük əhəmiyyətə malik Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən və xarici ölkələrin hərbi akademiyalarında tədris edilə biləcək səviyyədə olan Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi oldu. Şuşanın azad edilməsindən iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz ilə yaxın bir dövr ərzində işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Prezident-xalq-ordu birliyi nəticəsində azad olundu. Məhz Şuşa əməliyyatının uğurlu nəticəsidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı təkcə Şuşada, Ağdamda, Laçında deyil, Xankəndidə, Xocalıda – bütün ərazilərimizdə dalğalanır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə ardıcıl uğurlar əldə edə bildi: “44 günlük Vətən müharibəsinin başlıca məqsədi Şuşa şəhərini azad etməklə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmək idi. Şanlı Ordumuz noyabrın 8-də bu məqsədə nail oldu. Şuşanın azad edilməsi Azərbaycan Ordusunun qarşısına qoyulan bir nömrəli missiya idi. Alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə, kanatlarla qalxan qəhrəman igidlərimiz şəhərə daxil olaraq əlbəyaxa döyüşlə düşməni məhv etdilər. Şuşaya nəzarət bütün Qarabağa nəzarət demək idi. Bunu başa düşən Ermənistan ordusu ağ bayraq qaldıraraq təslim oldu, baş nazir Nikol Paşinyan kapitulyasiya aktını imzalamaq məcburiyyəti qarşısında qaldı. Sonradan özləri də etiraf etdilər ki, Şuşanın itirilməsi Qarabağın taleyini həll etdi. İrəvan noyabrın 10-da üçtərəfli Bəyanata imza atmasaydı, Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdilər.

Özlərini yenilməz ordu sayan və saxta erməni “qəhrəmanları” igid və əsl qəhrəmanların qarşısında cəmi 44 gün davam gətirdilər. Tarixi Zəfər Azərbaycanın suverenliyə gedən yolunu açdı. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil verildi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi qoyuldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısı alındı. Azərbaycan dövləti Xankəndidəki revanşist qüvvələrin separatçı fəaliyyətinə son qoymaq üçün 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat davam edən tədbirlər nəticəsində ordumuz qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma rejim özünü buraxdı, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bütün bunlar Şuşa Zəfərinin bizə yaratdığı imkanlar sayəsində mümkün oldu. Tariximizi və taleyimizi dəyişdirən Vətən müharibəsi milli kimlik və milli mənlik savaşı kimi hər zaman öyrənilməli, qan yaddaşına çevrilməlidir. Mənə sual versəniz ki, qələbənin əsasında duran amili nədə görürsünüz? Birmənalı olaraq “Şəxsiyyət amilində” cavabını verərdim. Hərbi və informasiya savaşının önündə gedən Ali Baş Komandan, siyasi lider, diplomat, sərkərdə kimi bütün istiqamətlərdə qələbəyə aparan şəxsiyyət amili - İlham Əliyev xalq və ordu birliyinə, xalq və iqtidar birliyinə nail olaraq qələbəyə addımladı. İnformasiya savaşında təkbətək söz savaşının nümunəsini dünyaya göstərdi. Müharibə gedən zaman yerli və xarici media nümayəndələrinə 30-dan artıq müsahibə verən siyasi liderin diplomatik çıxışlarında üç əsas hədəf var idi: ordu və xalq, beynəlxalq aləm, erməni ordusu və iqtidar. Hər hədəfin öz dili, öz həqiqəti və istiqaməti bizi yalnız qələbəyə kökləyirdi”.

Mehriban Vəliyeva qeyd edib ki, 44 günlük müharibənin hər anı əsrə bərabər tarixdir: “Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Prezidentin digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb. Zəfər Günü dünya azərbaycanlılarının milli qürur günüdür. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli ruhumuzu özümüzə qaytardı. Prezident İlham Əliyev Ermənistanın və bəzi Qərb dövlətlərinin, beynəlxalq təşkilatların bizə sırımaq istədikləri məğlubiyyət düsturunun səhv olduğunu və bu düsturun münaqişəni həll edə bilməyəcəyini sübut etdi. Ali Baş Komandan uzaqgörən siyasi gedişlər etməklə həm diplomatik, həm də hərbi müstəvidə torpaqlarımızın azadlığı üçün bütün istiqamətlərdə fəaliyyəti gücləndirdi. Şuşa zəfəri Ermənistanı düşdüyü ağır mərəzdən - “böyük Ermənistan” xülyasından da xilas etdi, “dənizdən dənizə” iddialarına son qoydu. Azərbaycan regionun qara yarasına çevrilmiş, bölgədə sülh və inkişafı əngəlləyən Ermənistana həddini göstərdi”.