Narkomanlığa qarşı mübarizəyə dair təlim keçirilib Cəmiyyət

Narkomanlığa qarşı mübarizəyə dair təlim keçirilib

24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasına dair təlim keçirilib. Təlimə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Mərkəzinin təmsilçiləri və 15-dən çox media qurumunun nümayəndələri dəvət edilib.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Dövlət Proqramının icra vəziyyəti ilə bağlı məlumat verib, adıçəkilən tədbirin hər il silsilə olaraq keçirilməsinin əhəmiyyət və təsirlərindən danışıb. N.Cavadov bildirib ki, bu cür tədbirlər yalnız ölkə miqyasında deyil, ümumdünya təşkilat və qabaqcıl dövlətlər tərəfindən də mütəmadi olaraq keçirilməkdədir.
Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanriverdi Aydınov çıxışı zamanı təlimin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, cəmiyyətin maarifləndirilməsində və məlumatların əlçatanlığında medianın müstəsna rolu var.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu təkcə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə yox, qanunsuzluğa aparan bütün istiqamətlər üzrə düzgün və mütəmadi təbliğatın əhəmiyyətindən bəhs etmiş, məlumatlara inamın artırılması istiqamətində işlər görülməsinin vacibliyini təlim iştiraçılarının diqqətinə çatdırıb.

Çıxışı zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev psixotrop maddələrdən asılılığın mütləq əksəriyyətinin uşaqlıq travmaları ilə əlaqəli olduğunu, bunun üçün məktəb və universitetlərdə tələbə və şagirdlərlə fərdi, o cümlədən vaildeynləri ilə də maarifləndirici görüşlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Afət Məmmədova çıxış edib, həmin insanlarda genetik ötürücülükdən daha çox qazanılmış vərdişlərin fəsadları olduğunu vurğulayıb. A.Məmmədova bu cür hallarda toplumun onlara yanaşmasının dəyişməli olduğunu, dəstək göstərilməsinin prosesə müsbət təsir göstərəcəyini vurğulayıb.
Təlim zamanı Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı mövzu ilə bağlı geniş təqdimat edib, mediada dərc olunan informasiyaların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi və mümkün cəza tədbirlərindən danışıb, beynəlxalq praktikada diqqətə alınan metodlardan bəhs edib.
Təlim media nümayəndələrini maraqlandıran sualların cavablandırılması və mövzu ilə bağlı müzakirələrlə davam edib.
Xatırladaq ki, adıçəkilən mövzuda görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın mütəmadi olaraq əməkdaşlıq etməkdədir.