Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
44 günlük haqq savaşımız başlayanda Lənkəran rayonunun Xanbulan kəndində boya-başa çatan Mahsun Zahir oğlu Bağırzadə Vətənini hər şeydən üstün tutub. Onun müqəddəs bir parçası olan, 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək 22 yaşında şəhidlik zirvəsinə ucalıb. Vətən sevdalısının həyat yolu qısa olsa da, qazandığımız qələbənin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib. Həm də şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə ucaltmaqla əbədi bir ulduzlu ömür qazanıb. Bütün Azərbaycan xalqının iftixar yeri, qürur mənbəyi olan Mahsunu lənkəranlılar böyüklü- kiçikli sonsuz məhəbbətlə, ehtiramla xatırlayır, həmişə onun adını uca tuturlar.
Mahsun Bağırzadə bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə işləyib. Mərkəzin təşkilatçılığı ilə zəfər şəhidimizin 4-cü ildönümü münasibətilə tədbir keçirilib. Mərkəzin direktoru Mehman Əliyev başda olmaqla kollektivin, şəhid ailələri üzvlərin, döyüş yoldaşların, ictimaiyyət nümayəndələrin, ziyalıların qatıldığı tədbirində əvvəlcə ölməzliyə qovuşan qəhrəmanın Mərkəzdə düzəldilmiş xatirə guşəsinin önünə təzə-tər qərənfillər qoyulub. Ziyarətçilər sonra şəhidin uyuduğu müqəddəs yerə baş çəkib, məzarına güllərdən çələng hörüblər. Tədbir Mahsunun Xanbulan qəsəbəsindəki ata ocağında davam edib. Çıxışlar zamanı Vətən sevdalısının keçdiyi şərəfli ömür və döyüş yolu haqqında geniş məlumat verilib. O da bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənin say-seçmə oğulları 44 günlük haqq savaşımızda misilsiz qəhrəmanlıq göstəriblər. Şanlı ordumuzun bu tarixi qələbəsi həm də xalqımızın qüdrətini bir daha bütün dünyaya sübut etdi.
Həmçinin Mahsunun ailəsinin hər zaman dövlətimizin, o cümlədən AMEA rəhbərliyinin və Mərkəzin diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb.
Şəhidin atası Zahir kişi isə bütün şəhidlərin və oğlunun xatirəsini daim əziz tutduqları üçün dövlətimizin başçısına, I vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Milli Elmlər Akademiyasının və Mərkəzin rəhbərliyinə dərin razılığını söyləyib.
Məlumat üçün qeyd edək ki, Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən Məhsun qəsəbə tam orta məktəbini başa vurub 2016-cı ildə hərbi xidmətə yollanıb. Əsgərliyi cəbhə bölgəsi olan Ağdamda keçib. Burada pulemyotçu ixtisasına yiyələnib, Vətən qarşısında borcunu layiqincə yerinə yetirib. Üzüağ evə dönən Mahsun 2018-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə kimi işə düzəlib. Tez də kollektivin hörmətini qazanıb.
Vətən müharibəsi başlananda Mahsun könüllü olaraq döyüşlərə qatılıb. Minlərlə Azərbaycanın qeyrətli oğulları kimi əlinə silah alıb əzəli Vətən torpaqlarının mənfur ermənilərdən azad etmək üçün fədakarlıq, igidlik nümunəsi göstərib. Məhz onun kimi Vətən oğullarının qəhrəmanlığı nəticəsində düşmənin bütün təxribatlarının qarşısı alınıb, xalqımızın 30 illik Qarabağ həsrətinə, yurd nisgilinə son qoyulub.
Təəssüf ki, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında şərəfli döyüş yolu keçən Mahsun Bağırzadəyə zəfər gününü, rəşadətli ordumuzun şanlı qələbəsini görmək qismət olmadı. O, oktyabrın 22-də Qubadlı rayonunun “Yazı düzü” adlanan ərazisində düşmənə qarşı şücaətlə vuruşaraq əbədiyyətə qovuşub. Yalnız noyabr ayının 4-də Qubadlı rayonu tam azad olandan sonra nəşi götürülüb doğma Xanbulan qəsəbəsində müharibədən əvvəl özünün də arzuladığı yerdə - Pir Yaqub ziyarətgahında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət göstərdiyinə görə şəhid Mahsun Bağırzadə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bəli, Vətən, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu müqəddəs yolu tutanlar isə heç zaman ölmürlər...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əlaqə tel: 050-378-52-26