“Türk dünyası özünün şahlanış dövrünü yaşayır” Cəmiyyət

“Türk dünyası özünün şahlanış dövrünü yaşayır”

“Türk dünyası özünün şahlanış dövrünü yaşayır. Türk Dövlətləri Təşkilatının (TDT) timsalında Türk dünyasının daha da irəli aparılması qlobal məkanda aparıcı faktorlardan biri olması üçün mühüm addımlar atılır, uğurlu siyasət həyata keçirilir. Bu işlərdə Qeyri-Hökumət Təşkilatlarının (QHT) , türk dövlətlərinin vətəndaş cəmiyyətləri institutlarının da fəallıq göstərməsi bizi çox sevindirir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

N.Azəri bildirib ki, bu gün Türk dünyasında müxtəlif istiqamətlər üzrə aparılan işlərdə QHT sektorunun da ön sırada getməsi həm sevindirici, həm də qürurvericidir: “Sevindiricidir ona görə ki, biz artıq türk dövlətlərinin içərisində hər bir kəsin gələcəyimiz üçün əlini daşın altına qoyduğunu görürük. O cümlədən, vətəndaş cəmiyyəti institutlarının da Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi üçün fəallıq göstərdiklərinin şahidi oluruq. Bu, təbii ki, sevindiricidir. Çünki artıq vətəndaş cəmiyyəti digər sahələrdə olduğu kimi bu sahədə də məsuliyyətini dərk edir və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün lazım olan fəaliyyəti sərgiləyir”.

O əlavə edib ki, məsələnin qürurverici tərəfi isə onun özünün də məhz QHT rəhbəri olması və məhz QHT camiəsində təmsil olunmasıdır: “Bildiyiniz kimi ötən həftə Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu keçirildi. Bu, iki qardaş ölkənin QHT-ləri arasında keçirilən sayca ikinci əməkdaşlıq formu idi. Birinci forum ötən il işğaldan azad edilmiş Füzulidə keçirilmişdi. İkinci forum isə dekabrın 5-də Daşkənddə keçirildi. Həm formun özü, həm də forum çərçivəsində iki qardaş ölkənin müxtəlif sahələri əhatə edən QHT-ləri arasında imzalanan ikitərəfli əməkdaşlıq sazişləri olduqca mühüm əhəmiyyət kəsb edir və gələcəyə böyük ümidlə baxmağa bizdə əsas yaradır. Ən əsası isə hesab edirəm ki, bütün bu atılan addımlar, keçirilən forumlar Azərbaycanın dövlət olaraq Türk dünyasına daha dərindən inteqrasiyasında apardığı siyasətə Azərbaycan QHT sektorunun da adekvat reaksiyası verməsini ortaya qoyur. Yəni görünən odur ki, Azərbaycanın QHT sektoru cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini əsas tutaraq o istiqamətdə inamlı addımlar atır”.

Sonda N.Azəri Özbəkistanda imzalanan əməkdaşlıq memorandumlarının, o cümlədən keçirilən forumun Orta Asiyanın digər türk dövlətləri ilə Azərbaycan arasında oxşar əməkdaşlıqların qurulması üçün də təkan rolunu oyanayacağına əmin olduğunu vurğulayıb.

Röya İsrafilova