Qarabağ Regional Təhsil İdarəsi əməkdaşlarının işdən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib Cəmiyyət

Qarabağ Regional Təhsil İdarəsi əməkdaşlarının işdən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib

Qarabağ Regional Təhsil İdarəsinin çoxsaylı əməkdaşının işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, il başlayandan regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.

"Qarabağ RTİ-də metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib. Metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilir", - məlumatda bildirilib.

Xatırladaq ki, sosial şəbəkə və mediada Qarabağ Regional Təhsil İdarəsinin 53 əməkdaşının işdən çıxarıldığı barədə məlumatlar yayılıb.