ƏSİLZADƏ PROFESSOR... Cəmiyyət
Vaqif Şadlinski- 85
Bizə Şadlinski soyadını Abbasqulu ağa sevdirib. Biz onun obrazında Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətləri tapdıq. Və yaddaşımıza Azərbaycan kişisinin nümunəsi kimi əbədi həkk oldu. Ümumiyyətlə mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərən əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Kübarlığı, alicənablığı ilə fərqlənən bu şəcərə Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərləri gələcək nəsillərə örnək və nümunədir. Bəli, Şadlinskilər nəslində elə bir insan yoxdur ki, bu şəcərəyə xas olan keyfiyyətləri özündə ehtiva etməsin. Necə deyərlər, hər biri görkəmli şəxsiyyət, Azərbaycan kişisinin bariz nümunəsidir…
Professor Vaqif Şadlinski də bu şəcərənin davamçısıdır, vücudunda bu soyun genini, damarlarında isə qanını daşıyır. Onunla cəmi bir dəfə- tibb elmləri doktoru, professor Vəli Əsmətovun illər öncə dəvət etdiyi övladının toyunda ünsiyyətdə olmuşam və hiss etmişəm ki, üz-üzə dayandığım şəxs sözün əsl mənasında əzəmətli, görkəmli kişilərdən biridir…
Deyir ki:- “Vətəndaş olmaq – Vətəninə sevgisini əməli ilə sübut etmək, Vətənin maraqlarına xidmət göstərmək, onun güclü dövlətə çevrilməsinə töhfə vermək deməkdir. Bir də deyir ki, vətəndaş olmaq – doğulduğun Vətəni, vətəndaşı olduğun dövləti, mənsub olduğun milləti sevmək deməkdir. Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən adam vətəndaş sayıla bilməz!..”
Soyuqqanlı görünsə də, rəftarında nə qədər ciddi olsa da əslində sevgi dolu və şəfqətli ürəyi var. Ağıllı və etibarlıdır. Ətrafında baş verənləri məntiqlə müşahidə edib, düzgün dəyərləndirməyi bacarır. Sakit və sadə insandır. İnsanlarla ünsiyyətdə mehriban, dostluqda isə çox diqqətlidir. Özünü reklamı xoşlamır, öhdəliklərini səbir və qayğı ilə yerinə yetirir- heç bir nümayişkaranəlik etmir...
Haqqında söhbət açdığım Vaqif Şadlinski 1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşıb. 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olub və oranı uğurla başa vurub. 1970-ci ildən isə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlayıb. O vaxtdan indiyədək bu tədris ocağında I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996-2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərib. Hazırda İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının professorudur...
“Müəllim tədris müəssisəsində təlim- tərbiyə prosesini yaradıcılıqla təşkil edə, həyata keçirə bilirsə, deməli, o, gənc nəslin gələcəyin nümunəvi vətəndaşı kimi yetişməsində üzərinə düşən ən ağır, məsuliyyətli və şərəfli bir peşəni ləyaqətlə yerinə yetirə bilir. Lakin pedaqoji fəaliyyət zamanı bu missiyanı reallaşdırmaqda çətinlik çəkirsə, tələbələrə qayğını güzəştdə görürsə, necə deyərlər, yaxşı ilə yamana eyni gözlə baxırsa, onda təlim-tərbiyə prosesinin səmərəliliyi barədə danışmağa, yüksək uğurdan, müsbət nəticədən söhbət açmağa dəyməz. Ümumiyyətlə, pedaqoji proses elə qurulmalıdır ki, tələbə müəllim qarşısında daim gələcəyin ləyaqətli mütəxəssisi kimi öz məsuliyyətini dərk edə bilsin...”- söyləyir...
2009-cu ildən Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb. BMT-nın təltiflər şurası tərəfindən "I dərəcəli Hippokrat ordeni" ilə təltif olunub. Elə həmin il Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin akademiya tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.
2010-cu ildə Avropa Elmi Cəmiyyətinin rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində "Avropanın Fəxri Alimi" diplomuna və "Robert Kox adına medal"la təltif olunub.
2010-cu ildə prezidentin sərəncamı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. 2020-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 2022-ci ildən Prezidentin fərdi təqaüdünü alır...
Deyir ki:- “Mən DNK analizimi ABŞ-a göndərdim. Oradan cavab aldım ki, Şəddadi nəslinin nümayəndəsiyəm. Təkcə mənim məktubumla əlaqədar 5 nəfər bizim nəslin nümayəndəsi üzə çıxıb. İndi görün dünyada bu nəsildən olan nə qədər adam yaşayır. Bununla mən sübut etdim ki, Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi bizim nəsildəndir. Bununla bağlı tarixi faktlar da var. Mən istəyirəm ki, öz kökümü, keçmişimi dərindən öyrənim. Mənim övladlarım, nəvələrim də öz köklərini bilsinlər. Burada heç bir millətçilik və ya qohumbazlıq yoxdur. Hər kəs öz əcdadını, kökünü tanımalıdır...”
Bəli, yanvarın 24-ü işıqlı bir şəcərənin davamçısı, ləyaqəti, mərdliyi, kişiliyi, insanlığı ilə könüllərdə yuva quran profüssor Vaqif Şadlınskinin 85 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu