“Nəqliyyat axınlarının tənzimlənməsində tramvay və trolleybusların rolu əvəzsizdir” Cəmiyyət

“Nəqliyyat axınlarının tənzimlənməsində tramvay və trolleybusların rolu əvəzsizdir”

“Bakıda tramvay və trolleybusların geridönüşünün olması şəhər infrastrukturunda tam başqa bir nəqliyyat ab-havası yaradacaq”.

Bunu xalqcebhesi.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, Bakıda tramvay və trolleybusların dövriyyəyə girməsi ötən əsrin əvvəllərindən başlayıb: “Amma sonradan müəyyən səbəblərə, Bakının inkişaf tendensiyasına uyğun gəlmədiyi və ümumi bir yenidənqurmaya ehtiyac olduğu üçün onlar söküldü, yəni zərurət görülmədi. Daha sonra şəhər böyüməyə başladı və tramvay, trolleybusların yeri göründü. Dünyanın ekoloji tələbləri qarşısında tramvay və trolleybusların özünəməxsus bir payı, çəkisi var. Xüsusən nəqliyyat vasitələri arasında başlıca meyar olaraq bu və ya digər formada nəqliyyat sıxlıqlarının aradan qaldırılmasına, nəqliyyat axınlarının tənzimlənməsində tramvay və trolleybusların rolu əvəzsizdir”.

A.Əsədov tramvay və trolleybusların şəhərə əlavə bir gözəllik verdiyini və nəqliyyat infrastrukturu baxımından yeniliklər gətirdiyini vurğulayıb: “Yəni estetik cəhətdən də şəhərin ab-havasına təsir edə bilir. Eləcə də insanlarda nostalji hisslərin yaranmasına və nəqliyyat axınlarının təyin olunmasına, metro xətləri ilə yeni bir əlaqələndirici arterial bir xətlərin yaranmasına səbəb ola bilir. Bu baxımdan tramvay və trolleybusların geriyə dönüşlüyü vacib görünür. Azərbaycan tramvay və trolleybusların istifadəsi üçün münbit, mükəmməl bir ərazi seçimində gözləmə mövqeyindədir”.

Röya İsrafilova