Tramvaylar qayıdır, trolleybuslar isə sual altındadır Cəmiyyət

Tramvaylar qayıdır, trolleybuslar isə sual altındadır

Son günlər 2004-cü ildə Bakıda ləğv edilən tramvay və trolleybusların yenidən şəhərə qayıdacağı fikirləri səsləndirilir. “Xalq Cəbhəsi” bu məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspertlərinin fikirlərini öyrənib.

“Tramvay və trolleybusları bərpa etmək çox çətindir”

Nəqliyyat məsələləri üzrə eskpert Yasin Mustafayev bu nəqliyyat növlərinin paytaxtımızdan yığışdırıldığını və onları bir daha geri gətirməyin çox çətin olduğunu deyib: “Şəhərdə artıq küçələr, prospektlər formalaşıb, zolaqların sayı azdır, belə bir şəraitdə tramvay və trolleybusları bərpa etmək çətin prosesdir. Təbii ki, ictimai nəqliyyat daha vacibdir. Avtomobil zolaqlarını azaldıb, avtobus zolaqları təşkil edirik, tramvay, trolleybus da təşkil edə bilərik. Amma biz bundan imtina etmişik, yenidən bərpa etməyimiz yaxşı alınmaz”.

Y.Mustafayev trolleybusu əvəz edən elektrikli avtobusların olduğunu deyib: “Onlar tam olaraq trolleybusu əvəz edir. Trolleybus təkərli idi, sağa sola dönürdü, həmçinin yuxarıdan elektrik enerjisi alırdı. Elektrikli avtobuslar indi həmin elektrik enerjini batareyalardan, akkumulyatorlardan ala bilir. Tramvaya gəldikdə isə onu bəlkə də şəhərin müxtəlif yerlərində etmək olar. Bu da yaşayış evlərindən, ofislərdən, insanların toplaşdığı obyektlərdən uzaq olsa daha yaxşıdır. Çünki səs çirkliliyi yaradır. Onun relsləri nə qədər izolyasiya olunsa da, yaxında olan tikililərə müəyyən mənfi təsir göstərir”.

O, tramvayın enerji aldığı naqillərin şəhərdə xoş olmayan mənzərə yaratdığını da bildirib: “Vaxtilə “Azneft” meydanında hörümçək toru kimi elektrik şəbəkəsi, naqillər var idi. Həmin naqillərin yenidən küçələrə çəkilməsi, küçələrdə o relslərin yaradılması, səs-küy çox da arzulanan hal deyil. Düzdür, bəziləri bunu ictimai nəqliyyatın çeşidli formaları kimi təqdim edirlər. Lakin mən buna qarşıyam”.

“Nəqliyyat axınlarının tənzimlənməsində tramvay və trolleybusların rolu əvəzsizdir”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Bakıda tramvay və trolleybusların geridönüşünün olması şəhər infrastrukturunda tam başqa bir nəqliyyat ab-havası yaradacağını diqqətə çatdırıb.

O bildirib ki, Bakıda bu nəqliyyat vasitələrinin dövriyyəyə girməsi ötən əsrin əvvəllərindən başlayıb: “Amma sonradan müəyyən səbəblərə, Bakının inkişaf tendensiyasına uyğun gəlmədiyi və ümumi bir yenidənqurmaya ehtiyac olduğu üçün onlar söküldü, yəni zərurət görülmədi. Daha sonra şəhər böyüməyə başladı və tramvay, trolleybusların yeri göründü. Dünyanın ekoloji tələbləri qarşısında tramvay və trolleybusların özünəməxsus bir payı, çəkisi var. Xüsusən nəqliyyat vasitələri arasında başlıca meyar olaraq bu və ya digər formada nəqliyyat sıxlıqlarının aradan qaldırılmasında, nəqliyyat axınlarının tənzimlənməsində tramvay və trolleybusların rolu əvəzsizdir”.

A.Əsədov tramvay və trolleybusların şəhərə əlavə bir gözəllik verdiyini və nəqliyyat infrastrukturu baxımından yeniliklər gətirdiyini vurğulayıb: “Yəni estetik cəhətdən də şəhərin ab-havasına təsir edə bilir. Eləcə də insanlarda nostalji hisslərin yaranmasına və nəqliyyat axınlarının təyin olunmasına, metro xətləri ilə yeni bir əlaqələndirici arterial bir xətlərin yaranmasına səbəb ola bilir. Bu baxımdan tramvay və trolleybusların geriyə dönüşlüyü vacib görünür. Azərbaycan tramvay və trolleybusların istifadəsi üçün münbit, mükəmməl bir ərazi seçimində gözləmə mövqeyindədir”.

“Tramvayları tez bir zamanda şəhərimizdə görə biləcəyik”

Nəqliyyat məsələləri üzrə eskpert Elməddin Muradlı bildirib ki, trolleybuslarla bağlı gözləntilər zəifdir, amma tramvayları tez bir zamanda şəhərimizdə görə biləcəyik: “Çünki bununla bağlı müsbət tendensiyalar var. Dövlətimiz də bunu istəyir. Hətta Bakının Baş Planında da tramvayların bərpası məsələsi nəzərdə tutulub. Ancaq hələlik işlər bir az ləng gedir. Əsas odur ki, bununla bağlı müsbət düşüncələr var və ümid edirik ki, bu düşüncələrin də tez bir zamanda müsbət həlli mümkün olacaq”.

E.Muradlı həmçinin qeyd edib ki, tramvayların hansı yollarda, necə və hansı formada olacağı hələki tam bəlli deyil: “Amma fikirlər bundan ibarətdir ki, tramvaylara ehtiyac var, onlar Bakı küçələrinə qayıtsın. Onların xüsusi zolaqları olur və hərəkətləri ilə bağlı hər hansı bir çətinlik yaşanmayacaq. Çox təəssüf ki, bu, zamanında dəyərləndirilmədi və bu sistem tam olaraq sıradan çıxarıldı. İndi də vaxtilə tramvay yolları olan bir çox yollar daralıb və müəyyən səbəblərdən o yollar tramvay üçün əlverişli deyil. Amma bir çox yollar var ki, orada tramvay yolu çəkmək olar. Məsələn, Heydər Əliyev, Babək, Ziya Bünyadov və digər küçə, prospektlərdə tramvay nəqliyyat növünü bərpa etmək mümkündür”.

Röya İsrafilova