Dağıntılar altında qalan Suriya
11 Dekabr 23:33
Emin Qəribli: “İstənilən vergi güzəştləri iqtisadiyyatın inkişafına xidmət edir”
Asif İbrahimov: “Bu addım müsbət hal kimi qiymətləndirilməlidir”
Eldəniz Əmirov: “Bir sıra digər addımların atılmasına ehtiyac var”
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunması “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən sırasındadır. Bu, gələn aydan etibarən tətbiq ediləcək. Yəni torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
İqtisadçılar bu qərarın əhəmiyyəti ilə bağlı fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.
İqtisadçı ekspert Emin Qəribli vurğulayıb ki, istənilən vergi güzəştləri iqtisadiyyatın inkişafına xidmət edir: “Mən dəfələrlə öz çıxışlarımda ƏDV-nin gələcəkdə təsnifatlaşdırılması, bir çox sahələrin ƏDV-dən azad olması, nəinki ƏDV-dən digər vergilərin də azad edilməsi haqqında fikirlərimi bildirmişəm. Perspektivli sahələrdə güzəştlərin tətbiqi müsbət haldır. Bunu da alqışlayıram. Hesab edirəm ki, bu, kənd təsərrüfatının inkişafına töhfə verəcək”.
İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu məsələ uzun illərdir müzakirə olunurdu: “Burada məsələ Azərbaycan vətəndaşlarının sahibkarlığa təşviqinin gücləndirilməsi, sahibkarların vergi yükünün azaldılması istiqamətində atılan addımlar idi ki, bu da bir çox ekspertlər kimi mənim tərəfimdən də müsbət qarşılanır”.
Ekspert burada, eyni zamanda, praktiki problem olduğunu, bir çox icarə ödəyiciləri, həmçinin icarədarlar praktiki qaydada vergi məsələlərindən yayınmaq məqsədi ilə öz obyektlərini, torpaqlarını qeyri-rəsmi şəkildə icarəyə verdiklərini bildirib: “Bu istiqamətdə atılan bu addım düşünürəm ki, təşviq olaraq müsbət hal kimi qiymətləndirilməlidir. Yəni bundan sonra bəzi məsələlərdə vergi yükünün azadılması istiqamətində atılan addımlar bu tip məsələlərin rəsmiləşdirilməsinə gətirib çıxaracaq”.
İqtisadçı Eldəniz Əmirov bu vergi güzəştinin bir sıra istiqamətlər üzrə öz təsirini göstərəcəyini deyib: “Bunlardan birincisi, regionlarda iqtisadiyyatın dəstəklənməsinə öz xidmətini göstərmiş olacaq: “Torpaq sahələrinin icarəyə verilməsi tendensiyasında bir sürətləndirməni gətirib çıxara bilər. Çünki istər-istəməz 18 faizlik əlavə maliyyə yükü həm icarə götürmək istəyənlərdə müəyyən hallarda tərəddüdlər yarada bilirdi, eyni zamanda, icarə verən tərəf üçün qiymətin baha olması onu reallaşdırmağa imkan vermirdi. Digər tərəfdən isə bu maliyyə yükü, yəni 18 faizlik əlavə yük bu istiqamətdə bir qədər qeyri-şəffaf olmayan davranışlara sövq edirdi. Amma ƏDV-dən azad olunma həm torpaqların icarəsi ilə bağlı proseslərin daha da şəffaflaşdırılmasına imkan verəcək, sadələşdirilmiş vergi prosedurlarını dəstəkləmiş olacaq. Təbii ki, bu da özlüyündə öncə də qeyd etdiyim kimi yerli iqtisadiyyatın dəstəklənməsi deməkdir. Yerli iqtisadiyyatın dəstəklənməsi isə təbii olaraq birmənalı şəkildə kiçik və orta sahibkarlıq üçün nisbətən əlverişli mühitin yaranmasına, sərmayə qoyuluşlarının, ümumiyyətlə, torpaqlardan daha səmərəli və torpaqlara sərmayə qoyuluşunu stimullaşdırmağa imkan verəcək”.
E.Əmirov həmçinin bildirib ki, regionların iqtisadi inkişafının təmin olunması üçün müvafiq proqramlar qəbul və icra edilib: “Eyni zamanda, bir sıra digər addımların atılmasına da ehtiyac var. Bunlardan biri məhz vergi yükünün azaldılması ilə bağlıdır. Bundan əlavə, ümumiyyətlə, regionlarda resursların, ələlxüsus da torpaq və su resurslarının daha səmərəli istifadə olunması üçün hesab edirəm ki, bir qədər də effektiv addımların atılması regional iqtisadi inkişafı daha da dəstəkləmiş olardı”.
Röya İsrafilova