“Qonaqlar ölkəmizə qarşı məmnunluq hisslərinin olduqlarını deyirlər” Cəmiyyət

“Qonaqlar ölkəmizə qarşı məmnunluq hisslərinin olduqlarını deyirlər”

“COP bütövlükdə dünya liderlərinin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin, dünyanın tanınmış simalarının bir araya gəldiyi bir platformadır. Burada iqlim dəyişikliyi ilə bağlı, eyni zamanda, dünyanın gələcək taleyini narahat edən məsələlər müzakirə olunur. Təbii ki, burada iqtisadi, siyasi məsələlər də ən müxtəlif səviyyələrdə müzakirə edilir. Keçən il COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə qərar verildi. Bu tədbir miqyasına görə çox böyükdür. COP29 ilə bağlı Azərbaycana 80-dən yuxarı ölkə rəhbəri, liderlər, ümumilikdə isə 70 mindən çox insan gəlib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

U.Mirzəyev COP29-un açılış mərasimindən bu yana əksər tədbirlərə qatıldığını bildirib: “Burada müzakirələr sözün həqiqi mənasında bir-birindən maraqlıdır. Tədbirdə həm də əlaqələrin, tanışlıqların yaranması, formalaşması üçün imkan var. COP29-un təşkilat komitəsinə dərin təşəkkür edirəm. Tədbirə texniki dəstəkdən tutmuş digər səviyyələrdə ciddi hazırlığın olduğu hiss olunur. Yəni nəqliyyat, insanların auditoriyaya yönləndirilməsi, könüllülər şəbəkəsinin fəaliyyəti və tədbirlərin təşkili - bütün bunlar çox yüksək səviyyədədir. Ən başlıcası odur ki, ölkəmizə gələn qonaqların çoxu Azərbaycanla bağlı sürpriz yaşadıqlarını, ölkəmizə qarşı məmnunluq hisslərinin olduqlarını deyirlər. İkinci məsələ odur ki, bu tədbir çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti qurumları xeyli təcrübə sahibi oldular. Bunu çoxsaylı yan tədbirlərin keçirilməsində də görmək olur. Bu tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyəti xüsusilə hiss olunmaqdadır”.

Röya İsrafilova