Uğura qənşər!.. Cəmiyyət

Uğura qənşər!..

Təqvimdə 30 noyabr 2024-cü ildir. Bu gün onun şad günüdür. Axı 69-u başa vurub 70-ə adlayır. Uğura qənşər!..
Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Çünki hələ də saflığını itirməyib. Səmimi, təmkinli, mehribandır.
Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır. Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sahiblənən bir ziyalıdır...
Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır...”
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində 1921-1991-ci illər üzrə “Azərbaycan mühacirət mətbuatında publisistika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur...
Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur...
İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...
Haqqında yazılan məqalələrin birində deyilir: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”
Bəli, noyabrın 30-u Abid müəllimin 69 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!..

Elman Eldaroğlu