Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb Cəmiyyət

Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Ümumilikdə 2020-2024-cü illərdə 65000 nəfərə yaxın müəllim sertifikatlaşmaya cəlb edilib.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir deyib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55000 nəfər olmaqla 38000 nəfərdən çox müəllimin əmək haqqına 10 faiz, 17000 nəfərdən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib: “Nəticədə əmək haqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əmək haqqı 910 manat, əmək haqqına 35 faiz, əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əmək haqqı 1295 manat təşkil edib. Növbəti ildə əlavə 20 mindən çox müəllimi prosesə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əlavə 60, 8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154, 4 milyon manat vəsait proqnozlaşdırılıb”.