“Uşaqlarımızın tərbiyəsini pozan addımlara qarşı mesajları aydın formada səsləndirməkdən çəkinmədik” Cəmiyyət

“Uşaqlarımızın tərbiyəsini pozan addımlara qarşı mesajları aydın formada səsləndirməkdən çəkinmədik”

Elnur Hüseynov: “Kino işçilərini bu prosesə qoşulmağa çağırıram”

Dekabrın 8-də Bakı Gənclər Mərkəzində “Heyo Media Group”un ərsəyə gətirdiyi “Boni” filminin təqdimatı keçirilib. Filmin rejissoru Əməkdar artist Elnur Hüseynov filmlə bağlı “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüb.

Əməkdar artist qeyd edib ki,“Heyo Media Group” olaraq bu, təqdim etdikləri ikinci filmdir: “Birinci filmimiz “Nağıl kimi” adlanırdı. Onun təqdimatını keçən il keçirdik və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ARB Günəş televiziyasında yayımlandı. Bu isə artıq ikinci filmdir. Filmimizin adı “Boni” adlanır”.

O, əlavə edib ki, film bir itin itməsi, onun axtarışı ilə başlasa da, sonra ibrətamiz, maarifləndirici səhnələrlə davam edir: “Sonda film uşaqlarımıza, tamaşaçılara xeyirxahlıq, birlik, mehribanlıq və s. kimi yüksək insani dəyərləri aşılayır. Film uşaqları mənfi təsirlərə meyil etməyə deyil, onları müsbət, tərbiyəvi işlərə sövq edəcək. Bu filmdə kitab oxumağı, paylaşmağı təbliğ edirk, eyni zamanda yerə zibil atmaq olmaz, heyvanlara qayğı, zərərli qidalardan uzaq olmaq lazımdır kimi mesajları aydın, qabarıq formada səsləndirməkdən çəkinmədik. Çünki bu gün uşaqlarımızın sağlamlığına ziyan vuran, tərbiyəsini, zövqünü pozan “sosial şəbəkə fenomenləri” bunu qabarıq, aydın edirsə, bunun əksini, yəni düzgün olanını övladlarımıza göstərməkdən, öyrətməkdən biz niyə çəkinməliyik? Yorulmadan, usanmadan bu cür uşaq filmlərini çəkməyə davam edəcəyik. Bütün kinorejissorları, kino işçilərini bu prosesə qoşulmağa çağırıram”.

Qeyd edək ki, filmdə Xalq artisti Yasin Qarayev, Xalq artisti Nübar Novruzova, Əməkdar artist İlham Əsədov, Əməkdar artist Elnur Hüseynov, tanınmış aktyorlar - Zemfira Əbdülsəməd, Ədalət Əbdülsəməd, Elşən Şıxəliyev, Gülər Ləzgiyeva, Anar Seyfullayev, Ramil Məmmədov rol alıblar. Həmçinin filmdə Bakı məktəbliləri, bağça uşaqları iştirak edirlər.

Onu da bildirək ki, filmin layihə rəhbəri və quruluşçu rejissoru Heydər Vüqaroğlu, rejissoru Elnur Hüseynov, ssenari müəllifi Mehriban Qaziyeva, Elnur Hüseynov, baş prodüseri isə Elnarə Rəcəblidir.

Röya İsrafilova