Bakının tıxac dərdi: problemin kökü və çıxış yolları Cəmiyyət

Bakının tıxac dərdi: problemin kökü və çıxış yolları

İlqar Hüseynli: “Metrobus və tramvayların tətbiqinə ehtiyac var”
Yasin Mustafayev: “Bakının yollarında əsasən üç məqamda vəziyyət çətinləşir”
Aslan Əsədov: “Şəhər infrastrukturunun mükəmməlliyi vacib elementlərdən biridir”

Bakıda məskunlaşma artıqca, avtomobillərin sayı da çoxalır. Bu həm də şəhərdəki sıxlığın, tıxacların hər il əvvəlkindən daha çox olmasına səbəb olur. Bundan əlavə, payız və qış fəslində yağışlı, qarlı havalarda şəhərin bir çox küçələrində və prospektlərində əksər zaman nəqliyyatın hərəkəti, ümumiyyətlə, iflic vəziyyətdə olur. Bəzən güclü yağış zamanı küçələr su ilə dolduğu üçün nəqliyyatın hərəkəti iflic olur. Bu problemlər nəticəsində tez-tez qəzalar baş verir.
Problemin həll edilməsi üçün hansı addımlar atılmalıdır? Mütəxəssislər “Xalq Cəbhəsi”nə problemin kökü və çıxış yolları barədə danışıblar.
Nəqliyyat eksperti İlqar Hüseynli xüsusilə yağışlı, qarlı havalarda nəqliyyatın hərəkətinin bərbad vəziyyətdə olduğundan danışıb. O, qeyd edib ki, bu gün tıxaclar çox ciddi problemə çevrilib: “Nəqliyyatın intensiv hərəkəti üçün normal yol infrastrukturu olmayanda tıxaclar baş verir. Düzdür, normal asfalt yollarımız da var”.
O, digər səbəb kimi Bakının meqapolisə çevrilməsi və regionlarda işsizlikdən əziyyət çəkən insanların Bakıya cəmlənməsini göstərərək bildirib ki, Bakıda nəqliyyat vasitələri insanların sayı və tutumunu qarşılaya bilmir.

“Bakı şəhərinin yükü azaldılmalıdır”

İ.Hüseynli qeyd edib ki, ya yollarda genişləndirmələr edilməli, ya da bu istiqamətdə yeni islahatlar həyata keçirilməlidir. Ekspert bunun üçün ictimai nəqliyyat sahəsində metrobusların, tramvayların tətbiqini təklif edib: “Bu, böyük bir işdir. O baxımdan yağışlı vəziyyətdə onsuz da nəqliyyatın intensiv hərəkətinə mane olan faktorlardan biri yağış, qar, təbii şəraitdir. Təbii şərait və Bakının özünün infrastruktur imkanları üst-üstə gələndə bu, daha dözülməz hala çevrilir. Bilirsiniz ki, su kanalzasiya sistemlərinin özü də normadan artıq yüklənib yağış sularını daşımaqda çətinlik çəkir və yollarda geniş gölməçələr, hətta bəzən göllər müşahidə edilir. Bunlar hamısı nəqliyyatın təhlükəsizliyinə və həm də intensiv hərəkətinə yaratdığı ciddi maneələrdir. Nə vaxta qədər bu, davam edəcək proqnoz vermək çətindir. Bunun yeganə mümkün yolu Bakı şəhərinin yükünün azaldılmasıdır. Bununla da bağlı bizim dəfələrlə kifayət qədər böyük sayda fikirlərimiz, təkliflərimiz olub. Təəssüflər olsun ki, bugünədək heç biri nəzərə alınmayıb”.

