Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir Cəmiyyət

Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulan əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

- təkrar törədildikdə;

- külli miqdarda ziyan vurduqda;

- hədə-qorxu tətbiq olunmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, xeyli miqdar dedikdə 50 min manatdan 250 min manatadək olan məbləğ, külli miqdar dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Qüvvədə olan qanuna əsasən, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırda qüvvədə olan qanuna əsasən, “xeyli miqdar” dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.