Bakıya leysan yağır Cəmiyyət

Bakıya leysan yağır

09:41

Noyabrın 28-i saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

***

Bu gün səhər saatlarından Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilir. Yarımadanın bəzi ərazilərində yağıntılar leysan xarakterli və qısamüddətlidir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş ərazini əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman buludların üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır.

O qeyd edib ki, Son günlər Bakıda və Abşeron yarımadasında fasilələrlə müşahidə olunan yağıntılar da lokal xarakterlidir.

“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 28-də Bakı və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə qısamüddətli, bəzi ərazilərində isə arabir leysan xarakterli yağış müşahidə olunub. Hazırda saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında qısa müddətə fasilə olsa da, hazırda yağıntılar davam edir və bəzi ərazilərdə leysan xarakterlidir”, - deyə o vurğulayıb.