“Əsasən üç məqamda Bakının yollarında vəziyyət çətinləşir”

Nəqliyyat üzrə eskpert Yasin Mustafayev isə əsasən üç məqamda Bakı şəhərinin yollarında vəziyyətin çətinləşdiyini vurğulayıb: “Birincisi, yağışın güclü yağması, yəni bir aylıq normanın bir neçə dəqiqə ərzində yerə düşməsi nəticəsində. Bu, hər yerdə - dünyanın ən inkişaf etmiş ölkəsində də, infrastrukturu güclü olan şəhərlərdə də baş verir”. O bildirib ki, belə olan halda bir anda küllü miqdarda yağıntı düşür və bu da selə, tıxaclara, su qəbuledici qurğularda tıxanmalara səbəb olur və küçələri su basır: “İkinci məqam isə infrastruktur ilə bağlı problemlərdir. Yəni infrastruktur zəif olur. Su qəbuledici qurğular, kollektorlar və s. bunlar da normaya, standarta uyğun olmayanda belə hallar baş verir. Üçüncü hal isə həmin su qəbuledici qurğuların və ya kollektorların başqa cisimlər tərəfindən tutulmasıdır. Onların gözləri, axan hissələri əski parçası, yapraq, plastik qablar və s. ilə tutulur və nəticədə yağıntı zamanı sel suları küçəni götürür. Bizdə bu halların üçü də baş verir”.
Y.Mustafayev bu problemin qarşısının alınması haqqında da danışıb: “Müvafiq qurumlar requlyar şəkildə bu qurğulara baxış keçirməlidir, onların təmizlənməsini, saz vəziyyətdə olmasını, infrastrukturu zəif olan yerlərdə isə su qəbuledici qurğuların quraşdırılması və kollektorların çəkilməsini həyata keçirilməlidir”.

“Yeni texnologiya və infrastruktur ilə...”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov şəhər infrastrukturunun kəmiyyət və keyfiyyət göstəricilərindən birinin də ümumi olaraq təbii fəlakətlər zamanı infrastrukturun sığortalanması olduğunu bildirib: “Yağış, qar, küləkli havalarda yol nəqliyyat hadisələrinin baş verməməsi, insanların xəsarət almaması və digər xoşagəlməz halların baş verməməsi üçün şəhər infrastrukturunun mükəmməlliyi vacib elementlərdən biridir”. A.Əsədov qeyd edib ki, amma biz bunu konkret olaraq Bakı şəhərinə şamil etsək, onda bu qənaətə gəlmiş oluruq ki, Bakı Şərq üslubunda inşa edilib və müəyyən zamanlarda bir neçə il baş planı dəyişdirilib: “Ümumiyyətlə, baş plan əsasında yox, xaotik bir plan əsasında əsasən Sovet illərində şəhər infrastrukturunda kanalzasiya çirkab sularının axıdılması və idarə olunması üzrə bir konsepsiya yox idi. Müstəqillik qazanandan sonra bu, infrastruktur yeniləndi, inkişaf etdi. Yəni binalar inşa olunmağa başladı, məskunlaşma artdı. Ona görə də yeni qurulan infrastruktur əvvəlkinin üzərində formalaşdırıldı. Bir növ yüklənmə artdı”.
Ekspert bildirib ki, onun üçün də artıq bu infrastrukturu söküb, yenisini çəkmək real görünmür: “Burada maddiyyatdan söhbət getmir. Həmin ərazilər elə bir infrastrukturda yerləşir ki, onun sökülməsi, qurulması maddiyyatdan əlavə, böyük dağıntılara, söküntülərə rəvac verə bilər. Ona görə də bu, real deyil”.
A.Əsədov amma yeni texnologiya və infrastruktur ilə bunu qurmağın mümkün olduğunu dilə gətirib: “Yeni texnologiyalar inkişaf edib ki, bir neçə metr dərinliklərdə tunellərin, kanalların, qazma qurğuların inkişaf etdirilməsi , idarə olunması və çirkab suların təmizlənərək müəyyən ərazilərə axıdılmasını təmin etmək olsun. Biz ona fikir versək görəcəyik ki, çirkab suları 5 Xəzəryanı ölkədən və Xəzərin sahilində olan şəhərlərdən birbaşa dənizə axıdılır, birbaşa olmasa da dolayısı ilə Xəzərə axıdılır. Ona görə də bu, ümumi olaraq problem halına gətirib çıxarır”.

Röya İsrafilova